Züleyxa Nəcəfova: “Uşağın televizorun qabağında saatlarla oturması onun inkişafına heç bir təsir etmir”
Uşaqların nitq qüsurları barədə loqoped və defektoloq dəyərləndirmələri
“Əgər uşaq qığıldamırsa, deməli, onun nitqində problem olacaq. Bu problemin hansı formada ortaya çıxacağını müəyyənləşdirmək üçün mütləq mütəxəssisə vaxtında müraciət etmək lazımdır”. Bu fikirləri APA TV-də efirə gedən “Sosium” proqramının qonağı, uşaq inkişafı üzrə mütəxəssis Züleyxa Nəcəfova deyib.
O uşaqlarda müşahidə olunan nitq qüsurlarının səbəbləri barədə danışıb: “Valideynlər uşaq doğulan gündən ona qarşı diqqətli olmalıdırlar. Nitqin gecikməsi həm autizmlə, həm də uşağın eşitmə qabiliyyətində olan problemlə bağlı ola bilər. Uşaq doğulandan bir neçə ay sonra qığıldamalıdır. Bəzi valideynlər təcrübəli olurlar, amma bəzən ailədə ilk uşaq olduğundan valideynlər bundan şübhələnmirlər. Uşaq doğulduğu gündən etibarən 0-5 yaş arası dövr onun fenomenal sürətlə inkişaf etdiyi dövrdür. 0-1 yaş ərzində uşaqda gedən fiziki inkişaf onun həyatının heç bir dövründə baş vermir. Təsəvvür edin, 3 kiloqram çəki ilə doğulan kiçik varlıq 1 yaşında ayaq üstə dik duran, gəzən, qaçan insana çevrilir. 1-3 yaş ərzində uşağın nitqi inkişaf edir. Əgər 1 yaşa qədər uşağın fiziki inkişafında hər hansı ləngimə varsa, 3 yaşına qədər əqli inkişafında ləngimə varsa, mütləq həkimə müraciət etmək lazımdır”.
Verilişdə iştirak edən defektoloq Elnarə Məmmədova nitqin gecikməsinin həm də valideynlərin uşaqla az ünsiyyətindən qaynaqlandığını deyib: “Bəzən valideynlər uşağın müvafiq yaş dövründə cümlə qurmamasından, fikrini ifadə edə bilməməsindən narahat olurlar. Lakin əvvəlcə valideyn özünə də diqqət yetirməlidir. Əgər uşaqla kifayət qədər ünsiyyət qurulmursa, onun qulağı informasiya almırsa, demək, bu, onun nitqinə də təsir edəcək. Hər hansı bir ləngimə valideynlə uşaq arasında aktiv kontaktın olmamasından da yarana bilər. Əgər normal ünsiyyət olduğu halda nitq ləngiyirsə, mütəxəssisə müraciət etmək lazımdır. Müasir dövrdə uşaqlar telefondan, kompüter və televizordan çox istifadə edirlər. Bu isə onların görüntülü informasiya almasına səbəb olur. Lakin onların qulağı səsləri az eşidir. Təbii ki, bu onların nitqinə də təsir edəcək. 3 yaşına qədər valideyn uşaqla ünsiyyət etmirsə, onun nitqi ləngiyəcək”.
Mütəxəssis valideynin uşaqla normal şəklidə danışmasının vacibliyini vurğulayıb: “Valideyn uşaqla uşaq dilində danışmamalı, onun yerinə sözləri deməməlidir. Loqopedik dərslər zamanı uşaq əli ilə göstərdiyini əşyanın adını mütləq deməlidir”.
Züleyxa Nəcəfova uşaqların nitqində olan problemləri aradan qaldırmaq üçün oyun üsulunun effektivliyindən danışıb: “Uşaqları oyun vasitəsilə öyrətmək çox rahatdır. Erqoterapiya adlanan bu üsul bütün dünyada uğurla tətbiq olunur. Ana mütləq uşağın göstərdiyi əşyanın adını deməlidir. Bəzən ailələr yanlış olaraq uşağın əmisinin və ya xalasının da gec danışmasını misal gətirirlər. Valideynlər uşağa bacardıqları qədər çox informasiya verməlidirlər. Uşağın televizorun qabağında saatlarla oturması onun inkişafına heç bir təsir etmir”.
