Nəsimi Paşayev: “Metroda gediş haqlarının artırılması nəzərdə tutulmur”
Gələn il Bakı Metropolitenində daha iki stansiya istifadəyə veriləcək
"Bakı metrosunda hazırda istifadədə olan qatarlara kondisioner quraşdırmaq mümkün deyil. Kondisionerli vaqonlar hələlik yalnız yeni stansiyalarda olacaq". Bu sözləri APA TV-də efirə gedən "Sosium" verilişində "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
Metropoliten rəsmisi bildirib ki, köhnə xətlərdə istismar olunan vaqonlarda kondisionerin işləməsi bir qədər problemlidir: "Yay mövsümü olduğundan kondisioner məsələsi sərnişinlərin əsas problemidir. Lakin mövcud xətlərdəki texniki parametrlər vaqonlarda kondisioner quraşdırmağa imkan vermir. O ki, qaldı havalandırma sisteminə, bu sistem tam işlək vəziyyətdədir. Metroda temperatur bayırdan sərindir. Amma o da danılmaz faktdır ki, sərnişin sıxlığı olduğu zaman vaqonlarda istilik xeyli artır. Bir daha qeyd edim ki, ventilyasiya sistemi var və platformalar sərin olur, amma vaqonlarda kondisioner olmadığı üçün sərnişinlər istidən əziyyət çəkirlər".
Nəsimi Paşayev deyib ki, gələn il daha iki stansiya sərnişinlərin ixtiyarına veriləcək: "2015-ci ildə "Avtovağzal" və "Memar Əcəmi - 2" stansiyası istifadəyə veriləcək. "Avtovağzal" stansiyasını tək istifadəyə vermək mümkün deyil. "Memar Əcəmi - 2" stansiyasında işlər başa çatmalıdır ki, ilkin mərhələdə bu iki stansiyalar arasında yeni vaqonlar istifadəyə verilsin. Yeni stansiyalarımızda köhnə stansiyalarda olan bir sıra problemlər olmayacaq. Məsələn, yeni stansiyalarda əlillər üçün hər bir şərait yaradılacaq. Onlar üçün xüsusi liftlər olacaq ki, rahatlıqla metrodan istifadə etsinlər. Amma təəssüf ki, bəzi stansiyalarda əlillər üçün şərait yaratmaq mümkün deyil. Elə stansiyalar var ki, dərində yerləşir və ora ancaq eskalatorlara çıxıb düşə bilirik. Tunel əvvəldən elə qurulub ki, biz orada əlillər üçün liftlər və ya hər hansı qurğu quraşdıra bilmirik".
Gediş haqlarının artırılacağı ilə bağlı söhbətlərə toxunan Metropoliten rəsmisi bildirib ki, hələlik bu barədə söhbət gedə bilməz: " Gediş haqqının qaldırılması bağlı metropoliten rəhbərliyi tərəfindən Tarif Şurasına hər hansı müraciət nəzərdə tutulmur. Amma faktiki olaraq, sərnişindaşıma xərcləri hazırkı qiymətdən iki dəfə artıqdır".
Nəsimi Paşayev Bakı Metropoliteninin qış rejiminə keçidə hazırlıq prosesində olduğunu deyib: "Qış rejiminə keçid sentyabrın 10-12-də nəzərdə tutulur. Bu o deməkdir ki, Bakı metrosunda qatarların sayını artırılacaq, intervallar isə qısalacaq. Hazırda 24 cüt qatarla işləyən metropoliten qış rejiminə keçdikdə 30 cüt qatarla fəaliyyətini davam etdirəcək. Bakı metropoliteninin strukturu elədir ki, intervalı istədiyimiz qədər azalda bilmirik. Çünki xətlər "28 may" stansiyasında kəsişir. 1,5 dəqiqədən aşağı interval vermək olmur. Hazırda yeni plan üzərində işlənilir. Bu plana əsasən "28 may" stansiyasında daha bir tunel tikiləcək və xətlər ayrılacaq. Yalnız bu halda intervalı xeyli azaltmaq mümkün olacaq. Onu da deyim ki, “Elmlər Akademiyası” stansiyasında təmirdə olan eskalator da artıq hazırdır. Eskalator sınaq yürüşündədir və yaxın günlərdə istifadəyə veriləcək”.