Adil Aslanov: “Sovet ordusu Lənkərandan çıxarkən minaları sahildəki çuxurlara basdırıb”
Azərbaycanda 675 mindən çox mina və partlamamış hərbi sursatlar tapılaraq zərərsizləşdirilib. Bu rəqəmi APA TV-də yayımlanan “Sosium” verilişində Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş əməliyyat mütəxəssisi Adil Aslanov açıqlayıb.
Onun sözlərinə görə, zərərsizləşdirilən mina və partlamamış hərbi sursatlar cəbhə boyu ərazilərdə deyil, daha çox keçmiş sovet ordusunun vaxtı ilə yerləşdiyi ərazilərdə aşkarlanıb: " Biz Saloğlu və Ceyrançöl layihəsi çərçivəsində çox böyük ərazilərdə əməliyyatlar həyata keçirmişik. Uğurlu işlərimiz olduğuna görə NATO əməkdaşlığı davam etdirmək qərarına gəldi. Cənubi Qafqazın ən böyük poliqonu bu layihələrə əsasən araşdırıldı və külli miqdarda silah-sursat aşkarlandı. Ağ göl ətrafı və Gürcüstanla sərhəd ərazilərdən tutmuş Samux rayonuna qədər, Gədəbəydən, Qazaxdan başlayaraq Göygöl, Goranboy rayonların ərazilərinə kimi əməliyyatlar həyata keçirdik”.
Son əməliyyatların ən maraqlı tapıntısının Lənkəran ərazisinə düşdüyünü deyən Adil Aslanovun sözlərinə görə, dəniz sahilindən onlarla tank əleyhinə mina aşkarlanıb: "Lənkəran icra hakimiyyətinin müraciəti ilə biz əməliyyata başladıq. Üzdə olanlar da vardı, çuxurların arasında görünməyən yerlərdə gizlənən də. Çox riskli bir əməliyyat idi. Məlum oldu ki, rusların bu bölgədə böyük bazaları olub və onları ərazini tərk edib gedərkən həmin partlayıcıları çuxurlara töküblər. Dəniz suyunun qalxması nəticəsində rusların qoyub getdiyi həmin sursatlar su altında qalıb. Hələ əməliyyat aparılası yerlər çoxdur. Rusların Səngəçaldan başlayaraq Mərəzəyə qədər hərbi sursatları qalıb, Güzdək qəsəbəsi yaxınlığında 22 anbar olub. Elə ərazilər var ki, orada maqnit minalarına rast gəlmişik, C-4 markalı partlayıcı maddələr tapmışıq. Bunlar çox təhlükəli sursatlardır".
Son illər aparılan maarifləndirmə işi və gerçəkləşdirilən əməliyyatlar nəticəsində minadan partlayışların və insan itkisinin sıfıra endiyini deyən ANAMA-nın baş əməliyyat mütəxəssisi insanları yenə də ehtiyatlı olmağa çağırıb: "Çünki hələ də təhlükə var. Gözdən yayınan və əməliyyatlar aparılmayan ərazilər var ki, orada partlamamış sursatlar ola bilər. Ona görə də hər bir vətəndaş diqqətli olmalı, şübhəli bildiyi məqamlarla bağlı bizi tez məlumatlandırmalıdır. Məsələn, bu yaxınlarda Füzuli rayonun Horadiz qəsəbəsində bir məktəbli dəmir yolunun kənarında tank əleyhinə mina tapmışdı. Həmin məktəbli dərhal valideynlərinə, valideynləri də bizə xəbər verdilər. Həmin minanı zərərsizləşdirdik və məktəblini mükafatlandırdıq ki, digər insanlarda maraq oyadaq. Ümumiyyətlə çalışırıq insanlar arasında maarifləndirmə işini artıraq. Nəzərə almaq lazımdır ki, erməni təxribatı davam edir. Xatırlayırsınızsa, Tovuzda uşaq oyuncağı partlamışdı. Ermənilər oyuncağın içinə partlayıcı yerləşdirib, çaya atmışdı. Ağçakənddə adi vedrənin içərisində əldəqayırma minaya rast gəlmişdik. Təsəvvür edin, qaz balonunun içərisinə 20 santimetrlik mismarlar dolduraraq, basdırmışdılar. Bu mismarların hər biri ölüm deməkdir".
Fəaliyyətə başladıqları gündən bu günə qədər cəmi bir əməkdaş itirdiklərini deyən Adil Aslanov deyib ki, ANAMA-da işləmək riskli olsa da, iş üçün müraciət edənlərin sayı gündən günə artır: "Bu gün artıq ANAMA-nın 600-dən artıq əməkdaşı var. Cəmi bir əməkdaşı itirmişik, bir nəfər də Ağstafa ərazisində əməliyyat zamanı ağır yaralanıb. İşimizin riski böyükdür. Amma işləmək istəyənlər çoxdur. İşçiləri əsasən cəbhəboyu ərazilərdən seçməyə çalışırıq. Kimliyindən asılı olmayaq hər bir insanı işə götürə bilərik. Əsas şərt odur ki, hərbi xidmət keçmiş olsun, cinayət işi olmasın və s. İşə götürdükdən sonra 40 gün təlim keçirik, 3 ay az təhlükəli ərazilərdə işləyirlər. Yalnız təcrübə topladıqdan sonra riskli ərazilərə göndəririk. Riski azaltmaq, ehtiyat tədbirlərini gücləndirmək üçün təlimlərin sayını artırdıq. Hər səhər təhlükəsizlik üçün brifinq keçiririk. Uzun müddət torpaq altında qalan sursatların nə vəziyyətdə olduğunu söyləmək çətindir. Ona görə çox diqqətli olmaq lazımdır. Lakin bütün hallarda bu işi təşvişlə qarşılamaq olmaz, bu işin spesifikası belədir".
ANAMA-nın artıq bir çox ölkələr üçün mütəxəssis hazırladığını deyən Adil Aslanov indiyə qədər Xorvatiya, Sloveniya, Türkiyə, Tacikistan, Əfqanıstan, İraq və Küveyt kimi ölkələrlə əməkdaşlıq etdiklərini bildirib: " Əfqanıstan, Türkiyə və Gürcüstan kimi ölkələrin zabitlərinə təlimlər keçmişik. Hal-hazırda Əfqanıstan polislərin mühafizə qruplarına təlimlərin verilməsi ilə bağlı müraciət edib. İraqdan daha bir maraqlı təklif gəlib. Ümumiyyətlə bu gün ANAMA-nın beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə əlaqələri yüksək səviyyədədir".