Əkinçilik İnstitutunun şöbə müdiri: “Ən ciddi problemlərdən biri hər il eyni yerə taxıl əkilməsidir”
Ölkədə taxıl biçini yekunlaşmaq üzrədir. Artıq ölkə üzrə əkilən taxılın 75-80 faizi biçilib. Bu barədə APA TV-də efirə gedən "Sosium" verilişində Azərbaycan Elmi tədqiqat Əkinçilik İnstitutunun şöbə müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru İmran Cümşüdov məlumat verib.
Onun sözlərinə görə, bu il taxıl biçini ötən illərdən iki dəfə tez başa çatacaq: "Biçinin bu qədər sürətlə həyata keçməsinə səbəb bu il ölkəyə yeni kombaynların gətirilməsi oldu. Ümumilikdə 471 ədəd kombayn gətirilib ki, onlar da fermer, fiziki və hüquqi şəxslərə paylanılıb. Bu kombaynlar eyni zamanda keyfiyyətli biçin həyata keçirir, itkini minimuma endirir və növbəti becərmə əməliyyatına heç problem yaratmır. Keçən il taxıl biçini zamanı yaşanan problemlər bu il demək olar ki, hiss edilmədi".
Əkinçilik İnstitutunun mütəxəssisi deyir ki, əsas problemlər hələ aradan qalxmayıb: "Bu gün ən vacib məsələlərdən biri aqrotexniki tədbirlərin yerinə yetirilməməsidir. Fermerlərin əksəriyyəti taxıl becərmə prosesində nəzərdə tutulmuş 40-a yaxın aqrotexniki tədbirdən yarısını güclə yerinə yetirir. Bu istiqamətdə maarifləndirmə həyata keçiririk. Ümumiyyətlə yüksək nəticə əldə etmək üçün taxılçılıqda yeni texnologiyaların tətbiqinə başlanılmalıdır. Hər bir fermer maariflənmədən səmərəli bəhrələnməlidir. Məsələn, biz suvarılan bölgələr üçün fermerlerə təklif edirik ki, yeni səpin texnologiyasından istifadə etsinlər. Yeni səpin texnologiyası adi səpin üsulundan fərqli olaraq səpin normasına 40-50 faiz qənaət deməkdir. Eyni zamanda suvarma suyuna da qənaət etmiş olarlar. Bu xüsusi ilə su çatışmazlığı yaşanan bölgələr üçün əlverişlidir. Belə üsulla ən azıdan 20-30 % suya qənaət etmək olar".
Azərbaycanda taxılçılıqla bağlı ən ciddi problemlərdən biri hər il eyni yerə taxıl əkilməsidir. İmran Cümşüdov hesab edir ki, fermerlər nə qədər ki, növbəlik prinsipinə əməl etmir heç vaxt yüksək biçin əldə edə bilməyəcəklər: "Eyni yerə iki ildən artıq taxıl əkmək düzgün deyil. Növbəlik prinsipi təsərrüfatda çox önəmlidir. Məncə birinci növbədə növbəli əkin problemindən başlamaq lazımdır. Bütün bölgələrdə fermerlərimiz monokultura şəkilində, fasiləsiz buğdanı buğda yerinə, arpanı arpa yerinə əkirlər. Bu da xəstəliklərin, zərərvericilərin inkişafı üçün şərait yaradır. Buğda əkilən yerdə heç olmasa 2-3 ildən başqa şeylər əkmək lazımdır".