Kliment Əsədov: “Azərbaycanda təhlükəli virusa yoluxan heyvanlardan 308 baş mal-qara müalicə olunub”

Azərbaycanda iri buynuzlu heyvanlar arasında yayılan "Nodulyar dermatit" virusundan tələf olan heyvanların sayı 15-ə çatıb. Bu barədə APA TV-də efirə gedən "Sosium" verilişində Dövlət Baytarlıq Xidmətinin xüsusi təhlükəli xəstəliklər üzrə epidemioloji nəzarət və müalicə profilaktika sektorunun müdiri Kliment Əsədov bildirib.

Onun sözlərinə görə, bu günə kimi 1660 baş iribuynuzlu heyvan virusa yoluxub ki, onlardan da 308 heyvan artıq müalicə olunub: "Ölən heyvanların sayı son iki gündə 11-dən 15-ə çatsa da, ümumilikdə xeyli irəliləyiş olub. Artıq xəstə heyvanların sağalması halları artır. 54 baş yeni xəstə qeydə alınıb. Onlar da təcili karantinə götürülüb və müalicələri davam edir. "Nodulyar dermatit” adlı bu virus artıq 10 rayonda müşahidə olunur. Virusun digər rayonlara və kəndlərə keçməməsi üçün baytarlıq xidməti gücləndirilmiş iş rejiminə keçib".

Hal-hazırda Bərdənin məşhur mal bazarı da daxil olmaqla ölkədə 7 bazarın bağlandığını deyən Kliment Əsədov bildirib ki, bazarların bağlanmasına səbəb xəstəliyin yayılmasının qarşısını almaqdır. O ki qaldı virusa yoluxmuş heyvanların ət və süd məhsullarının hansısa yolla satışa çıxarılmasına mütəxəssis deyir ki, bunun qarşısını almaq üçün ciddi yoxlamalar aparılır: "Birincisi, bu xəstəlik ətdən keçmir. Ümumiyyətlə xəstəliyin insana keçmə ehtimalı yoxdur. Yalnız diri heyvanlardan bir-birinə yoluxur. Yoluxma ağcaqanad və digər həşəratlar vasitəsi ilə baş verir. Bu virus nəinki insana, hətta xırdabuynuzlu heyvanlara da keçmir. Yalnız iri buynuzlular arasında yayılır. İkincisi, xəstəlik aşkarlanan bölgədən heç kəs nə diri, nə də ölü heyvan ətini paytaxtda gətirə bilmir. Heyvanı satışa gətirmək üçün “forma 1” deyilən arayış verilməlidir. Virus aşkarlanan bölgələrdə arayışların verilməsi qəti qadağandır. O ki qaldı, bazarların bağlanması nəticəsində ət və ət məhsullarının bahalaşmasına, hələlik belə bir ehtimal yoxdur".

Bu virusa yoluxmuş iri buynuzluların dövlət hesabına müalicə olunduğunu deyən mütəxəssis dərmanların pulla satılıb satılmaması, baytarların vaxtında xəstə heyvanı sağaltması məsələlərinə də aydınlıq gətirib: "Bu xəstəlik 2 həftədən 4 həftəyə kimi davam edir. Bu müddət ərzində heyvanın sahibindən çox şey asılıdır. Bu dövrdə onlar lazımı dərmanları öz hesablarına alıb, profilaktik tədbir görməlidirlər. Yox, əgər iş işdən keçibsə, virusun olduğu aşkarlanıbsa, müalicəni biz aparırıq. Amma kimsə istəyirsə daha sürətli və daha effektli müalicə olsun, öz hesabına da bunu edə bilər. Bunun üçün başqa dərmanlar da təklif olunur. Ehtiyat ət tədarükümüz var".

Virus aşkarlanan bölgələrdə baytarlıq əməkdaşlarının sayı bir neçə dəfə artırılıb. Kliment Əsədovun sözlərinə görə, hal hazırda hər hansı virus aşkarlanmayan rayon və qəsəbələrin baytarları və müvafiq texnikalar virus aşkarlanan yerlərə göndərib: "Digər rayonların Baytarlıq Xidmətlərinin dezinfeksiyaedici maşınları bölgəyə gediblər. Bütün təsərrüfatlar dezinfeksiya olunur. Maksimum gücümüzü ortaya qoymuşuq. Amma vətəndaşlardan da çox şey asılıdır, bu xəstəliyin qarşısını almaq üçün daim heyvanı çimizdirməli, profilaktik tədbirlər görməlidirlər. Xəstəliyin yoluxma mənbəyi tranmissiv sayılır. Həşəratlar vasitəsilə vektor yoluxma yolu ilə keçir. Əlamətləri budur ki, heyvanın gözündən, burnundan su gəlir, yemir, sonra dərialtında düyünlər yaranır və yaraya çevrilir".

Müəllif | Apa.Tv