Xilasetmə əməliyyatları zamanı 185 nəfər xilas edilib
"Çimərlik mövsümü başlayandan bu günə kimi 38 nəfər suda boğulub. Bu hadisələrin heç biri rəsmi çimərlik ərazilərində baş verməyib".
Bu barədə APA TV-də yayımlanan “Sosium” verilişində Dövlət Sularda Xilasetmə Xidmətinin təbliğat-təşkilat şöbəsinin müdiri Mənsur Piriyev bildirib.
Onun sözlərinə görə ölüm hadisələrin hamısı nəzarət olmayan su hövzələrində baş verib: "Xəzərin çimərlik üçün ayrılmamış ərazilərində, göllərdə ,çaylarda və kanallarda ümumilikdə 38 nəfər boğulsa da xilasetmə əməliyyatları zamanı 185 nəfərin həyatını xilas edilib. Xilas edilənlərin şansı onda gətirib ki, onlar icazə verilən yerlərdə çimiblər və təhlükəyə düşdükləri an xilasedicilər yaxınlıqda olub. Bilirsiniz, bəzən ölüm olan hadisələrdə xilasediciləri qınayırlar, amma hər kəs bunu bilməlidir: Xəzər dənizinin 825 km-lik sahil zolağına xilasedici düzmək mümkün deyil! 4 ildir ki, rəsmi çimərlik ərazilərində bir nəfər də olsun boğulmayıb. Deməliki, bəzi adamlar özləri istirahətlərinə səhlənkar yanaşırlar. İnsanlara istirahət mədəniyyəti aşılanmalıdır. İstirahət edən şəxs təhlükə başlayan anda istirahətini bitirməlidir. Bəzən xilasedicilər təhlükəli yerə üzən insanları xəbərdar edəndə onlara məhəl qoymurlar".
Ən dəhşətlisi odur ki, qadağan olunmuş ərazilərdə suda boğulma faktları zamanı azyaşlıların sayı xeyli artıb: "Bu il ərzində baş vermiş hadisələrin nəticələrini araşdırarkən görürük ki, valideyn məsuliyyətsizliyi var. Uşaqlar həyat təhlükəsizliyi ilə bağlı məlumatlandırılmalıdır. 5 azyaşlının dənizkənarında tək gəzməsi təhlükə mənbəyidir. Müraciətlərimiz xüsusilə valideynlərədir. Tək Xəzərdə deyil, respublikanın digər yerlərində də su hövzələri var. O ətrafda yaşayan insanlar övladları ilə bağlı daha diqqətli olmalı, azyaşlıları daim nəzarətdə saxlamalıdır. Bu il hər kəs gördü ki, belə diqqətsizlik bir neçə ailənin bütün uşaqlarını əlindən aldı".
Mənsur Piriyevin sözlərinə görə, bu gün də ölüm təhlükəsinin olduğu yerlərdən biri dəniz kənarında olan restoranlardır: "Dəniz kənarında kafe və restoranlar var ki, orda insanlar əylənərkən sərxoş halda dənizə girirlər. Elə yerlər var ki, hətta qayalıqdır. Amma başa düşmürlər ki, bu, onlar üçün çox böyük təhlükədir. Bəzi mövsümi kafelər də var ki, öz ərazilərində çimərlik açıb. Bunlar bəzən qanunsuz xidmət göstərir. Vətəndaşlar yayda Xəzərin şimal istiqamətinə, yəni Nabrana kütləvi axın edirlər. Hər kəs bilməlidir ki, orada təhlükəli ərazilər çoxdur".
Su hövzələrində artan təhlükəni nəzərə alaraq, qadağan olunmuş çimmərliklərlə bağlı daha sərt addımların atılmasının nəzərdə tutulduğunu deyən Dövlət Sularda Xilasetmə Xidmətinin şöbə müdiri bildirib ki, bu baxımdan yerli icra orqanlarının üzərinə düşən öhdəliklərin artacağı gözlənilir: "Yerli icra orqanlarında müəyyən öhdəliklər var. Biz monitorinq və müşavirələr təşkil edərkən onların öhdəliklərindən danışırıq. Belə bir hadisə baş vermişdi. Bakıdan qonaq gəlmiş iki azyaşlı uşaq kənddə balaca bir göldə boğuldu. Sahə müvəkkili orada müəyyən qadağanedici çəpər çəkə bilərdi. Əsilində belə hadisələrlə bağlı xarici ölkələrdə müəyyən inzibati cəzalar tətbiq olunur".
Son zamanlar maarifləndirmə işlərinin xeyli gücləndirildiyini deyən Mənsur Piriyev verlişin sonunda bir daha vətəndaşlara müraciət edib: "İdarəmizin 42 struktur bölməsi var. Postlar respublikanın müxtəlif yerlərində yerləşdirilib. Azərbaycanda istənilən su hövzəsində baş verən hadisələrlə bağlı FHN-nin 112 qaynar xətti zəng edin. Hadisə baş verən yerə dərhal xilasedicilər göndərilir. Bu il su hövzələrində, çimərliklərdə 600-ə yaxın lövhələr asılıb, 100 minə yaxın broşür paylanıb. Sosial çarxlar yayılır. FHN-nin saytlarında da maarifləndirici məlumatlar yerləşdirilir. Su hövzələri yaxınlığında yerləşən kəndlərdə, qəsəbələrdə yaşayan insanlara, valideynlərə müraciət edirəm ki, övladlarına nəzarəti artırsınlar".