ETSN rəsmisi: “Siyəzəndə yanğın nəticəsində Meşə Fonduna dəymiş ziyan hesablanır”


Siyəzəndə baş verən yanğın hadisəsi nəticəsində Meşə Fonduna dəymiş ziyan hesablanır. Bu barədə APA TV-də efirə gedən "Sosium" verilişində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanov bildirib.

Onun sözlərinə görə, yanğın nəticəsində ziyan dəymiş 5 hektarlıq meşə zolağında yanan ağacların çoxu şam ağacı olub: "Mütəxəssislər tərəfindən araşdırma aparılır və dəymiş ziyan hesablanılır. Hesabata görə, cərimələr təyin ediləcək. Ümumilikdə 30 ağac yanıb. Əsasən şam və iydə ağaclarına ziyan dəyib. İlkin məlumata görə, yanğın baş verən 5 hektarın 3 hektarı şam ağacıdır. Amma oduncaq itkimiz yoxdur".

Bu hadisənin iki il ərazində Meşə Fondu ərazisində baş verən birinci hadisə olduğunu deyən sektor müdiri bildirib ki, belə yanğınların qarşısını almaq üçün nazirlik böyük bir ərazidə təhlükəsizlik zolaqları salıb: "Meşə Fondunun əraziləri digər mülkiyyətçilərlə həmsərhəddir. Şəxsi və bələdiyyə torpaqlarında baş verən yanğınların meşələrə keçməsi ehtimalı yüksəkdir. Əsasən taxıl biçinindən sonra yanğın təhlükəsi yüksəlir. Ona görə də bu mövsümdə gücləndirilmiş iş rejiminə keçirik. Geniş bir ərazidə yeri şumlayaraq təhlükəsizlik zolaq çəkmişik ki, qonşu ərazilərdə baş verən yanğınlar meşə ərazisinə keçməsin".

Ağaclara dəyən ziyana görə təyin olunan cərimələrin miqdarını az hesab edən Sadiq Salmanov hesab edir ki, bu məsələyə yenidən baxılmasına və cərimələrin qaldırılmasına ehtiyac var: "Bu məsələyə yəqin ki gələcəkdə baxılacaq. Cərimələr artırılmalıdır. Hazırda cərimələr ağacların hündürlüyü, diametri və kubmetrinə uyğun hesablanır. Tutaq ki, bir hektar ərazidə 40 diametrdə olan 50 ağac yanıb. Bunun cəriməsi haradasa 12-14 min manat edir".

Hər il 11 min hektara yaxın ərazidə meşə bərpa tədbirlərinin aparıldığını deyən sektor müdiri Sadiq Salmanov bildirib ki, bunun 3500 hektarı açıq ərazilərdə salınmış yeni meşəlik və yaşıllıqlardır.

Meşələrdə qanunsuz ağac kəsiminə gəldikdə isə son illər bu problemə qarşı mübarizə tədbirləri gücləndirilib. Sektor müdirinin sözlərinə görə, son 10-15 ildə qanunsuz ağac kəsimi faktları 2,5 dəfə azalıb: "Əgər 2001-ci ildə respublika ərazisində 49-50 min kubmetrə yaxın qanunsuz ağackəsmə halları vardısa, hazırda bu rəqəm 24 min kubmetrə çatıb. Bunun da nəticəsində idxal olunan ağac və ağac materialının miqdarı xeyli dərəcədə artıb. 2002-2003-cü illərdə idxal 30-40 milyon dollar civarında idisə, 2013-cü ildə bu rəqəm 150 milyon dolları keçib".

Sadiq Salmanov deyir ki, bununla bağlı nazirliyin iş adamlarına maraqlı və eyni zamanda çox sərfəli təklifi olub: "Amma təəssüf ki, bu təklifə maraq azdır. Nazirlik dəfələrlə müraciət edib ki, gəlin qısa dövriyyəli plantasiyalar salın. Açıq sahələrimiz var. Kim istəyirsə 5-10 hektar götürüb, qovaq və ya akasiya kimi ağaclar əkə bilər. Qovaq ağacının bir hektarı 500-600 kubmetr taxta verir. Bu istənilən halda iş adamları üçün sərfəlidir".

O ki qaldı mavi yanacaq olmayan bəzi ucqar kəndlərin qışda oduncaqla təminatına, bu sarıdan problemlər qalmaqdadır: "Qırılmış, aşmış ağacların hesabına biz ilk növbədə belə ərazilərdəki məktəbləri, tibb ocaqlarını və hərb hissləri odunla təmin etməyə çalışırıq. Yalnız bundan sonra güzəştli ailələr gəlir. Amma elə olur ki, quru ağac az olduğuna görə təminat zəif olur. Bilirsiniz, əgər kənd əhalisi yerə yıxılmış ağacı evə gətirsə, bu, onlara bəs edər. Qışda qar yağandan sonra yerə yıxılan yaşlı ağaclar çox olur".

Müəllif | Apa.Tv