Attraksionlarda təhlükəsizliyə necə əməl olunur?

"Azərbaycanda əyləncə mərkəzləri və istirahət məkanlarında olan attraksionların təhlükəsizliyinə əməl olunmur". Bu fikirləri APA TV-də efirə gedən "Sosium" verilişində "Müstəqil Həyat" inkişaf və dəstək mərkəzinin direktoru Aydın Xəlilov söyləyib.

Onun sözlərinə görə, Zaqatalada baş verən sonuncu hadisə bunun əyani sübutudur: "Zaqatalada baş verən qəza daha faciəvi ola bilərdi. Bir neçə uşaq aşan karuselin altında qalıb, ölə bilərdi. Hadisənin bir nəfərin yaralanması ilə yekunlaşması böyük bir şans idi. 1970-ci ildən istifadədə olan bir karuselin bu qədər təhlükəli olması gözlənilən idi. Deməli ki, təhlükəsizlik sıfır səviyyədə olub, kadrlara baxanda aydın görünür ki, texnika çox köhnədir və onun istifadəsi təhlükəlidir. Xüsusilə bölgələrdə vəziyyət daha acınacaqlıdır. Attraksionların demək olar ki, 70-80 faizi sovet dövründən qalmadır. Onlar təcili sürətdə yığışdırılmalıdır".

Bir sıra təkliflər irəli sürən mütəxəssis deyib ki, ilk növbədə həmin attraksionlar yeniləri ilə əvəzlənməli və dərhal hamısı sığortalanmalıdır: "Bu gün Azərbaycandakı attraksionların əksəriyyəti sığortalanmayıb. Allah uzaq eləsin, yenə də bir hadisə baş versə, dəymiş ziyan batacaq. Bir sıra dünya ölkələrində bu cür attraksionlar küllü məbləğdə sığortalanır. Rusiya, Avropa ölkələri, ümumiyyətlə inkişaf etmiş bütün ölkələrdə sistem ciddi şərtlər altında işləyir. Azərbaycanda da bu sahəyə nəzarət gücləndirilməlidir. Dövlət tərəfindən bir sıra yeniliklər həyata keçirilməli, ən əsası qanunvericilikdə dəyişiklik olmalıdır".

Azərbaycanda gətirilən attraksionların əksəriyyətinin ikinci əl olduğunu deyən Aydın Xəlilov vurğulayıb ki, gözümüzə yeni və gözəl görünən bu avadanlıqlara da güvənmək düzgün deyil: "Bu gün Azərbayacana gətirilən attraksionların əksəriyyəti işlənmiş texnikadır. Gedirlər qonşu ölkələrə, oradan istifadə edilmiş attraksionları ucuz qiymətə alıb, bir balaca əl gəzdirib, sonra burada istifadəyə verirlər. İşlənmiş attraksionlar ölkəyə buraxılmamalıdır. Ümumiyyətlə ölkəyə avadanlıqların gətirilməsi zaman keyfiyyət sertifikatı olmalıdır. Hesab edirəm ki, bu sertifikat məsələsinə çox ciddi yanaşılmalıdır. Texnikanın yeni olması, onun sazlığından tutmuş işlədəcək işçiyə kimi bir sıra xidmətlər üzrə sertifikat təyin olunmalıdır. Əyləncənin bədbəxt hadisəyə çevrilməməsi üçün bunlar çox vacibdir".

Azərbaycanda attraksionların ən çox olduğu və insanların kütləvi axın etdiyi yer bulvardır. Verilişə telefonla qoşulan Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib ki, texnikaların işləkliyinə bir neçə istiqamətdən nəzarət edilir: "Bulvarda olan hər karuselə bir nəfər cavabdeh işçi var ki, texnikaya gündəlik nəzarət edir. Bundan əlavə Bulvar İdarəsinin tərkibində olan Milli Park Müəssisəsinin bir mühəndisi gündəlik bütün attraksion və karusellərə nəzarət edir. Eləcə də FHN-nin bu cür qurğulara nəzarət şöbəsi var ki, onların əməkdaşları il ərzində bir neçə dəfə gəlir və bütün avadanlıqları ciddi yoxlamalardan keçirirlər. Hətta akt tərtib edərkən növbəti dəfə nə vaxt bu avadanlığa baxış keçiriləcəyini qeyd edirlər. Bunlar hamısı rəsmi sürətdə aparılır və jurnallarda qeyd olunur".

Bulvar İdarəsi yaradılandan bəri ərazidə olan bütün köhnə avadanlıqların yığışdırıldığını deyən Nazim Məcidov heç bir attraksionun ikinci əl olmadığını vurğulayıb: "Bulvarda 40-a yaxın attraksion və karusel var. Məlumat üçün deyim ki, 2008-ci ildə Bulvar İdarəsi yaradılandan sonra bütün köhnə attraksionlar ərazidən çıxarıldı. Çünki onlar istismar müddətini başa vurmuşdu. Təhlükəli və səs-küylü idilər. 2008-ci ildən başlayaraq bulvara dünyanın ən inkişaf etmiş ölkələrindən ən təhlükəsiz, güvənli attraksionlar gətirilməyə başladı. Bulvar İdarəsi yaradıldığı gündən bəri çox şükür ki, hər hansı bədbəxt hadisə baş verməyib. Bulvara gətirilən bütün karusellər zavoddan bir başa sifarişlə gətirilir və istehsalçı şirkətdən təhlükəsizliklə bağlı tam zəmanət alırıq".

Bulvar ərazisində nəyinki attraksionların, hətta bütün oturacaqların sığortalandığını bildirən Nazim Məcidov deyib ki, əgər kimsə burada bir qəzaya düşərsə, sığorta şirkəti tərəfindən həmin insanın çəkdiyi xəsarətin dərəcəsinə uyğun olaraq maddi təzminat ödəniləcək.

Müəllif | Apa.Tv