Musa Cahanov: “Ebola virusunun yaxın zamanlarda və hətta bir neçə il ərzində Azərbaycana gəlmə şansı sıfıra bərabərdir”

 Bu sözləri APA TV-də efirə gedən "Sosium" verlişində Respublika Taun Əleyhinə Stansiyanın laboratoriya müdiri Musa Cahanov bildirib.

Onun sözlərinə görə, xəstəliyin Azərbaycan sərhədlərindən xeyli uzaqda tüğyan etməsi və ölkənin sərhəd keçid məntəqələrində həyata keçirilən ciddi nəzarət virusla bağlı narahatlığa əsas vermir: "Hal-hazırda sərhəd keçid məntəqələrində sanitar karantin məntəqələri var. Xüsusilə Afrikadan gəlmiş şəxslər üzərində ciddi müşahidələr aparılır. Şübhə olarsa, həmin şəxslər dərhal müayinə olunar, izolyasiya edilər və xüsusi mərkəzə göndərilər. Şübhəli şəxsin ciddi nəzarətə götürülməsi üçün hər bir şərait var. Xəstə ağciyər xəstəlikləri mərkəzində hospitallaşdırılır, Respublika Taun Əleyhinə Stansiyasında isə laborator müayinəsi aparılır".

Əvvəlki viruslardan fərqli olaraq “ebola” virusu daha sürətlə yayılan və daha sürətlə ölümə aparan bir xəstəlikdir. Musa Cahanov hesab edir ki, xarici ölkələrə, ən əsası Afrika ölkələrinə gedən insanlarımız çox ehtiyatlı olmalıdırlar: “Birincisi, belə bir zamanda kiminsə Qərbi Afrika ölkələrinə getməsi məsləhət deyil. Fikrimcə, hər kəs bu xəstəliyin əlamətlərini də bilməlidir: Bu xəstəlik əsasən meymunlardan yoluxan xəstəlikdir. Gəmiricilərdən də keçir. Əldə cüzi zədə olarsa keçir, heyvanın qanı ilə keçir, insandan insana keçir və s. Xəstə insan əlamətləri ortaya çıxdıqdan sonra təhlükəli sayılır. Qəflətən temperaturun yüksəlməsi, əzginlik, səpgilər, ishal, dalaq və qaraciyərdə problemlər, orqanizmin susuzlaşması, qusuntudan, xəstənin əşyalarından da yoluxma mümkündür. Xəstəliyin gizli dövrü 2-21 gündür".

Laboratoriya müdiri hesab edir ki, bu il Həcc ziyarətinə gedən insanların üzərinə böyük məsuliyyət düşür: "Düzdür, Həcc ziyarətinə gedən şəxslər arasında maarifləndirmə tədbirləri aparılır. Məndə olan məlumata görə, Qərbi Afrika ölkələrindən insanların Həcc ziyarətinə gəlməsi qadağan olunub. Buna baxmayaraq Həccə gedənlər ziyarət dövründə mütləq tibbi maskadan istifadə etməlidirlər. Şəxsi gigiyenik qaydalara riayət etmək, əlləri tez-tez yumaq və şübhəli şəxslərə qarşı ehtiyatlı olmaq, belə şəxslərdən uzaq durmaq məsləhət görülür".

Virusun heyvanlardan insanlara keçməsi ehtimalının da yüksək olduğu bildirilir. "Ölkəyə gətirilən iribuynuzlu heyvan ətləri ilə bu xəstəlik gizli şəkildə sərhədi keçə bilərmi?" - sualına qonağının cavabı birmənalı olub: "Sərhəd keçid məntəqələrində insanlar ciddi nəzarətdən keçdiyi kimi ölkəyə gətirilən heyvan ətləri də ciddi yoxlamadan keçir. Ətlər respublikaya daxil olmamış laborator analizi aparılır. Bu günə kimi nə bu ətlərdə, nə də ölkədə olan heyvanlar arasında şübhəli virus aşkarlanmayıb. Bir daha qeyd edim ki, Azərbaycanda epidemioloji vəziyyət sabitdir".
 

Müəllif | Apa.Tv