Azərbaycanda ilk dəfə müəllimlərin iş yerinin dəyişdirilməsi mərkəzləşdirilmiş qaydada keçirilib

Bu il 1500-ə qədər gənc müəllim kənd məktəblərinə göndərilib. Bu barədə APA TV-də efirə gedən "Sosium" verilişində Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdiri Fərzalı Qədirov məlumat verib.

Onun sözlərinə görə, bu il həvəsləndirmə tədbirləri daha da cəlbedici olduğuna görə müəllimlərin imtahanından keçən gənc kadrların 80 faizindən çoxu bölgələrdə dərs deməyə razılıq veriblər: "Hər il olduğu kimi bu il də 3 mərhələli müsabiqə keçirdik. İmtahanda iştirak edənlərin 1690 nəfəri işə qəbul olundu. Onların da 1500-ə qədəri öz razılıqları ilə kənd məktəblərinə göndərildi. Sözsüz ki, onların həvəslə bölgə məktəblərinə getməsinə səbəb hökumətin son qərarı idi. Yeni qərara görə, kənd yerlərində işləməyə gedənlər üçün nəzərdə tutulan aylıq kommunal ödənişlər 40 manatdan 60 manata, 20 kilometrdən artıq məsafəyə görə verilən 70 manat isə 100 manata qaldırıldı. Bu o deməkdir ki, onlar maaşdan əlavə 160 manat alacaqlar. Kənd yeri üçün bu əla fürsətdir".

Fərzalı Qədirovun sözlərinə görə, bu güzəştlərin verilməsi üçün nəzərdə tutulan müddət də artırılıb: "Əgər bu günə kimi həmin güzəştlər 3 illik idisə, artıq 2 il də uzadılaraq 5 il oldu. Onu da qeyd edim ki, yerli icra hakimiyyəti orqanlarına və bələdiyyələrə müəllimlərə torpaq verilməsi barədə göstəriş verilib. Torpaqların verilməsi ilə bağlı bir sıra problemlər var idi, onların aradan qaldırılması istiqamətində yeniliklər var. Bu məsələnin də həllinə çalışırıq".

Bölgə məktəblərində işləməyə gedən müəllimlərə güzəştli şərtlərlə ipoteka verilməsi də nəzərdə tutulur. Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdiri Fərzalı Qədirov bildirib ki, tezliklə bu problem həllini tapa bilər:

"Müəllimlərə güzəştli ipotekanın verilməsinə çalışırıq. Bununla bağlı artıq yeni təkliflər layihəsi hazırlanır. Yaxın zamanlarda bu layihənin hökumətə təqdim olunması gözlənilir. Hökumət də müəllimlərin həvəsləndirilməsində maraqlıdır. Çox güman ki, bu layihə tezliklə həyata keçəcək".

Bu il ilk dəfə olaraq müəllimlərin yerdəyişmə qaydalarında da yeniliklər olduğunu deyən nazirlik rəsmisi artıq 100-ə yaxın müəllimin öz iş yerini bu və ya digər zəruri səbəbdən dəyişdirdiyini deyib: "Bu il ilk dəfə olaraq müəllimlərin yerdəyişməsi mərkəzləşdirilmiş qaydada həyata keçirildi. Vahid qaydalar əsasında ümumtəhsil məktəblərində vakant yerlər elan olundu və 1500-ə qədər müəllim müraciət etdi. Müsabiqə keçirdik və bu müsabiqədə 96 müəllimin iş yerini dəyişməsinə qərar verdik. Əksəriyyət iş yerini ucqar rayonlardan paytaxta və ya kənddən rayon mərkəzinə yerini dəyişmək istəyir. Amma istəklə deyil, bunun üçün biz tutarlı, inandırıcı və zəruru səbəblər tələb edirik. Məsələn, kimsə evin bir uşağı olub, valideynlərinə baxmaq məcburiyyətindədir, kimi hərbiçi ailəsidir, kimisi əvvəllər filan rayonda idi, indi ailə qurub başqa rayona köçüb və s".

Fərzalı Qədirovun sözlərinə görə, yerdəyişmə qaydaları daha əvvəlki kimi olmayacaq. Bundan sonra ildə bir və ya iki dəfə bu cür müsabiqələr keçiriləcək və yalnız müsabiqədən keçən müəllimlərin iş yeri dəyişdiriləcək. Müsabiqədən keçməyənlər öz əvvəlki iş yerlərində fəaliyyətlərinə davam edəcəklər.

O ki, qaldı imtahandan keçib, bölgəyə işləməyə gedən gənc müəllimlərin bir-iki aydan sonra işləməyib geri dönməsinə Fərzalı Qədirov deyir ki, əvvəllər belə hallar olsa da, son illər bu göstərici xeyli aşağı düşüb: "Keçən ilin noyabr-dekabr aylarında araşdırma apardıq və öyrəndik ki, doğrudan da belə hallar var. Amma statistikaya baxanda aydın olur ki, belə hallar indi azdır. Çox güman ki, bu il bölgəyə gedən müəllimlər üçün nəzərdə tutulan güzəştlərin artırılması müəllimlərin kənd yerlərində qalıb işləməsinə öz təsirini göstərəcək".
 

Müəllif | Apa.Tv