İsmayıl Yunusov: “Azərbaycan bir müddət sonra hər il Xəzərə 10-15 milyon nərə körpəsi buraxacaq”

"Azərbaycan hər il 5 milyona qədər nərə cinsli balıq körpəsi yetişdirərək Xəzər dənizinə buraxır. Bir neçə ilə bu rəqəmin 10-15 milyona çatdırılması planlaşdırılır. Bu barədə APA .TV-də efirə gedən "Sosium" verilişində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin su hövzələrində bioresursların artırılması və mühafizəsi departamentinin baş müfəttişi İsmayıl Yunusov bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda illik 15 milyon nərə balığı yetişdirmək imkanı olan müəssisə olsa da, törədici balıqların az olması bu imkanlardan yararlanmağa imkan vermir: "Bu gün Azərbaycanda bu sahə üzrə işləyən 4 dövlət müəssisəsi var. Bu sahənin inkişafı üçün bizdə böyük imkanlar olsa da, törədici balıqların əldə olunması problemdir. Bu problemin həlli zaman tələb edir. Bu günə kimi dənizdən tutduğumuz ana balıqlar vasitəsi ilə nərə cinsini artırmağa çalışmışıq. Artıq özümüz törədici balıqlar yetişdiririk. İki-üç ildən sonra dənizdə törədici balıq tutmağa ehtiyac olmayacaq. Nərə cinsli balıqlar nəsil artırmağa gec, 8-12 yaşlarında başlayırlar. Hazırda törədici balıqlar kimi yetişdirdiyimiz nərəcinslilər təxminən 8 yaşındadır. 2-3 ilə onların hesabına illik istehsal 2-3 dəfə artacaq".

Azərbaycanda hələlik nərə cinsinin 4 növünün yetişdirildiyini deyən İsmayıl Yunusov brakonyerliyə qarşı mübarizədən də danışıb. Onun sözlərinə görə, Azərbaycanda bu növ balıqların ovuna qəti qadağa qoyulub: "Amma qadağanın olmasına baxmayaraq, yenə də qanunsuz ovla məşğul olanlar var və onlara qarşı mübarizə günü-gündən sərtləşdirilir. Nazirlər Kabinetinin qərarına görə, balığın növündən asılı olaraq, çəkisi nəzərə alınmadan şərti maliyyə vahidinin 200 misli qədər cərimə olunur. Qanunsuz ov iki balıqdan çox olarsa, buna görə cinayət məsuliyyəti nəzərdə tutulur".

Xəzər dənizdə digər növ balıqların ovlanmasına hər hansı qadağa olmadığını deyən nazirlik rəsmisi bildirib ki, bütün hallarda açıq dənizə balıq ovuna çıxmaq üçün rəsmi icazə alınmalıdır: "Bizə hər il balıq ovu üçün müraciət edən fiziki və hüquqi şəxslər var. Bir məsələ də var - kiminsə toruna nərə balığı düşsə, onu dərhal suya buraxmalıdır. Yox əgər nərə balığı ölübsə, onu aidiyyəti üzrə təhvil verməlidir, bütün hallarda nərə balığı məsələsində balıqçılara ciddi xəbərdarlıqlar olur. Ümumiyyətlə Xəzərdə nərə balıqlarının sayı çox azdır. Təsəvvür edin, əməkdaşlarımız törədici balıq üçün dənizdə nərə balığını çox çətinliklə tapırlar".

Müəllif | Apa.Tv