Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi: “Əmək kitabçaları aktuallığını hələ itirməyib”


"Əmək müqavilələri üzrə elektron informasiya sisteminin işə düşməsi Azərbaycanda qeyri-leqal məşğulluğu minimuma endirəcək". Bu sözləri APA TV-də efirə gedən “Sosium” verilişinin qonağı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə deyib.

Onun sözlərinə görə, əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması üçün sahibkarlara 90 gün verilib: "3 ay müddətində bütün məlumatlar elektron informasiya sisteminə yerləşmiş olacaq. Əgər kimlərsə işçilər haqqında məlumatı gizlətsə, müqavilələri yerləşdirməsə, biz yenidən yoxlamalar aparıb, qüsurları aşkar edəcəyik. Hər kəs bilməlidir ki, cərimələr yetərincə yüksəldilib. Sahibkarlıq fəaliyyəti ilə məşğul olanları 3 min manatdan 5 min manata, fiziki şəxsləri isə 20 min manata qədər cərimə gözləyir. Xeyli sayda işçini elektron qeydiyyata almayan sahibkarı isə 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir".

Əmək kitabçalarının tamamilə yığışdırılmadığını deyən xidmət rəisi hələ bir müddət köhnə və təzə sistemin paralel işləyəcəyini bildirib: "Bəziləri elə hesab edir ki, əmək kitabçaları tamamilə yığışdırılır. Xeyr, bu gün əmək kitabçaları aktuallığını itirməyib, hələ də qeydlər aparılır. Müəyyən illər var ki, həmin müddətlər üzrə insanların stajı yalnız əmək kitabçalarındadır. Gərək o informasiyaların hamısı elektron informasiya sisteminə köçürülsün ki, əmək kitabçalarına ehtiyac qalmasın. Bir sözlə elektron informasiya sistemi tam qüvvəyə mindikdən sonra əmək kitabçası əhəmiyyətini itirəcək".

O ki qaldı, elektron informasiya sistemindən istifadə qaydasına Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə deyir ki, sistem yetərincə sadədir: "İşə götürən tərəf müqaviləni sistemə yerləşdirir və təsdiqini gözləyir. Əslində 3 gün müddətinə təsdiq edilməli olsa da, biz çalışırıq həmin müqavilə operativliyə görə gün ərzində təsdiqlənsin. Hər bir işçi elektron portal üzərindən öz sənədlərinə istənilən vaxt baxa biləcək. İşçinin şəxsiyyət vəsiqəsinin son 8 rəqəmi parol olaraq ona təqdim olunur. Burada məlumatların təhlükəsizliyi də ciddi şəkildə təmin olunur. Başqaları haqqında məlumat toplamaq mümkün olmayacaq. Hər kəs yalnız şəxsi məlumat bazasına baxa bilər".

"Yeni sistemlə əmək kitabçası arasında əsas fərq və üstünlük nədir?" sualını Fuad Əlizadə belə cavablandırıb: "Əvvəllər işəgötürənlə işçi arasında bağlanan müqavilə elə həmin gündən qüvvəyə minirdi. İndi belə olmayacaq. Həmin müqavilə sistem tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minmiş hesab ediləcək. Bundan əlavə əvvəllər kimlərsə bir neçə yerdə əmək kitabçasına staj yazdırırdı. Yeni sistemdə bu imkanlar yoxdur. Sistemdə konkret olaraq, hər kəs üçün əsas və əlavə iş yeri bəndi var. İki və ya üç yerdə staj yazılması mümkün deyil. Əlbəttə ki yeni sistemin üstünlüklərindən biri də qeyri-leqal məşğulluğun aradan qaldırılmasına köməklikdir. Bundan sonra işə girmək istəyənlər də haqlarını tələb etməlidir. Əldə sənəd olmayan işçinin əmək hüquqlarını qoruya bilmirik. Ona görə də insanlar öz işlərini rəsmiləşdirməlidir".
 

Müəllif | Apa.Tv