Rita İsmayılova: “Azərbaycan ərazisində taun xəstəliyinin təbii ocaqları mövcuddur”

“Azərbaycan ərazisində taun xəstəliyinin təbii ocaqları mövcuddur”

 

“Ebola xəstəliyi 90 faizdən çox hallarda ölümə səbəb ola bilər”

“Əsasən Afrikanın qərbində rast gəlinən Ebola xəstəliyi başqa ölkələrə gətirlmə yolla keçə bilər. Bu isə daha çox xəstəliyin aşkar olunduğu ölkələrdə işləyən tibbi personaldan keçir”
 

Bunu APA TV-nin efirində “Sosium” verilişinin qonağı Respublika Taun Əleyhinə Stansiyanın şöbə müdiri Rita İsmayılova deyib.
 

Rita İsmayilova Ebola xəstəliyini vaxtaşırı alovlanmalar şəklində müşahidə olunduğunu deyib: “İlk dəfə 1976-cı ildə Qərbi Afrikada Ebola çayı sahilində rast gəlinən Ebola xəstəliyi xüsusi təhlükəli virus hesab olunur. Virus vaxtaşırı alovlanma şəklində özünü göstərir. Xəstəlik xəstə heyvanların bioloji mayeləri, qanı, ifrazatı, eləcə də ölmüş heyvanlarla təmas zamanı yoluxur. Eləcə də, xəstəliyə yoluxan insanlarla təmas zamanı, qan, tər, tüpürcək və ifrazat yolu ilə keçir. Əsasən Afrikada yayılan bu xəstəlik digər ölkələrə gətirilmə yolla keçir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, xəstəlik əsasən insanabənzər meymunlar və meyvə yarasalarından keçir. Bizdə və Avropada həmin heyvanlarla təmas olmadığından xəstəlik yalnız gətirilmə yolla yayıla bilər. Buna görə də xəstə

insanlarla təmasda olan tibb işçiləri infeksion nəzarət qaydalarına ciddi riayət etməlidirlər”.
 

Qonaq bir çox hallarda ölümlə nəticələnən bu xəstəliyə qarşı vaksinin hələ də tapılmadığını bildirib: “Ebolaya qarşı vaksin üzərində çox ölkələr işləyib, lakin hələ lisenziya almış vaksin yoxdur. Ədəbiyyat məlumatlarına görə xəstəliyin əsas sirkulyasiyası müsbət 25 dərəcə Selsi temperaturda olur. Bu isə Afrika ölkələri üçün xarakterikdir. Xəstəliyin əsas əlamətləri yüksək hərarət, başağrısı, öskürək, boğaz ağrısı, ürək bulanma, ishal, daxili və xarici qanaxmalardır”.
Ölümcül Ebola xəstəliyini əlamətlərinin ağır qrip və ya zökəmlə çox oxşar olduğunu deyən mütəxəssis diaqnozun qoyulması üçün vacib məqamlardan danışıb: “Kliniki əlamətlərlə yanaşı, epidemioloji anamnez də olmalıdır. Əgər Ebola xəstəliyi şübhəsi olan insan Qərbi Afrika ölkələrində olubsa, və ya xəstəliyə yoluxmuş insanla ünsiyyətdə olubsa, mütləq müayinədən keçməlidir. Elmi Tədqiqat və Ağciyər xəstəlikləri İnstitutunda belə insanların hospitalizasiyası üçün 10 palata ayrılıb. Əks təzyiqli bu palatalar bütün lazımi avadanlıqla təchiz olunub. Bizdə xəstəliyin yalnız gətirilmə yolla keçmə ehtimalı mümkün olduğundan bütün gömrük keçid məntəqələrində tibbi müşahidə həyata keçirilir. Əgər şübhəli hal aşkarlanarsa, Respublika Taun əleyhinə Stansiyanın qaynar xəttinə müraciət olunacaq”.
 

Rita İsmayılova xəstəliyi yalnız əlamətlər aşkar olduqdan sonra yoluxmasını müsbət hal hesab edir: “Xəstəliyin gizli dövrü ilk 2-21 gün ərzinə təsadüf edir. Yalnız əsas əlamətlər aşkar olandan sonra xəstəlik başqa insana yoluxa bilər. Xəstəlik inkubasiya dövründə insandan insana keçmir. Lakin hər halda şəxsi gigiyena qaydalarına ciddi riayət etmək lazımdır. Bu məqsədlə Səhiyyə Nazirinin göstərişi ilə ictimai yerlər, xüsusilə də insanların sıx istifadə etdiyi ictimai nəqliyyat vasitələri müntəzəm şəkildə dezinfeksiya olunur”.
 

Mütəxəssis xəstəliyin müalicəsi üçün vaxtında aşkarlanmanın əhəmiyyətli olduğunu deyib: “Təəssüf ki, Ebola xəstəliyi 90 faiz hallarda ölümlə nəticələnir. Lakin insanın immuniteti, vaxtında həkimə müraciət etmək tez sağalmağa təsir edən amillərdəndir. Bu zaman yalnız simptomatik müalicə tədbirləri həyata keçirilir”.
 

Qonaq Həcc ziyarətinə gedən zəvvarlar arasında da xüsusi maarifləndirmə tədbirləri görüldüyünü bildirib: “Həcc ziyarətinə gedən zəvvarlar arasında əvvəlcədən maarifləndirmə tədbirləri görülmüş, onlara xüsusi broşürlər paylanmışdır”.
 

Respublika Taun əleyhinə Stansiyanın şöbə müdiri hal-hazırda xüsusi ağır yoluxucu xəstəliklərə görə Azərbaycanda vəziyyətin stabil olduğunu bildirib: “Ən çox müraciətlər bruselyozla bağlı olur. Bu xəstəlik insanlara xəstə heyvanlardan, düzgün pasterizasiya olunmamış süd məhsullarından, ətdən keçir. Bu baxımdan bazarlarda satılan duzsuz pendir xüsusilə təhlükəlidir, Bunun qarşısını almaq üçün pendiri 60 gün duzda saxlamaq lazımdır. Bundan başqa qaynadılmamış içalat da xəstəliyin yaranmasına səbəb olur. Xəstəliyin əsas əlamətləri 5 gündən artıq davam edən yüksək qızdırma, üşütmə, tərləmə, zəiflik, dayaq sistemində problemlər yaranır. Vaxtında müraciət edən xəstələr tam sağalır, lakin gec müalicə etdikdə əlilliyə səbəb olar bilər”.
 

Mütəxəssis taunla bağlı vaxtaşırı monitorinqlərin keçirildiyini deyib: “Azərbaycanda taunun təbii ocaqları mövcuddur. Lakin bu ərazilərdə vaxtaşırı monitorinqlər keçirilir, indiyə qədər xəstəliyə yoluxma halı qeydə alınmayıb. Bütün bu işlərdə KİV-in böyük rolu vardır”.
 

Qonaq bütün yoluxucu xəstəliklərdən qorunmaq üçün şəxsi gigiyenanı əhəmiyyətini vurğulayıb: “İnsanlar şəxsi gigyenaq qaydalarına ciddi riayət etməli, əhalinin sıx olduğu yerlərdə ehtiyatlı olmalıdırlar. Əgər hər hansı şübhəli hal müşahidə olunarsa, Respublika Taun əleyhinə Stansiyanın qaynar xəttinə müraciət etsinlər – 530-32-13; 530-32-14”.

Müəllif | Apa.Tv
Apa.tv