Psixoloq Təhminə Çələbi: “İndi ər və arvad oturub problemi həll etmir, bir kənara çəkilib status paylaşır”

"Müasir texnologiyalar Azərbaycan ailəsində ünsiyyət problemi yaratmağa başlayıb. Psixoloqlara müraciət edən ailəli insanların əksəriyyəti həyat yoldaşı ilə ünsiyyət qura bilməməkdən şikayət edir". Bu sözləri APA TV-də efirə gedən "Sosium" verilişində psixoloq Təhminə Çələbi deyib.

Psixoloqun sözlərinə görə, təkcə kompüter, internet deyil, digər müasir əşyalar və texnikalar qadınla kişinin həyatdakı sosial rollarını dəyişməyə başlayıb: "Bu proses günü gündən daha da dərinləşir. Elə avadanlıqlar var ki, qadının evdəki bütün işlərini həll edir və beləliklə qadın gün ərzində boş-bekar qalır. Bu boşluğu doldurmaq üçünsə internet, sosial şəbəkələr çox əla fürsətə çevrilir. Həmin qadının başı ora elə qatışır ki, yemək bişirmək belə yaddan çıxır. Ümumiyyətlə bu kimi hallar ailələrdə bir çox problemlər yaradır".

Bu gün müasir ailələrin əksəriyyəti öz ailə problemini sosial şəbəkələrdə status şəkilində həll etməyə çalışır. Psixoloq Təhminə Çələbi hesab edir ki, belə hallar ailədə bir qədər normal qalan münasibətləri də puç edir: "Bəzi ailələrlə söhbət zamanı görürük ki, ər arvad arasında ümumiyyətlə ünsiyyət qalmayıb. Ənənəvi ailə modelimizdə hər hansı problem və ya anlaşılmazlıq olanda çox vaxt ər-arvad oturub, çatışmazlığı öz aralarında danışaraq həll edirdi. İndi bir-birlərinə heç nə deməyib, hərə çəkilib bir kənarda status paylaşır. Müasir ailələrdə ünsiyyət probleminin bu şəkildə dərinləşməsi Azərbaycanda boşanmaların sayına da təsir edir".

Müasir texnologiyaların ailələrə vurduğu zərbədən daha çox uşaqlar əziyyət çəkir. Psixoloqun sözlərinə görə, hətta qadınlar hamiləlik dövründən başlayaraq öz övladlarının sağlamlığına ziyan vurur: "Bu gün uşaqlarda autizm problemlərinə tez-tez rast gəlinir. Elə uşaqlar var ki, 5 yaşında hələ dil açmayıb. Bunların əsas səbəblərindən biri də hamilə qadınların günlərinin yarıdan çoxunu kompüter, televizor qarşısında keçirməsidir. Uşaq dünyaya gələndən sonra da bu cür yanlışlıqları davam etdirirlər. Hətta lay-layı belə körpələrə internetdən dinlədirlər, yemək yedizdirmək asan olsun deyə körpələrin qarşısına planşet qoyurlar. Birincisi, uşaqda bu şəkildə qidalanmaq bir vərdişə çevrilir. İkincisi, o uşaq nə yediyinin fərqinə varmır. Bu şəkildə yeməkdənsə yeməsə yaxşıdır. Hər bir valideyn bilməlidir ki, televiziya, planşet və ya kompüter qarşısında körpələr gün ərzində 20 dəqiqədən çox olmamalıdır".
 

Müəllif | Apa.Tv