İnternet mağazalardan alış-veriş edən zaman diqqətli olun! - NAZİRLİK RƏSMİSİ
İnternet üzərindən alış-veriş etmək istəyənlər diqqətli olmalıdırlar. İnternetdə müxtəlif fırıldaqçılıqla insanları aldadanlar peyda olub. Bu barədə APA TV-də "Sosium" verilişinin qonağı olan İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidmətinin şöbə müdiri Zahid Şərifov məlumat verib.
Nazirlik rəsmisinin sözlərinə görə, artıq bununla bağlı müxtəlif şikayətlər daxil olub: "Araşdırma aparanda məlum olur ki, internetdə hansısa məhsul satan adam yalançı məlumatlar vasitəsi ilə müştərini aldadıb. Məsələn, kimsə sosial sayt yaradır, sifarişlərin qəbulunu elan edir və "işə" başlayır. Buna aldananlar da "məhsulları" bəyənir və ödəniş edir. Bir müddət keçir, mal gəlib çıxmır. Axtarış zamanı məlum olur ki, nömrədən başqa heç nə yoxdur. Alıcılar məlumatlı və diqqətli olmalıdır. Satıcı hüquqi şəxsdirsə, adı, şəhər və ofis ünvanı, fiziki şəxs olduqda adı, soyadı, qeydiyyatda olduğu ünvan və s. məlumatlar olmalıdır. Satılan malın satışı barədə lisenziya, VÖEN göstərilməlidir. İstehlakçı bu məlumatların hansınısa görməsə, ticarətdən qaçmalıdır".
Elektron ticarətlə bağlı şikayətlərin az olduğunu deyən Zahid Şərifov bildirib ki, əslində bu sahə ilə bağlı insanlar az məlumatlıdır və Azərbaycanda online alış-veriş çox az həyata keçirilir: "Düşünürük ki, bu sahədə təbliğata ehtiyac yoxdur. Bu, zamanla qaydasında düşən bir sahədir. Elektron ticarətin üstün cəhəti evdən, iş yerindən çıxmadan alış-veriş etməkdir. Dünyanın hər yerində olan malların çeşidlərini incələməyə , qiymət fərqini bilməyə kömək edir. Amma problemli tərəfi də odur ki, çox zaman bəyənilməyən malı geri qaytarmaq çətin olur. Bu gün Azərbaycan əhalisinin böyük əksəriyyəti malı gözü ilə görməsə, almaq istəməz. Bu cür alıcılıq geniş yayılan ölkələrdə elektron ticarət zəif inkişaf edir. Lakin statistik göstəricilərə görə deyə bilərəm ki, hər il online ticarət edən vətəndaşlarımızın sayı artır".
O ki, qaldı online ticarət zamanı problemlə qarşılaşan adamların hara müraciət etməsinə, Zahid Şərifov deyir ki, bunun üçün müxtəlif yollar var: "Bütün hallarda biz çalışırıq ki, istehlakçılara köməklik edək. Əgər məhsul aldığınız sayt saxta deyilsə, satıcını, satış həyata keçirən şirkəti real olaraq varsa, biz problemi həll edə bilirik. 012-498-15-01, 012-498-15-04 nömrəli qaynar xəttimiz var. Bundan əlavə 195-2 Telefon Məlumat Mərkəzinə də zəng edə bilərlər. İnternet saytımıza və e-poçtamıza şikayət məktubu yaza bilərlər".
Lakin elə məqamlar var ki, bu xidmətlər də sizin köməyinizə çatmaya bilər. Məsələn, əgər "məhsul satan" ölkə hüdudlarından kənardadırsa və problem yaranıbsa, pulunuzun və ya malınızın "batma" ehtimalı yüksəkdir: " Satıcı ölkə hüdudlarından kənardadırsa, çətinlik yaranır. Azərbaycan qanunvericiliyindən kənarda olduqları üçün onları cəzalandırmaq asan olmur. Amma bütün hallarda biz vətəndaşlarımızın hüquqlarını müdafiə edirik. Problemli tərəflərin mövcud olduqları ölkənin hüquq-mühafizə orqanlarına, aidiyyəti qurumlara müraciət etməklə istədiyimizə nail oluruq. Bütün hallarda bu proses uzun çəkir. Ona görə də yaxşı olar ki, vətəndaşlarımız diqqətli olsunlar".