Psixoloq Lalə Hüseynova: “Uşaqların düzgün cinsi tərbiyə almaması bir çox xəstəliklərə səbəb olur”
“Uşaq cinsi mövzuda ilk sualı valideynə verir, buna görə də valideyn belə suallara hazır olmalı, uşağı özü məlumatlandırmalıdır”
“Uşağın cinsi münasibətlərlə bağlı sual verməsi normaldır. Uşaq 3-4 yaşında hər şeylə maraqlanmağa başlayır. Əgər bu barədə sual vermirsə, demək, uşaqla valideyn arasında münasibət düzgün qurulmayıb, yəni valideyn avtoritardır və uşaq ondan çəkindiyi üçün ona sual verə bilmir”.
Bunu APA TV-də efirə gedən “Sosium” proqramının qonağı psixoloq Lalə Hüseynova deyib.
Mütəxəssisin fikrincə, hər bir uşaq 2-3 yaşından etibarən öz cinsini tanımağa və hər şeylə maraqlanmağa başlayır: “2-3 yaşında uşaq öz cinsiyyət orqanları ilə də maraqlanır. Bu yaşda – “Bu nədir və nə üçündür?” - deyə valideynə sual verən uşaq, artıq 3-4 yaşında necə dünyaya gəlməsi ilə maraqlanır. 4-5 yaşında o artıq ata ilə ana arasında olan münasibətləri soruşmağa başlayır. Bu zaman valideyn uşağı özü məlumatlandırmalıdır. Çünki müasir dövrdə uşaqlar başqa mənbələrdən, internetdən bu sualların cavabını almağa başlayırlar. Əgər ilk dövrdə uşaq valideyn tərəfindən düzgün məlumatlandırılmasa, artıq 8-10 yaşında uşaq gizlilik dövrünə qədəm qoyanda artıq dostları ilə bu barədə gizli söhbət etməyə başlayır. Bu zaman vaxtilə valideyn ona səhv məlumat verdiyi ortaya çıxanda uşağın valideynə inamı itir”.
Psixoloq belə hesab edir ki, valideynlə cinsi mövzuda söhbət edə bilməyən uşaq gələcəkdə müəyyən problemlərlə qarşılaşa bilər: “Bu sualı valideynə verə bilməyən uşaq sabah öz fikirlərini onunla bölüşməkdə çətinlik çəkəcək. Digər tərəfdən, əgər valideyn ona sual verilərkən cavab verməzsə, kobud reaksiya verərsə, gələcəkdə onda bir çox cinsi problemlər yarana bilər”.
Lalə Hüseynova valideynlərin bu zaman özlərini necə aparmasının, hətta üz mimikalarının da vacib olduğunu deyib: “Əgər valideyn uşağın belə şeylərlə maraqlanmasını utanılacaq, pis bir hal olduğunu hiss etdirərsə, uşaq cinsi meylin mənfi hal olduğunu düşünəcək. Şüur altında yerləşən bu düşüncə qızlarda vaginizm, oğlanlarda isə başqa xəstəliklərin yaranmasına səbəb olur. Uşaq vaxtı cinsi meylin tərbiyəsizlik kimi təqdim olunması gələcəkdə cinsi həyatda problemlər yaradır. Valideyn aybaşının təbii proses olduğunu, orqanizmin təmizlənməsi olduğunu başa salmalıdır. Uşaqlar belə məsələlərin çoxluq içərisində müzakirəsi zamanı səhv məlumatlar da ala bilər, ona görə valideynlər fərdi şəkildə uşaqla söhbət etməlidir”.
Qonağın sözlərinə görə, yaşından asılı olmayaraq uşağın suallarının onun başa düşəcəyi şəkildə lakin düzgün cavablandırmaq lazımdır: “İndiki uşaqlara leylək gətirib demək qeyri-mümkündür. Valideyn özü uşaqla söhbətə hazır olmalıdır. Uşaq belə sualı hamının içərisində də verə bilər. Valideyn bunu sakit şəkildə qarşılamalıdır. Bu suala cavab verərkən uşaqla göz təması səviyyəsində oturmaq çox vacibdir. Cavablar uşağın yaş dövrünə uyğun olmalıdır. Lakin valideyn hər şeyi adı ilə və olduğu kimi izah etməlidir ki, uşaqda sual qalmasın”.
Psixoloq uşağın cinsi tərbiyəsinin onun təhlükəsizliyi üçün də əhəmiyyətli olduğunu vurğulayıb: “3-4 yaşında uşağa cinsiyyət orqanları haqqında məlumat verərkən məhrəmlik anlayışı da aşılanmalıdır. Ona bu barədə başqaları ilə danışmamalı olduğunu demək lazımdır. Çünki uşaqlar məhz bu yaşda özləri də bilmədən cinsi təcavüzə məruz qalırlar. Uşağa bunun yalnız özünə aid olan, başqalarına, hətta qohumlara belə yasaq olan məhrəm olduğunu başa salmaq lazımdır. Uşaq onu maraqlandıran bir sual haqqında düzgün məlumatlandırılsa, artıq ikinci dəfə bu barədə sual verməyəcək, bu artıq onun üçün maraqlı olmayacaq”.
