Ekspert: “Azərbaycanda kriminal ölümlərin 70 faizi yol qəzalarının payına düşür”

“Azərbaycanın yollarında baş verən dəhşətlərin qarşısını almaq üçün xüsusi dövlət proqramına ehtiyac var". Bu sözləri APA TV-də efirə gedən "Sosium" verilişində
yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib.

Onun sözlərinə görə, qaydalar sərtləşdirilsə, cərimələr xeyli dərəcədə artırılsa da, əsas problemlər həll edilməyib: "Heç bir hüquq nəzəriyyəsində cəzanı sərtləşdirməklə qanun pozuntusunun qarşısını almaq olmaz. Əgər insan nəyə görə cəzalandığını bilmirsə, bu cəzaları artırmağın mənası nədir? 2007-ci ildən başlayaraq bütün dünyada yol qəzalarında ölənlərin sayı durmadan artır, o cümlədən Azərbaycanda. Ümumdünya Səhiyyə Təşkilatı bu məsələnin üstünə ciddi şəkildə düşür. Dünyanın qabaqcıl ölkələrində xüsusi proqramlar üzrə fəaliyyət planları işləyir və uğur qazanırlar. Amma bizim ölkədə yol hərəkəti təhlükəsizliyi ilə bağlı dövlət proqramı yoxdur".

Bu məsələdə pərakəndə, spontan fəaliyyətin neçə illərdi nəticə vermədiyini deyən mütəxəssis hesab edir ki, əgər maarifləndirmə olmasa, bu sahənin üzərində yeni prinsiplər işləməsə, qəzalar və ölüm xəbərləri azalmayacaq: "Dediyim kimi, birinci növbədə yol hərəkəti təhlükəsizliyi ilə bağlı dövlət proqramı işlənməlidir. Hesab edirəm ki. burada 1-ci bənd yol-nəqliyyat hadisələrinin həqiqi tipik səbəblərini, bu sahədəki problemləri, təhlükəsizliyin təmin olunmasındakı boşluqları aşkara çıxarmaq olmalıdır. Daha sonra belə proqramda hər bir səbəbin aradan qaldırılması üzrə konkret fəaliyyət istiqamətləri, bunların icraçıları göstərilməlidir. Belə etməsək, qara xəbərlər artmaqda davam edəcək”.

Verilişdə Babək prospektində ər və arvadı öldürən, 4 yaşlı uşağı qaranlıq küçədə tək qoyub hadisə yerindən qaçan içkili sürücüdən danışan Ərşad Hüseynov bildirib ki, həmin şəxsin cəzası qanunlarımıza görə qəsdən adam öldürmədə təqsirləndirilən adamların cəzası qədərdir: "Həmin sürücüyə 12 ilə qədər cəza verilə bilər. Bu qəsdən adam öldürmə cəzasına yaxındır. Bilirsiniz ki, içkili vəziyyətdə avtomobil sürməyin cəriməsi çox yüksəkdir. Amma görünür, cərimələrin yüksək olması bu cür sürücüləri qorxutmur. Deməli sürücülərin təfəkkürü dəyişməlidir, cərimələr yox. Bu gün Azərbaycanda kriminal ölümlərin 70 faizi yol qəzalarının payına düşür. Qəzaların səbəblərinə baxanda görürük ki, ilk yerləri yüksək sürət və sərxoş idarəetmə tutur".

Azərbaycanda yol qəzalarında piyada vurulması hallarının çox olduğunu deyən mütəxəssis günahı həm də öləndə görür: "Dünya üzrə yol qəzalarında zərərçəkənlərin 23% piyadalardadırsa, Azərbaycanda bu rəqəm təxminən 40 faizə yaxındır. Bu o deməkdir ki, qaydaları pozan piyadaların sayı sürücülərin sayından çoxdur. Bütün dünyada bu işə az qala bütöv bir cəmiyyət qoşulub. Piyadaları öyrətmək lazımdır, sosial çarxlar hazırlayıb nümayiş etdirmək ən gözəl üsullardan biridir. Nüfuzlu şəxsləri bu işə cəlb etmək lazımdır".
 

Müəllif | Apa.Tv