Ekspert: “Azərbaycanda dərsliklərin hazırlanma mexanizmi dəyişdirilməlidir”
“Bu gün təhsildə əsas çatışmazlıq yenə də dərsliklərin hazırlanması ilə bağlıdır. Dərsliklərin hazırlanma mexanizmi dəyişdirilməlidir”. Bu fikirləri APA TV-də efirə gedən “Sosium” verilişinin qonağı, Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev deyib.
Qonaq son vaxtlar təhsil sistemində həyata keçirilən islahatlarla bağlı öz fikirlərini bölüşüb: “Biz təhsil üzrə Dövlət Strategiyasının hədəflərinə çatmaq üçün mexanizmlər hazırlamışıq. Görülən işlər çoxdur. Artıq təhsilin yeni məzmunu yaranıb. Kadr hazırlığı ilə bağlı yeni məsələlər proqrama daxil edilib”.
Əjdər Ağayev dərsliklərin hazırlanmasında nəşriyyatların yalnız tərtibata cavabdeh olmasını təklif edib: “Dərsliyin məzmunu mütəxəssislərə həvalə olunmalıdır. Hazırda Təhsil Nazirliyinin keçirdiyi tenderdə iştirak edən nəşriyyatlar müəllifləri özü tapır və dərslikləri hazırlayır. Tender komissiyası isə əsasən dərsliyin məzmununa yox, tərtibatına, keyfiyyətinə fikir verir. Bu tenderi qazanan nəşriyyat dərsliyi nəşr edib, Təhsil Nazirliyində Dərslikləri Qiymətləndirmə Şurasına təqdim edir. Yeni yanaşmada TQDK da bu qiymətləndirmədə iştirak edir, qüsurları aradan qaldırmaq üçün öz təkliflərini verir. Təhsil nazirinin göstərişinə əsasən, bu dərsliklər bir il ərzində pilot məktəblərdə təcrübədən keçirilir”.
Professor dərsliyin Konstitusiya qədər əhəmiyyətli sənəd olduğunu deyib: “Dərslik pedaqoji, psixoloji, metodiki, hətta siyasi tələblərə cavab verməlidir. Çünki dərslik Konstitusiya qədər əhəmiyyətli sənəddir. Çox təəssüf ki, xüsusilə ibtidai siniflər üçün hazırlanan riyaziyyat dərsliklərində çoxlu nöqsanlar var. Bu qüsurların əsas səbəbi isə odur ki, metodika zəifdir, məntiqi əlaqə və sistem yoxdur. İbtidai sinif şagirdinə verilən bilik onun anlaq səviyyəsinə, təcrübəsinə, görüşünə uyğun olmalıdır. Yoxsa heç pedaqoji təcrübəsi olmayan birinin alman kitabını köçürüb dərslik yazması və bununla da uşaqların alman uşaqları kimi yetişəcəyini deməsi pedaqoji baxımdan təcrübəsizlikdir. Çünki bir kitabla uşaqları dəyişmək olmaz”.
Təcrübəli pedaqoq valideynlərin uşaqların dərs hazırlığında iştirakına öz münasibətini bildirib: “Mən bir mütəxəssis kimi ibtidai sinif şagirdlərinin yazı işlərinə, tapşırıqlarının icrasına valideynin qarışmasının əleyhinəyəm. Valideyn yalnız uşağın dəftər-kitabının səliqəsinə, tapşırıqlara məsuliyyətli yanaşmasına nəzarət edə bilər. Əslində, uşaq məktəbdə öyrədilməlidir. Dərsliklər hazırlanarkən uşaqların fizioloji xüsusiyyətləri nəzərə alınmalıdır. Mən öz təcrübəmdən çıxış edərək təklif edirəm ki, dərslik mühüm strateji əhəmiyyətli və çox böyük vətənpərvərlik və vətəndaşlıq hissi aşılayan sənəd kimi, dövlətin təhsil siyasətində əsas standartları ödəyən sənəd kimi hökumət tərəfindən hazırlanmalıdır. Təhsil Nazirliyi müsabiqə elan etsin, dərsliklər mütəxəssislər tərəfindən bir neçə variantda hazırlansın, təcrübədən keçirilsin, sonra nəşriyyatlar tenderdə iştirak edərək onu çap etmək hüququ əldə etsin. Onun hazırlanmasına cavabdeh olmasın”.
