Sosioloq Cavid İmamoğlu: “Qızlar adətən “yox” deyə bilməyəndə zorakılığa məruz qalırlar”
“Yeniyetməlik dövrü uşaqların istər yaxşı, istərsə də pis vərdişlərə meyl etdiyi, ailədən qopduğu dövrdür. Azərbaycan reallığında adətən öz mühitini müəyyənləşdirməyən uşaqlar daha çox bu dövrdə təhlükəli davranırlar”. Bu fikirləri APA TV-nin “Sosium” verilişinin qonağı, sosioloq Cavid İmamoğlu deyib.
Qonağın fikrincə, ətrafdakılar yeniyetmələrin davranışlarında təzahür edən fərqliliklərə diqqət yetirməklə onları təhlükədən qoruya bilərlər: “Yeniyetmələrin davranışlarında qəribəliklərin ilkin simptomları – evə gec gəlmə, siqaret, spirtli içki və narkotik maddədən istifadədir. Yaxınları - müəllimlər, dostlar, qonşular və ailə onlarda bu halları görəndə diqqətli olmalıdır. Lakin burada problem odur ki, valideynlər arasında valideyn əməkdaşlığı, assosiasiyalar yoxdur. Nəticədə cinayətə meyl edənlərin hərəkətlərini faktiki olaraq monitorinq etmək olmur. Qabaqlayıcı tədbirlərlə yeniyetmələrin cinayətə meylinin qarşısını almaq olar. Xarici təcrübədə bunun üçün sosial işçilərin köməyindən istifadə olunur. Onlar məktəbdə qrupa daxil olan şagirdləri müşahidə edir, davranışlarını araşdırır. Bizdə belə sosial işçi olmadığından, əsas iş valideynlərin çiyninə düşür”.
Sosioloq yeniyetməlik dövründə olan uşaqların valideyn dəstəyinə daha çox ehtiyac duyduğunu deyib: “Valideynlərlə uşaqlar arasında problemlərin yarandığı dövr də məhz yeniyetməlik dövrüdür. 13-14 yaşına qədər tam olaraq valideyn nəzarətində olan yeniyetmə artıq müstəqil həyata başlayır. Belə vaxtda valideyn-övlad münasibətləri isti olmalıdır. Burada psixoloji dəstək də faydalı ola bilər, lakin bizim ailələrin hamısı üçün psixoloq əlçatan deyil”.
Cavid İmamoğlunun fikrincə, yeniyetmələr müəyyən situasiyalarda öz mövqelərini ortaya qoymaqda çətinlik çəkirlər: “Sosial bacarıqları zəif olan yeniyetmə bir çox hallarda “yox” deməyi bacarmır. Məsələn, ona siqaret, narkotik maddə, gecəni evdən kənarda keçirmək təklif olunanda, “yox” deyə bilmir. Nəyəsə “yox” demək özü bir sosial bacarıqdır. Bunu yeniyetmələrə aşılamaq lazımdır. Təcrübə göstərir ki, sosial bacarıqlar əsasən məktəbdə formalaşır. Qızlar adətən “yox” deyə bilməyəndə zorakılığa məruz qalırlar”.
Mütəxəssisin fikrincə, Azərbaycan mentalitetində bəzi mövzuların qapalı olması da vəziyyəti qəlizləşdirir: “Bizdə cəmiyyət cinsi həyat, zorakılıqla bağlı mövzulara qapalı olduğundan gənc qızlar zorakılıq mühitinə düşdükdə necə davranacağını, vəziyyətdən necə çıxacağını bilmir. Hamı elə bilir ki, onun qızının başına belə hadisə gələ bilməz və biz bu mövzunu müzakirə etmirik”.
Qonaq yeniyetmələrdə sosial bacarıqların formalaşdırılmasında xarici təcrübədən də misal gətirib: “Azərbaycanda həmyaşıddan həmyaşıda təhsil metodologiyası zəifdir. Dünya təcrübəsində müəllimin şagirdlərə deyə bilmədiklərini onların bunun üçün maarifləndirilmiş həmyaşıdları tərəfindən çatdırılmasını nəzərdə tutan proqram uğurla tətbiq olunur. Bunun üçün xüsusi məlumatlandırılmış lider həmyaşıdlar uşaqlarla müxtəlif mövzularda – cinsi həyat, reproduktiv sağlamlıq və s. məsələlər barədə danışır”.
