Kardioloq Rafiq Yusifli: “Anomal istilərin ardınca şimal küləyinin əsməsi xəstə insanlara mənfi təsir edir”

“Bəzi insanlar isti hava şəraitində bir sıra qaydalara əməl etmədiyinə görə ciddi problemlərlə üzləşir. Hətta elə insanlar var ki, ölüm təhlükəsi ilə üz-üzə qalır”. Bu sözləri APA TV-də yayımlanan "Sosium" verilişində Kardiologiya İnstitutunun böyük elmi işçisi, tibbi elmləri namizədi, kardioloq Rafiq Yusifli deyib.


Onun sözlərinə görə, bu il Azərbaycanda gün vurmadan əziyyət çəkənlərin sayı daha çox olub: "Hər bir insan anomal hava şəraitdə nə etmək lazım olduğunu bilmir və nəticədə əziyyət çəkir. Bu gün xəstəxanada cəmi 37 yaşı olan bir nəfər var ki, gün vurmasından beynində qan dövranı pozulub. Bu çox təhlükəli bir diaqnozdur. Hər kəs bilməlidir ki, günəş altında ürək döyüntülərinin miqdarı artır. Bu isə qan təzyiqinin artmasına, ürək-damar çatışmazlığa səbəb olur. Günəş şüası artdıqca təhlükə bir az da yaxınlaşır".

Anomal istilərin ardınca Bakıda şimal küləyinin əsməsi də xəstə insanlara mənfi təsir edir. Kardioloq Rafiq Yusifli hesab edir ki, kəskin dəyişiklik yaşlı və bəzi xəstələrdə problemlər yaradır: "Havaların bu dərəcədə anomal keçməsi insanlarda adaptasiya prosesinə təsir edir. Bu, daha çox yaşlı və kiçik yaşlı insanlara daha çox təsir. Bu, ilk növbədə ürək-damar sisteminin işinə təsir edir. Məsələn, uşaqlarda ətraf mühitin temperaturuna uyğunlaşma mexanizmi hələ tam formalaşmadığından istidən soyuğa, soyuqdan istiyə keçid onların səhhətinə ciddi təsir edir. Ümumiyyətlə, valideynlər bu məqama diqqət etməlidir. Uşağı tez-tez kondisionerli otaqdan qəfil açıq havaya sonra da içəri gətirməklə xəstələndirə bilərlər".

Bəzi adamlar günvurma ilə istilik vurmanı qarışdırırlar. Tibb elmləri namizədi Rafiq Yusifli hesab edir ki, Bakı kimi hava şəraiti olan şəhərdə istilikvurma halları günvurmadan daha çox olur: "Günəşvurma və istilikvurma fərqlidir. İstilikvurma daha təhlükəlidir. Hətta günün altında olmayanda belə istivurma baş verir
Hava quru olsa, istilik az hiss olunur. Rütubətin olması tərləməyi çətinləşdir. Bu isə tər vasitəsilə istinin bədəndən çıxmasına mane olur. İqlim quruluşuna görə Bakının rütubəti çoxdur, havanın çirklənməsi daha sürətlə gedir. Ona görə də burada azacıq isti olan kimi halsızlaşırıq, tez tərləyirik. Bunu nəzərə alaraq, anomal istilər zamanı açıq havada çox olmamalıyıq".

Həkim günvurma zamanı ilkin tibbi yardımdan da danışıb. Onun sözlərinə görə, hər kəs günvurmaya məruz qalmış adama ilkin tibbi yardımı göstərə bilər: "İlk növbədə təcili yardıma müraciət etmək lazımdır. Lakin buna qədər xəstəyə çoxlu su vermək, üzünü və sinəsini soyuq su ilə yumaq lazımdır. Gün vurmuş adamlarda halsızlıq, başgicəllənməsi, qusma, temperaturun yüksəlməsi müşahidə olunur".

Tibbi elmləri namizədi, kardioloq Rafiq Yusifli verlişdə çıxışı zamanı günvurmdadan qorunmaq üçün necə geyinmək, nə cür qidalanmaq lazım gəldiyindən də danışıb...

Müəllif | Apa.Tv