Anar Hüseynov: “ASAN Xidmət” mərkəzlərində mənzillər üzərində ilkin çıxarışların alınması mümkündür”

“Bizim məqsədimiz daha çox özəl sektorda geniş yayılmış “Müştəri hər zaman haqlıdır” prinsipini “Vətəndaş hər zaman haqlıdır” prinsipinə çevirərək öz işimizdə əks etdirməkdir”.
 

Bu fikirləri APA TV-də efirə gedən “Sosium” proqramının qonağı, “ASAN Xidmət” mərkəzinin informasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov deyib.

“ASAN Xidmət”in təmsilçisi qısa müddət ərzində mərkəzin fəaliyyətinin özünü doğrultduğunu deyib: “İlk dəfə 2013-cü il yanvarın 15-də fəaliyyətə başlayan “ASAN Xidmət” Mərkəzinin daha sonra Bakının 3 rayonunda, Gəncə və Sumqayıtda şöbələri açıldı. Hazırda bizim 6 mərkəzimiz fəaliyyət göstərir. İl yarım müddət ərzində artıq “ASAN Xidmət” Mərkəzlərinə ümumilikdə 3 milyona yaxın müraciət qeydə alınıb. Bu onu göstərir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə təşəbbüsü ilə yaranmış “ASAN Xidmət” Mərkəzi vahid məkan prinsipindən irəli gələn iş prinsipi ilə vətəndaşlara xidmət sahəsində uğur qazandı. Artıq dövlət idarələri vətəndaşlar üçün daha əlçatandır. Biz xidmət coğrafiyamızı genişləndirmək və xidmətlərin sayının artırmaqla yanaşı, operativliklə əhalinin marağını təmin etməyə çalışırıq. Hazırda “ASAN Xidmət”də 10 dövlət qurumu tərəfindən ümumilikdə 230 xidmət həyata keçirilir. Bura şəxsiyyət vəsiqəsinin dəyişdirilməsindən, notarial xidmətlərə qədər bir çox sənədin əldə olunması daxildir”.

Anar Hüseynovun sözlərinə görə, “ASAN Xidmət” mərkəzlərində həmçinin kövrək qrupa aid olan insanlara, yəni sağlamlıq imkanları məhdud olan şəxslərə də xidmətin əlçatanlığı üçün hər şey nəzərdə tutulub: “Mərkəzlərdə belə şəxslər üçün hər bir şərait yaradılıb. Hətta Sumqayıt “ASAN Xidmət” mərkəzində əlil arabasından istifadə edən şəxslər üçün xüsusi lift quraşdırılıb. Həmçinin vətəndaşlar “ASAN Xidmət” çərçivəsində olduğu yeri tərk etmədən 9-108 nömrəsinə zəng vurmaqla xidmətlərdən yararlana bilirlər. Bu xidmət üçün ümumi xidmət üçün nəzərdə tutulmuş rüsumdan əlavə xidmət haqqı da müəyyənləşib. Lakin yardıma ehtiyacı olan şəxslər və sağlamlıq imkanları məhdud insanlar üçün səyyar xidmət pulsuzdur”.

Anar Hüseynov TANAP layihəsi üzrə kəmər xəttinin keçəcəyi ərazilərdə yerləşən daşınmaz əmlak üzərində vətəndaşlarının mülkiyyət hüquqlarının təmin edilməsi məqsədilə yeni səyyar qrupların yaradıldığını deyib: “İşin daha səmərəli və operativ həyata keçirilməsi üçün 12 rayonda səyyar xidmətimiz fəaliyyət göstərəcək. Burada məqsəd daşınmaz əmlak sahiblərinin sənədlərinin qaydaya salınmasını asanlaşdırmaqdır. Sentyabrın 20-dən etibarən fəaliyyətə başlamışıq, indiyə qədər bu məsələ ilə bağlı səyyar xidmətlərimiz 5 rayonu əhatə edib”.

“ASAN Xidmət” rəsmisinin sözlərinə görə, artıq uşaq dünyaya gələndə valideyn doğum şəhadətnaməsi ilə yanaşı ilkin şəxsiyyət vəsiqəsini də əldə edə bilər: “Bu sənəd ölkə daxili əməliyyatlar üçün nəzərdə tutulub. 2013-cü ilin sentyabrına kimi uşaqların şəkilləri valideynin pasportuna əlavə edilirdi. Artıq hər bir şəxs bütün bioloji məlumatları - barmaq izi, 3D formatda şəkil, elektron imza olan biometrik pasporta sahib ola bilir. Bu sənəd sərhəd-keçid məntəqələrində rahat keçidə imkan verir”.

Anar Hüseynov sentyabrın 24-25-də insan hüquqları və qabaqcıl idarəetmə kontekstində dövlət xidmətlərinin göstərilməsi mövzusunda beynəlxalq konfransın nəticələrinə də toxunub: “Konfransda 30-a yaxın ölkədən 50-dək ekspert iştirak edirdi. NATO-nun, Avropa Şurasının, BMT-nin nümayəndələrinin iştirak etdiyi bu konfransda “ASAN Xidmət”in fəaliyyəti yüksək qiymətləndirildi. Bu qurum həm korrupsiyaya qarşı mübarizə, həm vətəndaşlara keyfiyyətli və operativ xidmət baxımından innovativ bir modeldir. Bir çox ölkələrdə elektron xidmətlərin göstərilməsi ilə bağlı təcrübə var. Lakin bu qurumlarda bir və ya iki dövlət idarəsinin işi əks olunur”.

Anar Hüseynov Bakı şəhərində qeydiyyata düşmək məsələsinə də toxunub: “Bakıda 4 saylı Sabunçu rayon “ASAN Xidmət” mərkəzi açıldıqdan sonra Bakı şəhəri üzrə qeydiyyat məhdudiyyəti aradan qalxdı. Artıq Bakıda qeydiyyatda olan hər kəs istənilən şöbəmizə müraciət edə bilər. Bundan əlavə Sumqayıt və Gəncə üzrə də mərkəzimiz fəal göstərir. Bu ilin sonlarına qədər Sabirabad və Bərdədə “ASAN Xidmət” mərkəzlərinin açılması nəzərdə tutulur. Masallı və Qəbələdə də regional mərkəzlərin açılması planlaşdırılır. Vətəndaşlar “ASAN Xidmət” mərkəzlərinin əhatə dairəsində olan ərazilər üzrə qeydiyyat prosedurlarını bizim mərkəzlərdə həyata keçirə bilərlər. Göstərdiyimiz xidmətlərə hərbi komissarlıqda qeydiyyata düşmək də daxildir”.

Anar Hüseynovun sözlərinə görə, “ASAN Xidmət” mərkəzlərində mənzillər üzərində ilkin çıxarışların alınması mümkündür: “Həyət evləri ilə bağlı təkrar çıxarışlar əldə edilir. Yeni tikililərlə bağlı isə əgər sənədlər qaydasındadırsa, müvafiq dövlət qurumları tərəfindən təhvil-təslim aktı sənədləşmə ilə həyata keçirilibsə, ilkin çıxarış əldə etmək mümkündür.
 

Vətəndaşlar bu barədə məlumat əldə etmək üçün çağrı mərkəzlərinə müraciət edə bilərlər”.

Müəllif | Apa.Tv
Apa.tv