Elgün Səfərov: “Azərbaycanda 3000-ə yaxın ailə övladlığa uşaq götürmək üçün növbədədir”
Azərbaycanda 3000-ə yaxın ailə övladlığa uşaq götürmək üçün növbədədir. Bu barədə APA TV-də efirə gedən "Sosium" verilişində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov məlumat verib.
Onun sözlərinə görə, uşaq azlığı və övladlığa uşaq götürmək prosesinin bir qədər uzun çəkməsi növbədə duranların sayına təsir edir: "Düzdür, biz də qəbul edirik ki, Azərbaycanda övladlığa uşaq götürmək o qədər asan deyil. Amma vətəndaşlarımız bilməlidir ki, bütün sivil ölkələrdə bu proses uzun çəkir. Lazımi proseduralar, sənədlər, məhkəmə qərarı və s. bu təxminən 1 ilə qədər uzanır. Çox təəssüf ki, bəzən bu məsələ valideynləri yorur və onların geri addım atmasına səbəb olur".
Elgün Səfərov etiraf edib ki, prosesin uzun çəkməsindən başqa bu məsələdə süni problemlər də var: "Biz özümüz də araşdırma aparmışıq, süni əngəllərin, maneələrin olduğunu görmüşük. Hesab edirik ki, bu sahədə islahatlar aparılmalıdır. Komitəmiz bununla bağlı hökumət qarşısında təkliflə çıxış edib. Məsələn məsələni bu şəkildə qoyurlar ki. guya subay vətəndaşlara uşaq verə bilməzlər. Amma qanunda deyilir ki, evli olmayan kəslər də uşaq götürə bilər. Və ya övladlığa uşaq götürmək istəyən ailəyə bir aya cavab verməli olduqları halda vaxtı uzadırlar".
"Gələcəkdə ölkə daxilində övladlığa verilmə səlahiyyətləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə verilə bilərmi?" sualına qonağın cavabı belə olub: " Biz özümüzü qabağa çəkmirik ki, səlahiyyətlər mütləq bizə verilsin. Amma verilsə, bizdə imkanlar var ki, bu sahədə olan bir sıra süni maneələri aradan qaldıraq. Yaxşı bilirik ki, indiki halda ailələr üçün baryerlər var və bu baryerlərin aradan qaldırılmasında maraqlıyıq".
Hər il Azərbaycanda 300-400-ə yaxın övladlığa götürmə faktının olduğunu deyən Elgün Səfərov uşaqların övladlığa verildikdən sonrakı mərhələdə də bir sıra qüsurların olduğunu istisna etmir: "Hazırda komitə xarici vətəndaşlara övladlığa verilməsi məsələsi ilə birbaşa məşğuldur və uşaqı əcnəbi ailəsinə verməklə işimizi yekunlaşmış hesab etmirik. Bizə həmin ailəni bir neçə il nəzarətdə saxlayırıq. Hər 6 aydan bir həmin ailə bizə uşaqla bağlı video çəkiliş, səhiyyə xidmətləri, bağçadan çəkiliş, ailə çəkilişləri və s. göndərir. Amma ölkə daxili övladlığa verilmədə belə deyil. Uşaq hansısa ailəyə verildisə, sonradan onunla sadəcə sahə rəisi maraqlanır, o da ola bilər ki, bu və ya digər səbəbdən vaxtlı vaxtında maraqlanmasın. Bəli, hesab edirik ki, bu sahədə həqiqətən də islahatlara ehtiyac var".
Sumqayıtdakı iki aylıq körpənin oğurlanması faktına münasibət bildirən komitə rəsmisi deyib ki, araşdırma aparılıb və məlum olub ki, "uşağım olmadığına görə oğurluq etdim" deyən Qadın övladlığa uşaq götürməklə bağlı hər hansı bir quruma müraciət etməyib.