Zemfira Mustafayeva: “Azərbaycanda yanvar-fevral aylarında 28 qadın fiziki zorakılıqdan dünyasını dəyişib”
2014-cü ilin yanvar-fevral aylarında 28 qadın fiziki zorakılıqdan dünyasını dəyişib. Bu rəqəmi APA TV-də efirə gedən “Sosium” verilişində “Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım” İctimai Birliyinin sədri Zemfira Mustafayeva açıqlayıb.
Onun sözlərinə görə, ailədə zorakılıq ucbatından kənddən şəhərə qaçan qadınların sayı günü gündən artır: "Qadına qarşı zorakılıq bizdə həmişə olub, amma qadını öldürmək həddinə çatdırma bu qədər olmayıb. Cəmi iki ay ərzində 28 qadının fiziki zorakılıq səbəbindən dünyasını dəyişməsi dəhşətli bir tendensiyadır. Deməli, narahat olmağa əsaslar var. Bu gün Masallı, Quba, Qusar və s rayonlardan və kəndlərdən sığınacaq istəyənlər var. Elə olur ki, bir və ya iki uşaqlı qadınlar bizə pənah gətirirlər ki, heç olmasa ərinin zorakılıqlarından canını qurtarsın. Biz də icra hakimiyyəti və digər qurumlar vasitəsi ilə onlara sığınacaq təşkil edirik. Zorakılığa daha çox gənc qadınlar məruz qalır”.
Azərbaycanda qadınlara qarşı daha çox fiziki və seksual zorakılıqların baş verdiyini deyən Zemfira Mustafayeva zorakılıqların şəhər və kəndlər üzrə fərqli şəkildə qeydə alındığını vurğulayıb: "Zorakılığın müxtəlif növləri var. Fiziki, mənəvi, psixoloji, iqtisadi və seksual zorakılıq. Azərbaycanda bunlardan ikisi daha geniş yayılıb. Fiziki və seksual zorakılıq. Seksual zorakılıqlar daha çox şəhərlərdə baş verir. Yəqin ki, burada texnoloji imkanların, kompüter və internetin təsiri böyükdür. Fiziki zorakılıqlar isə ən çox bölgələrdə, əsas da cənub bölgəsində baş verir. Bu da məlumatsızlıqdan, savadsızlıqdan irəli gəlir".
Qadınlara qarşı zorakılıqların baş vermə səbəblərinə gəldikdə isə mütəxəssis deyir ki, səbəblər hər gün çoxalır: "Sosial iqtisadi durum, mənəvi psixoloji basqılar artdıqca bu hallar da artacaq. Bu gün ailələrdə baş verən zorakılıqlar təkcə ər-arvad münasibətlərindən qaynaqlanmır. Məsələn, bu gün qadına qarşı zorakılıq daha çox gənc ailələrdə olur. Bəzən qızlar tez ailə qururlar və valideynlər qıza necə bir qadın olmağı yaxşı öyrətmədiyindən problemlər baş qaldırır. Çox vaxt belələri təkcə ər tərəfindən yox, həm də ailə üzvləri tərəfindən zorakılığa məruz qalır. Bundan əlavə müasir dövrdə kişilər çox aqressiv olublar. Qadınlar isə hər şeyi həzm etmir. Müasir qadınlar azla qane ola bilmirlər”.
Ortaya atılan "gender bərabərliyi" söz-söhbətinin bəzən ailələrdə problemlərə səbəbə olduğunu deyən Zemfira Mustafayeva hesab edir ki, bəzi qadınlar öz yerini bilsə, zorakılıqlar azalar: "Çox təəssüflə deyirəm ki, bu gender məsələsi bəzən səhv başa düşülür. Gender bərabərliyi kişi-qadın bərabərliyi deməkdir. Gərək qadınlar anlasınlar ki, cəmiyyətdə hansı mövqe tutmalarından asılı olmayaraq, evin lideri onun həyat yoldaşıdır. Evin böyüyü bir nəfər olar, o da kişi. Bu gün köhnə və yeni ailə modelinin toqquşması da zorakılığa səbəb olur. Bizim gözəl milli ailə modelimiz var. Onu qoruyub saxlamaq lazımdır. Çünki milli ailə modelimizdə böyüyə hörmət və ailəyə dəyər vermək var".