Lalə Hüseynova uşaqların ən çox dünyaya necə gəlməsi ilə maraqlanmasını da normal hesab edir: “3-4 yaşında uşağa dünyaya necə gəlməsi tam şəkildə düzgün izah olunmalıdır. Bu zaman onun ananın bətnində necə yaranması, hamiləlik prosesi uşağın başa düşəcəyi tərzdə deyilməlidir. Ata-ana uşağın beynində düzgün model formalaşdırmalıdırlar. Yeniyetməlik dövrünə çatanda uşaqda özünü kəşf etmə və özünü göstərmək meylləri yaranır. Bəzən uşaqlar sual verirlər ki, onlar özləri nə zaman bu hərəkətləri təkrar edə bilərlər? Bu zaman valideyn bütün bunları böyüyəndə, vaxtı çatanda etmək lazım gəldiyini başa salmalıdır. Uşaqlar artıq iki cins arasında münasibət, təmas, yaxınlıq barədə suallar verirlər”.
Qonaq həm qız, həm də oğlan uşaqlarının cinsi tərbiyəsi ilə ananın məşğul olmasının daha məqsəduyğun olduğunu deyib: “Uşaqlar adətən belə sualları ilk olaraq anaya verirlər. Bu zaman oğlanları da ananın məlumatlandırması doğru hesab olunur. Çünki bu yaşda oğlan uşaqlarında utanmaq, çəkinmək kimi hisslər formalaşmayıb. Həm də Azərbaycanda ailə ənənələri elədir ki, atanın obrazı daha avtoritar olur. Uşaqlar belə suallara anaya daha rahat şəkildə verirlər”.
Lalə Hüseynova gənclərin cinsi azlıqlara meyllənməsinin səbəblərindən də danışıb: “Digər tərəfdən isə, belə sualların ana tərəfindən cavablandırılması, məktəbdə daha çox qadın müəllimələrin olması həm qızlarda həm də oğlanlarda qadın obrazının daha aparıcı kimi qəbul olunmasına, cinsi faktorun zəifləməsinə gətirib çıxarır. Məktəblərdə kişi müəllimlərinin olması nəinki cinsi baxımdan, həm də vətənpərvərlik baxımından, kişi modelinin yaranması baxımından vacibdir. Uşaqlarda kişi obrazının qıtlığı gələcəkdə qızların kişi kimi, oğlanları qadın kimi davranmasına, başqa sözlə, homoseksuallığa səbəb ola bilir. Hətta geyim tərzi özü də bu zaman müəyyən rol oynayır. Məsələn, oğlanların dar şalvar geyinməsi onların yerişinə, ayaqlarının quruluşuna təsir edir. Yaxud da qızların açıq-saçıq geyinməsi artıq oğlanlarda göz tələbatının ödənməsinə, cinsi həvəsin azalmasına səbəb olur. Bu proses uzun illər boyu şüur altında gedir”.
Qonaq yeniyetmələrin davranışlarında müşahidə olunan qeyri-adiliklərlə bağlı da danışıb: “Yeniyetməlik dövründə uşağın fiziologiyasında fərqli proseslər gedir. Bu dövrdə ürək-damar sistemində dəyişiklik baş verir. Bu zaman uşaqların daha çox valideynlərə qarşı aqressiv davranması əslində, onları daha yaxın hiss etməsi ilə bağlıdır. Belə vaxtda uşağı əlavə məşğələlərə, idmana qoymaq lazımdır ki, enerji sərf olunsun”.
Lalə Hüseynova uşaqların davranışlarına görə onların cinsi təcavüzə məruz qaldığını müəyyənlərşdirməyin mümkün olduğunu deyib: “Belə hallarda valideyn diqqətli olmalıdır. Əgər onu öpəndə uşaq aqressiv davranırsa, özünə qapanırsa valideynlər mütləq mütəxəssisə müraciət etməlidirlər. Uşağın çəkdiyi şəkillərə baxıb asanlıqla onun cinsi təcavüzə məruz qaldığını müəyyənləşdirmək olar. Belə uşaqlar özləri də bilmədən şəkillərdə daha çox cinsi elementlərdən istifadə edir. Əgər belə bir hal varsa, valideyn uşaqdakı bu travmanı təkbaşına aradan qaldıra bilməz. Ailə qurduqdan sonra da bu şüuraltında qaldığından onu incidir, heç kəsə deyə bilmir. Araşdırsaq görərik ki, boşanmaların çoxunun kökündə məhz cinsi maraqların ödənilməməsi durur”.
Qonağın fikrincə, uşaqların bu mövzu ilə bağlı çox sual verməsini təbii qarşılamaq lazımdır: “Uşaqların həddən artıq cinsi mövzu ilə maraqlanması normaldır. Əgər maraqlanırsa, öyrənməlidir. Burada uşağın inkişafından çox şey asılıdır. Bəzi uşaqların 6 yaşında verə biləcəyi sualı başqası 3 yaşında verə bilər. Valideynlər uşaqların internetdə nə ilə maraqlandığına nəzarət etməlidir. Eyni zamanda, valideyn özü də cinsi tərbiyə ilə məşğul olmaq üçün məlumatlı olmalıdır. Bunu internet vasitəsilə, müəyyən kitablardan öyrənə bilərlər. Hər bir valideyn öz uşağını hamıdan daha yaxşı tanıyır. Əgər cavab verməkdə çətinlik çəkdiyi sual olarsa, bunu vaxtı gələndə uşağa başa salacağını deməlidir. Əbəs yerə deyil ki, uşaq cinsi mövzuda ilk sualı elə 2-3 yaşında məhz valideynə verir”.