Uşaqların mentalitetə aid olmayan uşaq verilişlərinə, başqa dildə olan cizgi filmlərinə baxmasının onların həm psixologiyasına, həm də nitqinə təsir etdiyini deyən mütəxəssisin fikrincə uşağın nitqi formalaşana qədər onunla məşğul olmaq lazımdır: “Əvvəllər belə bir yanlış fikir mövcud idi ki, loqoped uşağın nitqi ilə 3 yaşından sonra məşğul olmalıdır. Lakin loqopedə 3 yaşına qədər, yəni nitq formalaşana qədər müraciət etmək lazımdır”.
Defektoloq Elnarə Məmmədovanın fikrincə, uşaqlar hətta ana bətnində olarkən qəbul etdikləri səslərə reaksiya verirlər: “Əslində, uşaq ana bətnində olanda ətraf səsləri impuls kimi qəbul etməyə başlayır. Bu, onun gələcək inkişafında mütləq əks olunur. Ana unutmamalıdır ki, uşaq ana dilini əcnəbi dil kimi qəbul edir. Ona görə də hər bir valideyn uşağın əcnəbi dil kimi qəbul etdiyi ana dilini uşağına necə öyrətmək barədə düşünməlidir. İki fərqli dilin istifadə olunduğu ailələrdə uşaqlarda hansısa spesifik hərflərin tələffüzündə bəzən problemlər olur. Əlbəttə, burada uşağın qavramasından da çox şey asılıdır. Bizdə əcnəbi dildə tədris aparan məktəbəqədər tədris müəssisələri mövcuddur. Burada konkret plan və sistem olursa, uğurlu nəticə əldə etmək mümkündür”.
Züleyxa Nəcəfova iki dildə ünsiyyət zamanı uşaqların fərdi xüsusiyyətlərinin nəzərə alınmasının vacib olduğunu deyib: “Uşağın fərdi xüsusiyyətləri, potensialı nəzərə alınmalıdır. Məsələn əgər uşaq kəkələyirsə, onunla iki dildə ünsiyyət qurmaq olmaz”.
Loqoped sağlam uşağın inkişafı prosesinin hərtərəfli olmalı olduğunu deyib: “Əgər problem aşkar olunubsa, burada multidissiplinar komanda şəklində iş aparılmalıdır. Bəzən müraciət edən valideynlər yalnız uşağın nitqinin düzəlməsini əsas hesab edirlər. Lakin mütəxəssis kimi baxanda məlum olur ki, uşağın nevroloji problemi var. Yaxud ketonuriya diaqnozu qoyulan uşaqlarda belə problemlər ola bilər. Ketonuriya haqqında ümumi olaraq demək olar ki, əgər vaxtında xəstəlik aşkarlanarsa və uşağa hətta heç bir protein, hətta ana südü verilməzsə, o da normal inkişaf edə bilər. Lakin xəstəlik gec aşkar olunduqda və ona zülal verildikdə, belə uşaqda nitq olmur, mental problemlər, əqli gerilik yaranır. Valideyn belə problemi olan uşaqlarla loqopedin məşğul olmasını istəyir, lakin burada problemin kökü başqadır”.
Elnarə Məmmədova loqopedin işinin nəticəsi barədə danışıb: “Loqopedin işinin nəticəsini valideynlər görür. Ona görə onların nə qədər effektli olması barədə valideynlər daha dəqiq deyə bilərlər. Bəzən illərlə loqoped dərslərinə gedən amma effekt görməyən adamlara rast gəlirik. Məhz belə qeyri-peşəkar yanaşma hamının işinə kölgə salır. Loqopedlər o qədər fərdi şəkildə fəaliyyətlə məşğul olublar ki, onların bir-biri ilə ünsiyyəti, təcrübə mübadiləsi, biliklərin yenilənməsi ənənəsi unudulub. Düzdür, bu sahədə də maddi maraqların təmin olunması lazımdır. Bu gün bizdə beynəlxalq təcrübəyə malik loqopedlərimiz, nitq inkişafı və psixoloji mərkəzlərimiz var”.
