Nazirlik rəsmisi: “Qışa doğru kənd təsərrüfatı məhsullarının qiymətində ciddi bahalaşma gözlənilmir”

Bu il 17 min hektar taxıl sahəsinə kombayn girə bilməyib. Bu səbəbdən də keçən illə müqayisədə bu il məhsuldarlıq aşağı düşüb. Bu barədə APA TV-də efirə gedən "Sosium" verilişində Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik məhsullarının istehsalı və emalı şöbəsinin müdir müavini İmran Cümşüdov məlumat verib.

Onun sözlərinə görə, məhsuldarlığın aşağı düşməsinə səbəb bu il bəzi bölgələrdə quraqlığın hökm sürməsi olub: "Hektarlarla sahədə susuzluq ucbatından məhsuldarlıq olmadı. Lakin aqrotexniki qaydalara əməl edən fermerlər az zərər gördülər. Amma bu o demək deyil ki, vəziyyət ağırdır, quraqlıq olmayan bölgələrin hesabına təxminən əvvəlki illər qədər tədarükümüz var. Yəni kompensasiya olunub. Quraqlıq olmayan bəzi bölgələrdə taxılçılıqla məşğul olan fermerlərin çoxu növbəlilik prinsipinə əməl etdi, taxılı qara herik yerinə əkdi ki, bunun da nəticəsində yaxşı məhsul götürdülər”.

Bu il idxalın 20-25% təşkil edəcəyini deyən nazirlik rəsmisi idxala olan ehtiyacın azaldılması üçün yerlərdə geniş miqyaslı tədbirlərə başlandığını bildirib: "Əsas problemlərdən biri suvarma ilə bağlıdır. Fermerlər sudan səmərəli istifadə etmirlər. Bu isə bilgilənmənin azlığından irəli gəlir. Maarifləndirməni bir qədər də gücləndirmək niyyətindəyik. Müəyyən planlar var ki, suvarmanı mütərəqqi üsullara 50 % qənaətlə həyata keçirək. Suvarma avadanlıqlarının aqrolizinq yolu ilə dövlət tərəfindən verilməsi yaxşı olar. Bu baxımdan təkliflər hazırlayırıq.
 
Bu gün payçılar və fermerlər özləri öz aralarında qarşılıqla anlaşma ilə işləyirlər.
 
Amma təcrübə göstərir ki, bu bəzi vəziyyətlərdə çıxış yolu deyil. Yeni su anbarların yaradılması vacib məsələdir. Artezianlar olsa da, bu il yaranmış quraqlıq nəticəsində artezianlarda da suyun azalması müşahidə olundu. Bu isə problemlər yaratdı".

Bu gün bazarlarda kənd təsərrüfatı məhsullarında müşahidə olunan qiymət artımına münasibət bildirən İmran Cümşüdov deyib ki, qiymətlərə təsir edən bir sıra amillər var: "Düzdür, məhsul istehsalı ilə bağlı azalma müşahidə olunmasa da, Rusiya bazarına çıxış imkanının yaranması məhsulun azalmasına və qiymətə təsir edir. Amma bölgələrdən aldığımız məlumata görə qışa doğru o qədər də bahalaşma gözlənilmir. Bəzi bölgələrdə quraqlığın olmasına baxmayaq, istər taxıl olsun, istərsə də, digər sahələr üzrə təxminən əvvəlki illər qədər məhsul götürülüb. Meyvə-tərəvəzlə də bağlı sıxıntı yoxdur".

Bir neçə rayonda artıq işləyən soyuducu anbarlara yetərincə məhsul yığıldığını bildirən nazirlik rəsmisi istixanaların durumu barədə də məlumat verib: " İlk növbədə onu deyim ki, soyuducu anbarlarımızın hamısı işləkdir. Sahibkarlar və təsərrüfat sahibləri sövdələşmə əsasında istifadə edə bilirlər. Bu baxımdan problemimiz yoxdur. O ki qaldı istixanalara, bu sarıdan da problemlərimiz yoxdur. Əksinə son zamanlar bu sahəyə də dövlət dəstəyi artıb. Şoran torpaqlar məsələsi isə bir qədər vaxt aparan və çətin prosesdir. Şoran torpaqların yuyulması prosesi gedir və hesablamalara görə yaxın illərdə uzun müddət istifadəsiz qalan böyük torpaq sahələri iri təsərrüfatlara çeviriləcək".

Müəllif | Apa.Tv