Kirayə ev bazarında qiymətlər 20 faiz bahalaşıb

Paytaxtın kirayə ev bazarında kəskin bahalaşma müşahidə olunur. Şəhərsalma ilə bağlı layihələr icra olunduqca bu problem daha da dərinləşir. Bu barədə APA TV-də efirə gedən "Sosium" verilişində "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin sədri Ramil Osmanlı məlumat verib.

Bu il kirayə ev bazarındakı vəziyyətin daha kritik həddə çatdığını deyən mütəxəssis hesab edir ki, bu problemin dövlət səviyyəsində həllinə ciddi ehtiyac yaranıb: "Bu problemi ayrı-ayrı şəxslərin hesabına həll etmək mümkün deyil. Bu, dövlət çərçivəsində həll olunmalıdır. Məsələn, təkcə "Sovetski" kimi tanınan yaşayış massivində yüzlərlə ev var idi ki, onların da 70 faizi tələbələrə kirayəyə verilirdi. İndi həmin evləri əvəzləyəcək evlər yoxdur. Buna bənzər bir çox yaşayış massivləri söküntüyə məruz qalır. Hesab edirəm ki, dövlət Azərbaycanda sosial kirayə və sosial mənzil fondunun yaradılması istiqamətində işlər görməli, sahibkarları bu işə cəlb etməli və bu sahədə müəyyən yeniliklər həyata keçirməlidir. Bu məqsədlə paytaxtda yataqxana tipli yaşayış obyektlərinin tikintisinə başlamaq olar”.

Hal-hazırda kirayə ev bazarında evlərin qiymətində 20 faizə yaxın artım var. Ramil Osmanlı hesab edir ki, oktyabra qədər bu artım 30 faizə çatacaq: "Qiymətlərə təsir edən amillər çoxdur. Əgər birinci səbəb şəhərsalma ilə əlaqədar bir neçə köhnə yaşayış massivinin söküntüsüdürsə, digər səbəb hər yay olduğu kimi, birdən-birə 30 minə yaxın tələbənin Bakıya axın etməsidir. Paytaxtda bunun üçün lazımı şərait yoxdur. Artıq tələbələr mərkəzdə yox, Bakı kəndlərində ev axtarmağa başlayıb. Bu gün yüzlərlə tələbə evsizlik ucbatında təhsil almaqda çətinlik çəkir".

Efirdə səslənən maraqlı fikirlərdən biri iqtisadçı ekspert Vüqar Bayramovun müsahibəsi olub.
Ekspertin müsahibəsində bildirib ki, kirayə ev bazarındakı qiymətlərə əcnəbilərin də təsiri böyükdür: "Azərbaycana il ərzində 2 milyon 400 minə yaxın xarici vətəndaş gəlir. Əgər əvvəllər gələnlərin əksəriyyəti otellərdə qalırdısa, indi uzun müddətə Bakıya səfər edən əcnəbilərin bir qismi kirayə evlərə üz tutur ki, bu da bahalaşmaya təsir edir".

Lakin iqtisadçı-ekspert Ramil Osmanlının fikrincə, əcnəbilərin kirayə bazarına təsiri payı heç 5 faiz də deyil: "Əcnəbi kimi qeydiyyata düşənlərin içərisində azərbaycanlılar çoxdur və onların əksəriyyətinin burda şəxsi evi var. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycana turizm məqsədilə üz tutanların çoxu rayonlara üstünlük verir. Burada problemlər başqadır və bu problemlərin həlli mümkündür. Nədənsə bizdə infrastruktur layihələrinə mənzil fondunun yaradılması istiqamətində layihələrdən daha çox üstünlük verilir. Lakin artıq bu sahəyə dövlət səviyyəsində diqqət və nəzarət olunmalıdır. Mənzil fondunun yaradılması məsələsi sırf sahibkarlıq subyektidir. Bunun üçün bazara yeni sosial obyektlərin daxil olması lazımdır. Məsələn dövlət tələbələr üçün iri yataqxanalar tikib, ucuz qiymətə təkliflər versə , kənarda şəxsi evlərini kirayə verən şəxslər qiymətləri aşağı salmağa məcbur olacaqlar".
 

Müəllif | Apa.Tv