Məhərrəm Məhərov: “Azərbaycanda son bir ildə muzdla işləyənlərin sayı 200 min nəfər artıb”

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin elektron informasiya sisteminə əmək müqaviləsi bildirişi daxil edilməsi sürətlə artır. Gündəlik orta hesabla 30 minə yaxın əmək müqaviləsi elektronlaşdırılır. Bu barədə APA TV-də efirə gedən "Sosium" verilişinin qonağı, Dövlət Əmək Müfəttişliyi Xidməti rəisinin müavini Məhərrəm Məhərov məlumat verib.

Onun sözlərinə görə, artıq elektron informasiya sisteminə 700 mindən çox əmək müqaviləsi bildirişi daxil edilib: "Artıq bu işdə işəgötürən tərəf maraqlıdır. Bu sahədə ixtisaslaşmış mütəxəssislərimiz var. Hər bir rayonda “Yardımçı masalar” yaradılıb, orda oturan həmin mütəxəssislərdən işə götürənlər yararlanırlar. Onların sayəsində əmək müqavilələrinin elektronlaşması bir qədər də sürətlənib. Bu "Yardımçı masalar”da işə götürənlərə sadəcə texniki köməkliklər yox, həm də hüquqi yardımlar edilir".

Məhərrəm Məhərov Xidmətin sentyabrın 15-dən 21-dək keçirdiyi “Təhlükəsiz iş həftəsi”nin gedişi barədə də məlumat verib: " Araşdırmalarımız davam edir. Təəssüf ki, analoji problemlər yenə var. Tikinti işləri gedən ərazidə çəpərləmənin olmaması, mühafizə vasitələrindən istifadə edilməməsi, əmək müqavilələrinin olmaması kimi çoxsaylı problemlər var. Bir sıra iş yerlərində artıq nöqsanlara görə işləri dayandırmışıq. Belə iş yerlərinə qeyri müəyyən vaxta kimi möhlət vermişik. Cərimə öz yerində, aşkarladığımız qüsurlar aradan qaldırılmasa, işin davam etməsinə də icazə verilmir. Bizim əsas məqsədimiz həm işəgötürülənlərin, həm də işəgötürənlərin diqqətini təhlükəsiz işə cəlb etməkdir".

Son bir il ərzində muzdla işləyənlərin sayının 200 min nəfər artdığını bildirən Məhərrəm Məhərov deyib ki, əslində həmin adamların əksəriyyəti uzun illər qeyri-leqal işləyiblər: "Bu o deməkdir ki, bundan sonra həmin adamlar qanuni şəkildə çalışacaqlar. Vergi ödəyəcəklər, Dövlət Sosial Müdafiə Fonduna ödəmələr edəcəklər, ən əsası, sabah başlarına bir hadisə gəlsə, dövlət onlara lazımı dəstək verə biləcək. Bir çox adamlar ona görə qeyri-leqal işləməkdə maraqlı olublar ki, bu onlara sərf edib. Amma digər tərəfdən unudublar ki, 5-3 manata görə gələcəklərini riskə atmış olurlar. Hesab edirik ki, bu təfəkkürü dəyişmək üçün təbliğata, maariflənməyə, mətbuatın köməkliyinə böyük ehtiyac var".

Bir neçə gün əvvəl müfəttişlərin daş karxanalarında keçirdiyi reydindən danışan nazirlik rəsmisi bildirib ki, artıq nöqsan aşkarlanan obyektlərə hansı cəzaların verilməsi dəqiqləşdirilib: "Heç kəsə güzəşt yoxdur. Bu sahədə problemlər yetərincədir. Nöqsanlar tam aradan qalxmayana kimi, fəaliyyəti dayandırılan daş karxanalarının işləməsinə icazə verilməyəcək. Daş karxanaları yüzlərlədir, hər birinə bir müfəttiş qoymaq çətindir. Düzdür, sahibkarlar cərimələnir. Amma hesab edirəm ki, bu gün əməyin mühafizə qaydalarının pozulmasına görə qoyulan cərimələr olduqca azdır. Təklif etmişik ki, cərimələr 2-3 dəfə artırılsın. Bizim məqsədimiz sahibkarın fəaliyyətinə mane olmaq yox, işçilərin hüquqlarını qorumaqdır. Amma sahibkarlar da öz işçilərinin hüquqlarını tanımalı, onlara dəyər verməlidir".
 

Müəllif | Apa.Tv