Züleyxa Nəcəfova 6 regionda işlədiyini deyib: “Onlardan biri Bakının Yasamal rayonundadır. Lakin Biləsüvarda, Lənkəranda, Siyəzəndə, Xaçmazda da belə mərkəzlər var. İstər loqopediya sahəsində, istərsə də uşaq inkişafının digər sahələrində regionlarda mütəxəssislərə ehtiyac var. Regionlarda loqopediya xidməti yoxdur. Müalicənin uğurlu olması üçün ailə də mütəxəssislə yanaşı işləməlidir. Əgər evdə də uşaqla məşğul olunmursa, məşğələnin heç bir faydası olmur. Hər bir uşaq üçün fərdi məşğələ planı hazırlanmalı, valideynin məşğul olması üçün dərslər müəyyənləşməlidir”.
Elnarə Məmmədovanın sözlərinə görə, bölgələrdə loqopedik mərkəzin olmaması ucbatından valideynlər şəhərə gəlmək məcburiyyətində qalırlar: “Buna görə də biz loqopedləri bir araya gətirməyi nəzərdə tutmuşuq. İlk dəfə bu il noyabrın 14-də loqopedlər günündə Azərbaycan Loqopedləri Forumu təşkil edəcəyik. Bu forumda loqopedlərin daha da uğurlu işlərə imza atması üçün görüləcək işlər müzakirə olunacaq. Loqopedlərin özlərinin təklifləri səslənəcək və müzakirə olunacaq. Burada tələbələr də iştirak edəcək. Bu gün internet portallarında rus dili ilə bağlı müxtəlif cür loqoped materiallarına rast gəlmək olar. Çünki onlarda bu sahə bizdən qat-qat üstündür. Bizdə bir semestr ərzində tədris olunan fənlər Rusiyada bütöv ayrıca ixtisas kursu kimi keçilir. Bizdə bu sahə yenidir”.
Züleyxa Nəcəfova deyib ki, cəmiyyətdə sağlamlıq imkanları məhdud olan insanlara olan münasibət yüz illərlə formalaşıb: “Hətta qədim Spartada əlilliyi olan insanları dağın başından atırdılar. Tədricən bizdə bu stiqmalar aradan qaldırılmaz üzrədir. Hamıda belə düşüncə formalaşıb ki, əlilliyi olan insanlar yazıq, zavallıdırlar. Bölgələrdə elə hallar olur ki, evdə 25 yaşında əliliyi olan insan var, lakin qapı qonşusu bunu bilmir. Belə insanları ailələr də öz imicinə yaraşdırmır. Bu da ondan irəli gəlir ki, cəmiyyətdə stereotip var ki, əgər ailədə əlilliyi olan insan varsa, deməli, burada genetik problem var və hamı belə ailə ilə qohum olmaqdan çəkinir. Bu yanaşma dəyişməlidir. Əlillikdən heç kim sığortalanmayıb. Bəyəm bizim Konstitusiyamızda nəzərdə tutulan maddələr təkcə tipik insanlara aiddir? Qanun istisnasız hamıya aiddir. Biz çalışmalıyıq ki, cəmiyyət sağlamlıq imkanları məhdud insanları olduğu kimi də qəbul eləsin. Cəmiyyət elə düşünür ki, əlil arabasında olan hər kəs dilənçidir. Düzdür, mərhəmət hissi olmalıdır, lakin hamı çalışmalıdır ki, onların sərbəst hərəkəti üçün infrastruktur olsun, onların sosial həyatda iştirakına şərait yaradılsın. Onlar haqqında danışanda da kar, lal və s. kimi ifadələrdən istifadə etmək olmaz”.
Elnarə Məmmədova belə stereotiplər mental dəyərlərdən qaynaqlandığını deyib: “Hətta atalar sözlərimiz də var – “Qonşu qonşu olsa, kor qız ərə gedər”, “Lalın dilini anası bilər” və s. Əgər bu gün əlilliyi olan gənc aktivdirsə, cəmiyyət də adekvat olaraq aktiv olmalıdır”.