Azərbaycanın taxıl idxalına ehtiyacı artacaq
"Bu il rəsmi rəqəmlərdə 400 min ton az taxıl istehsal olunduğu bildirilsə də bizim hesablamalarımıza görə bu göstərici əsilində 600 min tona yaxındır". Bu sözləri APA TV-də efirə gedən "Sosium" verlişində kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov deyib. Onu sözlərinə görə bir sıra problemlər var ki, onlar həllini tapmadığı təqdirdə Azərbaycanın taxıl idxalına ehtiyacı bir qədər də artacaq: "Bu rəqəmlər onu deməyə əsas verir ki, taxılçılıqda ciddi geriləmələr var. Çünki uzun illərdir, əsas problemlər həllini tapmır. Növbəli əkin sisteminin qurulmamasından tutmuş toxumçuluğa, susuzluq, suvarma qaydalarından tutumuş zərərverici və müxtəlif xəstəliklərə, bir yerdə hər il eyni məhsulun əkilməsi səbəbindən torpağın keyfiyyətinin olduqca aşağı düşməsindən tutmuş texnikaya kimi sadalamaqla bitməyən problemlər və çətinliklər var. Hər il bunu deyirik, amma konkret işlər görülmür".
Bu il taxıl yığımında baş verən geriləmənin dağ çaylarının quruması, suvarma üçün çaylarda və kanallarda suyun az olması ilə əlaqələndirilməsinin doğru olmadığını deyən mütəxəsis bildirib ki, əsilində Azərbaycanın su potensiyalı olduqca yüksəkdir, sadəcə olaraq düzgün istifadə edilmir: "Su potensiyalımız 32 milyard kubmetrdi. Bu kifayət qədər çoxdur. Bunun bir hissəsi, 60-70 %-i Kür və Araz çaylarının hesabına formalaşır. Yerdə qalan hissəsi isə daxil imkanlarımız, yəni dağlardan gələn çaylar və yağış suyu hesabına formalaşır. Əgər biz sudan israfçasına istifadə etməsək bizim suvarmaya təlabatımız 4-5 milyard kubmetrdi. Statistikaya baxıram, maraqlı rəqəmlər verirlər. Hər il deyirlər ki, 8-7 milyard kubmetr su istifadə edilib. Bu rəqəmlər niyə iki dəfə artıqdır? Çünki suvarma işləri kor koranə aparılır, sistemsiz şəkildə qurulub. Necə olur ki, biz qədər məhsul istehsal edən İsrail ildə 1 milyar 100 milyon kubmetr su istifadə edir, biz isə 7-8 milyard kubmetr. Hələ onlardakı təbii şərait bizdəkindən qat-qat pisdir."
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov deyir ki, elə fermerlər var, hətta birinci suvarmanı belə həyata keçirə bilməyib: "Təsəvvür edin, keçən ilin noyabr ayında səpin apardıqları halda yaza kimi heç nə edə bilməyiblər. Birinci suvarma apara bilməyən fermer heç vaxt normal məhsul götürə bilməz. Amma yenə deyirəm, bu o demək deyil ki, hər şey suyun başındadır. Su olsa belə, Azərbaycanda məhsuldarlıq ildən ilə azalacaq. Nə qədər ki, düzgün siyasət aparılmır , vəziyyət dəyişməyəcək."
Bu il taxıl biçini üçün ölkəyə xeyli kombaynların gətirilməsinə, Kənd Təsərüfatı Nazirliyinin biçin üçün texnika probleminin aradan qalxdığını elan etməsinə baxmayaraq, mütəxəsis deyir ki, əsilində həmin texnikalar sahələrdə normal işləyə bilmədi və bu biçində yenə də itkilərə səbəb oldu: "Yeni kombaynlar gətirilməsinə baxmayaraq, texnika ilə bağlı problemlər keçən ildə var idi, bu ildə. Optimal biçin müddəti 10 gündür. Amma bu texnikalar 10 günə taxılı biçib, qurtara bilmədi. Taxıl sahələri kiçik olduğu üçün biçin müddəti uzandı və bu problem də məhsuladarlığa ciddi təsir etdi".
Mütəxəsis hesab edir ki, əsas problemlərdən biri də su anbarlarından düzgün istifadə edilməməsidir: "Düzdür, əksər rayonlarımızda su anbarları var. Amma təəssüflər olsun ki, onların bəziləri ya aidiyyatı üzrə işləmir, ya da işlək olsa da, düzgün idarə edilmir. Məsələn, Mingəçevir su anbarına bir neçə nazirlik və qurum cavabdehdir. Yəni, hərə öz profili üzrə istifadə etməyə çalışır. Bu, düzgün deyil. Nə qədər ki, vahid nəzarət, vahid idarəetmə olmayacaq, çətin ki, problemlər həll olunsun. Bundan əlavə, biz anbarlarda, çaylarda və kanallarda itkilərin qarşısını almırıq, suyu müəyyən yerə itkisiz toplamırıq. Məsələn hər il qış aylarında daşqınlar olur, güclü su axını olur, həmin suyu anbarlara toplasaydılar, builki kimi quraqlıq, su qıtlığı olanda problemlər yaranmazdı. Bu yenə də onu göstərir ki, iş düzgün qurulmalı, sistem yenidən işləməlidir".