Tural Mirzəliyev: “Xüsusi istedadlı uşaqların I sinfə qəbulunda psixoloqların rəyi daha əsasdır”

Bu il xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbuluna dair müraciətlər ilk dəfə elektron şəkildə həyata keçirilib. Bu barədə APA TV-də efirə gedən "Sosium" verilişinin qonağı, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumtəhsil sektorunun məsləhətçisi Tural Mirzəliyev bildirib.

Onun sözlərinə görə, Bakı şəhəri üzrə 3538 uşaq artıq qeydiyyatdan keçib: "Ərizə qəbulu hər il 20 iyul - 20 avqust tarixlərində qəbul olunur. Sentyabra qədər həmin ərizələrə baxış keçirilir. Bu il sənədləri elektron şəkildə qəbul olan 3538 nəfərdən təxminən 50 faizi imtahandan keçib. İmtahanda şəffaflığı təmin etmək üçün hətta nazir valideynlərin video çəkiliş aparmasına icazə verib. İmtahanda müxtəlif sahələri təmsil edən 4-5 mütəxəssis, ibtidai sinif müəllimi, həkim, psixoloq, metodist iştirak edir".

Azyaşlılardan imtahan götürən komissiyaların tərkibinin hər gün yenidən formalaşdırıldığını deyən Tural Mirzəliyevin sözlərinə görə, uşaqların təhsilə hazır olduqlarını öyrənmək üçün standart suallardan istifadə birdəfəlik yığışdırılıb: "Valideynlər bəzən standart sualların verilməməsindən şikayət edirlər. Biz isə orada çətin suallar vermirik. "Ətrafını tanıyırmı, çevrəsini nə dərəcədə bilir?" formalı suallarla onları öyrənməyə çalışırıq. Doğru qərarların verilməsi üçün, hər hansı tanışlıq keçməsin deyə biz komissiyaların tərkibini hər gün dəyişirik. Komissiyada olanlar bilmir ki, kim sabah kiminlə bir qrupda olacaq. Bunlar hamısı şəffaflığın təmin edilməsi üçündür".

Komissiya üzvlərinin bəzi valideynlərdən şikayətçi olduğunu deyən Tural Mirzəliyevin sözlərinə görə, uşaqları hədələyə-hədələyə, danlaya-danlaya komissiyanın qarşısına çıxarıb, məcburən uşağı birincilər sırasına qatmaq istəyənlər var: "Valideynləri iki qismə bölmək olar: Maraqlananlar və uşaq hədələyənlər. Birinci qisim valideynlərin uşaqları sərbəstdir, ikincilərin uşağı isə çəkingən və qorxaq. Elələri də var ki, evdə uşaqları hədələyir, danlayır. Belə uşaq istedadlı olsa da, suallara cavab verə bilmir. Buna səbəb elə həmin valideynlərin özüdür. Belə valideynlər bilməlidir ki, bu şəkildə uşağı 1 il irəli salmaq əvəzinə 11 il geri salırlar".

"Xüsusi komissiyanın qarşısında dil-dil ötüb, birincilər sırasına keçən uşaqların sonradan dərs mənimsəməsində problemlər müşahidə olunubmu?" sualına Tural Mirzeliyevin cavabı belə olub: "Bilirsiniz, komissiyanın tərkibindəki təcrübəli psixoloqların rəyi çox önəmlidir. Elə olur ki, uşaq suallara bu və ya digər formada cavab verə bilir. Amma əgər psixoloq hesab edirsə ki, o birinci sinfə getməyə hazır deyil, yekin qərar dəyişir. Yox, əgər uşaq kommunikativ vərdişlərə malikdirsə, mühakimə qabiliyyəti varsa, həmin uşaq birinci sinfə qəbul edilir. Bu cür qaydalarla qəbul olunan uşaqlar yaşı birinci sinfə düşən uşaqlardan fərqlənmirlər. Bundan əlavə artıq məktəblərin özlərində də psixoloqlar var. Onların da köməyi, dəstəyi böyükdür".

"Sosium" verilişinə telefonla qoşulan uşaq psixoloqu Narınc Rüstəmova hesab edir ki, bəzi valideynlər uşağının istedadlı olduğunu düşünüb, bəzən yanlışlığa yol verirlər ki, bu da sonradan balacalarda psixoloji problemlər yaradır: "Bizim təcrübəmizdə belə hallar olub. Valideynlər tələsməməlidir, səhvə yol verməməlidir. Uşağın bacarığı, istedadı ola bilər, onun psixoloji durumu, adaptasiya qabiliyyəti öyrənilmədən bu addım atılmamalıdır. Uşağı vaxt yetişmədən oyuncaqdan ayırıb, təhsilə cəlb edərkən psixoloji amilləri, qabiliyyəti nəzərə almaq lazımdır”.
 
 

Müəllif | Apa.Tv