Axund Fərzəli Şərifov: “Yasda uzaqdan gələn qonaqlara evdə yemək verilə bilər, məclisdə isə bu, yolverilməzdir”
“Bu, nümunəvi geyim üsuludur və bizə tapşırılıb ki, bütün mərasimlərə bu geyimlə gedək”. Bu fikirləri APA TV-nin “Sosium” verilişinin qonağı olan Abşeron rayon, Məhəmmədi kəndinin Cümə məscidinin baş axundu Fərzəli Şərifov deyib.
Verilişə Azərbaycanda ilk dəfə təqdim olunan din xadimlərinin vahid geyim formasında gələn axund bildirib ki, heç bir axund və ya imam bu əmrdən çıxa bilməz: “Bu geyim ilk növbədə bizim işimizə məsuliyyətimizi artıracaq. Axund, imam xalq arasında seçilməlidir - həm əli, həm ədəbi, həm də libası ilə. Bu geyimi əldə etməmişdən əvvəl biz həm də 3 aylıq təkmilləşdirmə kursu keçdik. Neçə illər boyu nəzərdə tutulan bir layihə idi. Fikrimcə, bu cür kursa ehtiyac vardı. Bu, bizə göstərilən etimaddan irəli gəlir, gərək ki, axundlar və imamlar etimadı doğrultsun".
Yas mərasimlərində israfçılığın aradan qaldırılması üçün qadağalara ehtiyac olmadığını bildirən axund deyib ki, yaxşı təbliğat olduğu halda kənd camaatı özü bu işdə din adamlarına köməklik edirlər: "Məsələn, Məhəmmədi kəndində 4 il bundan əvvəl ağsaqqalları bir yerə yığıb, məsləhətləşdik. Bu işdə əlbəttə ki kənd icra nümayəndəliyinin də köməkliyi oldu. Və qərara gəlindi ki, ehsan sadə süfrə formasında verilsin. Əgər kiminsə uzaqdan qonağı gəlibsə, evində kiçik bir otaqda onlara yemək verə bilər. Amma bunun yas çadırına, bütün qonaqlara aidiyyəti olmamalıdır. Bu o deməkdir ki, kənd, qəsəbə axundlarından, ağsaqqallardan çox şey asılıdır. Dinimizdə də buyurulur ki, israfçılığa yol vermək olmaz. Onu da deyim ki, 4 il əvvəl biz Məhəmmədi kəndində məşvərət edəndə etiraz edən olmadı, hamı razılaşdı və indi bizdə hamının məclisi kimliyindən asılı olmayaraq eyni cür keçir".
Dəbdəbəli qəbir daşlarına gəlincə, axund bildirib ki, bu məsələ yas mərasimlərində israfçılıqdan da ağır bir haldır: "Yemək məsələsindən fərqli olaraq, qəbir üstlərinin dəbdəbəli, bahalı mərmərlərdən götürülməsi ilə bağlı deyərdim ki, təbliğatla yanaşı, həm də qadağalara ehtiyac var. Çünki bu məsələnin həlli çox çətindir. Neçə illərdi biz çalışırıq, amma yenə də yemək məsələsində razılaşanlar qəbir məsələsinə gələndə öz bildiyini edir. Halbuki hədislərdə də deyilir ki, insanın qəbrinin hündürlüyü 1 qarışdan çox olmamalıdır. Müsəlman ölkələrində, hər yerdə ən mömin və ən müqəddəs müsəlmanların qəbirləri 1 qarışdan yuxarı deyil. Məsələn, ehsan baxımından bizim kənddə rahatlıqdır, amma qəbir daşı sarıdan heç nə əldə edə bilməmişik".
Qəbir daşları üzərində dünyasını dəyişənin şəkilini çəkmək və ya baş daşı əvəzinə heykəl qoymaq hallarının da çox olduğunu deyən axund Fərzəli Şərifov daha ciddi addımların atılmasına ehtiyac olduğunu bildirib: "Yəqin yaxın gələcəkdə bu istiqamətdə də konkret addımlar atılacaq. İslamda qəbir üzərinə şəkil vurulması, kiminsə büstünün qoyulması bəyənilmir. Amma bununla belə insanlar bir-birinin bəhsinə bunu edir. Hətta kredit götürüb, yaxının qəbrinin üstünü bahalı mərmərlə götürən ailələr görmüşəm. Bu adamlar özləri də diri ikən ölənlərdi. Amma bir istisna var, təbliğat üçün Mübariz kimi qəhrəmanlarımıza büst qoyula bilər”.