Əjdər Ağayevin fikrincə, dərsliklərin hazırlanmasına hökumət səviyyəsində nəzarət olunmalıdır: “Dərsliyin hazırlanmasında pedaqoji didaktik tələblərdən başqa, ideoloji istiqamət də nəzərə alınmalıdır. Dərsliyi hazırlayan şəxs yüksək səviyyədə ideoloji hazırlığa malik olmalıdır. Çünki dərslik sadəcə material doldurmaq üçün deyil, onun əsas qayəsi bilik vermək deyil. Müəllim biliyi tədricən şagirdə mənimsətməlidir. Burada dərslik istiqamətvericidir. Bizim Azərbaycan tarixi dərsliyi hələ də sistemləşdirilməyib və lazımi səviyyədə deyil. Dərsliyin hazırlanması hökumət səviyyəsində həyata keçirilməlidir”.
Qonaq xaricdə təhsil alan tələbələrin işlə təmin olunmasının vacib hesab edir: “Sovet dönəmində də tələbələrin Azərbaycandan kənarda - Moskvada və digər şəhərlərdə ali təhsil alması üçün şərait var idi. O zaman bu iş ardıcıl sistem üzrə aparılırdı. Həmin tələbələri seçilməsi, göndərilməsi, təhsilinə nəzarət və geri qayıdandan sonra işlə təmin olunması ardıcıl şəkildə həyata keçirilirdi. Lakin indi bizim xaricdə yüksək səviyyədə təhsil alan, hətta müdafiə edib doktorluq adı qazanan tələbələrimizin müəyyən qismi lazımi yerdə iş tapa bilmir. Belə tələbələr yaxşı işlə, yüksək maaşla təmin olunmalıdır. Əgər belə şərait və sistem yaradılarsa, bizim xaricdə təhsil alan tələbələrimiz də qayıdıb gələrlər. Həmin tələbələrin Vətənə qayıtması məcburiyyət və şərtlə yox, könüllü hazırlıqla həyata keçirilməlidir. Bu gün diasporların gördüyü işlərin əsas icraçıları bizim xaricdəki tələbələrimizdir”.
Əjdər Ağayev Təhsil Nazirliyinin “Sabah qrupları” layihəsinin yüksək qiymətləndirib: ““Sabah qrupları” layihəsi çox uğurlu addımdır. Hazırda Təhsil Nazirliyi həqiqi mənada yeni düşüncə nümayiş etdirir. Bir çoxları ali təhsil almış müəllimlərin yenidən imtahan edilməsinin əleyhinədir. Lakin reallıq göstərir ki, nazirliyin əmri ilə işlə təmin olunan kadrlar daha uğurlu fəaliyyət göstərirlər. Təhsil kütləvilik tələb edir, lakin bu sahədə kütləviliyi təmin etmək çətindir”.
Qonaq “Sabah qrupları” üçün dərslik və müəllim hazırlığı məsələsinə də toxunub: ““Sabah qrupları”nın dərsliklərində istiqamətvericiliyin olması kifayətdir. Lakin bu qruplarda tədrislə məşğul olan müəllimlər həmin tələbələrin səviyyəsinə uyğun olmalıdır. Mən bizdə belə müəllimlərin olmadığını deməyə cəsarət etmirəm, çünki yaxşı müəllimlərimiz çoxdur, lakin hal-hazırda onlar hamısı öz sahəsində ciddi işlərlə məşğuldurlar. Gələcəkdə biz bu qrupların faydasını görəcəyik. Təhsil sahəsində seçimlər insanın öz keyfiyyətləri və vətəndaşlıq xüsusiyyətləri nəzərə alınmalıdır. Təhsil prinsipiallıq və şəffaflıq tələb edir, burada milli qeyrət, milli mənafe şəxsi qeyrətdən, şəxsi mənafedən üstün olmalıdır”.