Cavid İmamoğlu cəmiyyətin də nəzarət funksiyasının zəif olduğunu deyib: “Azərbaycan gənclərinin maariflənməyə ehtiyacı var. Bunun üçün müəllim-valideyn assosiasiyaları yaratmaq olar. Ali məktəblərdə tələbə təşkilatları var, lakin orta məktəblərdə şagirdləri birləşdirən təşkilatlar yoxdur. Uşaqlarla yeniyetməlikdən məşğul olmaq lazımdır. Bəzən elə olur ki, uşaq 13-14 yaşında etdiyi bir səhvlə bütün həyatını məhv edir. Rayonlarda, kəndlərdə insanlar icmalaşmış şəkildə yaşayırlar. Hamı bir-birini tanıyır, sözünə, məsləhətinə qulaq asır. Lakin şəhərlərdə belə deyil. Məktəblərdə hər hansı assosiasiya qurmaq üçün əvvəlcə yaşayış yerində icmalaşmaq lazımdır. Təəssüf ki, Azərbaycanda icmalaşma barədə qanun layihəsi 2006-cı ildən hazırlansa da, hələ də Milli Məclisdə müzakirəyə çıxarılmayıb”.
Qonaq mühitini dəyişən gənclərin çox vaxt buna hazır olmadığını da bildirib: “Fərd mühitini dəyişdikdə yeni mühitə uyğunlaşmağı bacarmalıdır. Şəhər mühiti sərbəstlik tələb edir. Lakin bu sərbəstliyə də nəzarət lazımdır. Digər tərəfdən isə, Azərbaycanda ailələr yardım üçün psixoloqa müraciət etməyə çəkinir. Bəzən elə olur ki, problemli uşağı psixoloq yanına gətirirlər, məlum olur ki, uşaqda bütün dəyərlər yerindədir, ailə ilə işləməyə ehtiyac var. Bunu ailəyə bildirəndə, qəbul etmir. Azərbaycanda qapalı və açıq ailə tipləri var. Uğurlu ailələr açıq ailə tipində olur”.
Sosioloqun fikrincə, yalnız cəza ilə gəncləri islah etmək uğur gətirmir: “Azərbaycanda yeniyetmələrin həbsxanadan kənar reabilitasiyası yoxdur. Yalnız Bakıda bir mərkəz var, bu isə 3 milyona yaxın əhalisi olan şəhər üçün çox azdır. Faktiki olaraq, bizim uşağa cəza verməkdən başqa yolunuz yoxdur. Günahkar gənc və ya yeniyetmə qanun qarşısında cəza çəkdikdən sonra cəmiyyət onu ömürlük və amansız cəzalandırır. Bu ictimai qınaq gəncin yenidən cinayətə meyllənməsinə səbəb olur”.
Cavid İmamoğlunun sözlərinə görə, bu problemin həllində İsveç modelindən yararlanmaq olar: “16 yaşına qədər gəncləri cəzaçəkmə məntəqəsində saxlamırlar. Reabilitasiya məntəqəsində tərbiyə edirlər. Lakin bizdə cəzaçəkmə məntəqəsi, həbsxana insanları islah etmir. Azərbaycan reallığında gənclər evlənənə qədər hətta cinsi həyata hazır olmur. Cinayətkarlar cinayət törətdiyini fərqində olmurlar. Onlara bunu söhbət edib başa salmaq lazım gəlir. Reabilitasiya ona görə vacibdir ki, bu zaman gənclərə dəyərlər aşılanır. Cinayətə meylli olan gənclərdə mənəvi dəyərlər yerində olmur. Psixoloji dəstək olmasa, bu, onlar üçün davranış modelinə çevrilir. İslah olunmaq üçün azadlıqdan məhrum etmək azdır. Bu yalnız cəzadır. İslah olunmaq üçün həm cəmiyyətin dəstəyi lazımdır, həm də psixoloji dəstək lazımdır. Yeniyetməlik elə dövrdür ki, ona nə model qoysan, o da işləyəcək. Bunun üçün təbii ki, artıq cəzaçəkmə məntəqələrində psixoloqlar fəaliyyət göstərir. Cinayətə meyl edən risk qruplarına daxil insanların ailə modelində əksiklik var. Ən yaxşı ailə funksional ailədir. Münasibətlərin düzgün olduğu, hamının rolunun düzgün müəyyənləşdiyi ailədə belə problem olmur. Uşaq evlərində olmaq özü də risk faktorudur. Cəzaçəkmə müəssisələrdə hər bir hal ayrıca araşdırılmalı və müəyyənləşdirilməlidir. Adi telefon oğrusu ilə bank yaran şəxsi bir yerdə saxlamaq düzgün deyil. Bu zaman sosial işçilərin də rəyi nəzərə alınmalıdır”.