Həkim Nahid Məhərrəmov: “Fəsil dəyişkənliyi insanların səhhətində ciddi problemlər yarada bilər”

Fəsil dəyişkənliyi zamanı bəzi insanlar ehtiyatlı olmalıdır, onların səhhətində ciddi problem yarana bilər. Bu barədə APA TV-də efirə gedən "Sosium" verilişinin qonağı, həkim-terapevt Nahid Məhərrəmov deyib.

Həkimin sözlərinə görə, tibb elmində payız fəsli xəstəliklərin baş qaldırdığı fəsil kimi xarakterizə edilir: "Yatmış, yəni xroniki vəziyyətdə olan xəstəliklər payız fəslində yenidən aktivləşirlər. Allergik və revmatik xəstəliklər, haymorit, sinusitlər, baş ağrıları, almacıqlarda ağrılar, xroniki bronxit kəskinləşməsi bu fəsildə artır. Qabaqlayıcı tədbirlər görülərsə, bu cür xəstəliklərdən əziyyət çəkən insanlar özlərini qismən də olsa qoruya bilərlər. Ən azı isti prosedura almaq, “C” və “A” vitamin tərkibli qidalardan istifadə etmək lazımdır. Temperatur olarsa, həkimə müraciət etmək məsləhətdir. Bəzi insanlar hələ də türkəçarəyə meyllidir. Bu, bəzi hallarda ağır nəticələr də verir. Hər xəstəliyə türkəçarə üsullarla qalib gəlmək olmaz. Ən azından həkimə müraciət edib dəqiqləşdirmək lazımdır”.

“İmmunitetim zəifdir” deyərək apteklərdən vitaminlər və ya hansına dərmanlar alıb, həkim məsləhəti olmadan qəbul etmək yolverilməzdir. Nahid Məhərrəmov deyir ki, hər halsızlıq, bədən zəifləməsi immunitetlə bağlı deyil: "Bəzən görürük ki, kimsə halsızlığını əsas gətirib, immuniteti artıran dərmanlar alıb atır. Bu, yolverilməzdir. Bəzən immun sistemin zəifləməsi ilə digər xəstəlikləri qarışdırırlar. İmmun sistemi o zaman zəif olur ki, herpes, dodaq uçuqları olur. Ayda iki-üç dəfə xəstələnmək immun sisteminin zəifliyidir. Amma başgicəllənmə, yorğunluq immun sistemin zəifliyi deyil. O ki, qaldı vitamin çatışmazlığına, bu hər bir kəsdə individualdır. Məsələn, cənub bölgəsində yaşayan insanla şimal bölgəsində yaşayan insanın vitamin çatışmazlığı eyni ola bilməz. Bu baxımdan da insanların öz başına vitaminlər alıb atması düzgün deyil. Bir daha təkrar edirəm, bütün hallarda həkim məsləhəti alıb, müalicəni daha qısa və daha effektli etmək lazımdır. Və ən əsas hər kəs gün ərzində 2-3 litr maye qəbul etməlidir. Çay, qəhvə, fərq etməz, əsas odur ki, bədən isti maye qəbul etsin. İdman isə çox önəmlidir. Sağlam qidalanma yolu ilə də immun sistemini möhkəmlədə bilərsiniz”.

"Fəsil dəyişkənliyi zamanı, xüsusi ilə payız gələndə nədən depressiya halları artır?" sualına həkimin cavabı belə olub: "Əslində depressiya iradəsi zəif olan insanlarda baş verir. İnsanlar istəsə depressiya onlara yaxın dura bilməz. Bunun üçün ilk növbədə fəsil dəyişkənliyinə psixoloji hazırlıq görmək lazımdır. Bunun yeganə yolu tez halsızlaşmamaq, yuxu rejiminə riayət etmək, düzgün qidalanma və isti mayeyə üstünlük verməkdir. Yəni normal həyat rejimindən geriyə qalmaq lazım deyil. Hər kəs bilməlidir ki, sinir sistemində pozulmalar yaranarsa, bu, hormonal proseslərə səbəb olur və ağır fəsadlar törədir".

Həkim revmatizm xəstəliyindən əziyyət çəkən insanlar üçün də məsləhətlər verib: “Birinci növbədə revmatizmi olan insanlar həkimə müraciət edib, müalicə almalıdır. Çünki bu, gələcəkdə onlarda ürək problemlərinə gətirib çıxara bilər. Kimdəsə bu xəstəliyin yüngül forması varsa və ya xəstəlik yeni-yeni formalaşırsa, ən vacibi ayaqları isti saxlamaq, nəmişlikdən uzaq durmaq lazımdır. Bir məqamı xüsusi olaraq vurğulamaq istəyirəm, revmatizmi olan bəzi adamlar çox ciddi təhlükə qarşısındadır. Məsələn, elə insanlar var ki, revmatizmdən artıq ayaqlarında şiş yaranıb, iltihab mühiti formalaşıb, lakin bununla belə onlar ayağını isti vannaya qoyur, bu, qəti şəkildə yol verilməzdir. Hər kəs bilməlidir ki, revmatizm xəstəliyinin ürəyə təsiri zaman-zaman artır. Ona görə də bu adamlar ehtiyatlı olmalıdır".

Müəllif | Apa.Tv