Leyla Yolçuyeva: "3-4 ildən artıq narkotikdən istifadə edənlərin tamamilə sağalması mümkünsüzdür"
”2013-cü ildə Mərkəzi Narkoloji Dispanserin açıqlamasına görə, Azərbaycanda 28376 nəfər rəsmi qeydiyyatda olan narkotik maddə istifadəçisi olub. Onlardan 1566 nəfəri qadınlardır. Lakin qeyri-rəsmi statistika bundan 2-3 dəfə daha artıqdır”. Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin sədr müavini Leyla Yolçuyeva deyib.
Onun sözlərinə görə, uzun müddət narkotik vasitədən istifadə edən və bunsuz həyatına davam edə bilməyənlər artıq narkoman hesab olunur: “2-3 ildən artıq narkotik maddədən istifadə edənlər artıq narkomana çevrilirlər. Belə insanların artıq geriyə yolu yoxdur. Təbii ki, bir il və ya bir neçə ay istifadə edənlərin həyata qayıdışı daha asandır. Onlara vaxtında kömək edərək qurtarmaq olar. Lakin təəssüf ki, 2-3 ildən artıq narkotik vasitələrdən istifadə edənlərin həyata qayıdışı mümkün deyil. Bəzən narkomanlar etiraf edirlər ki, “mən 5 və ya 6 ilə istifadə etdim”, ancaq sonra yoluma qayıtdım. Lakin biz hələ təcrübədə beləsinə rast gəlməmişik. Onlar üzdə hamını inandırsalar da, kənarda müəyyən yollarla həmin narkotik vasitələri tapıb istifadə edirlər”.
Leyla Yolçuyeva hesab edir ki, bu məsələdə ən çox məsuliyyət həm ailənin, həm də cəmiyyətin üzərinə düşür: “Ailə övladlarının ətrafındakı adamlardan xəbərdar olmalıdır. Valideynlər uşaqların çevrəsini tanımalıdır. Narkotik maddələr barədə tamamilə xəbərsiz olan saf, psixoloji cəhətdən zəif insanları narkotik maddələrin təsiri altına salmaq daha asandır. Belələrini çevrənin təsirinə salandan sonra əvvəlcə onlara narkotik maddələr pulsuz verilir. Daha sonra insanda asılılıq yaranandan sonra həmin vasitələri pulla əldə edirlər. Xüsusilə də məktəblilərin və tələbələrin valideynləri mütləq şəkildə övladlarına nəzarət etməlidirlər”.
Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin sədr müavini bildirib ki, hazırda narkokuryerlərin əsas hədəfində məktəblilərdir: “Çünki məktəblilər bu barədə az məlumatlıdır və yaşları az olduğuna görə onları bu yola çəkmək asandır. Əvvəlcə bu həblər onlara pulsuz təklif olunur. Müəyyən müddətdən sonra onlarda özünə inam hissi yaranır, öz böyüdüyünü sübut etdiyini düşünür. Müəyyən müddətdən sonra onlar özləri narkokuryerləri tapıb vasitəni pulla alırlar. Bu zaman işsizləri daha çox hədəf alırlar. Bu üsulla onlardan daşıyıcı kimi istifadə edirlər. Belə daşıyıcılar zəngin ailələrin uşaqlarına yol tapır, onlara narkotik maddə satırlar və bundan həm özləri qazanır, həm də başqalarına gəlir verirlər. 2013-cü ilin statistikasına görə, ölkəmizdə 14-18 yaş arasında cəmi səkkiz narkoman var. Lakin təəssüflə qeyd etmək istəyirəm ki, bölgələrdə narkomaniyanın ən kiçik yaş həddi 13 yaşdır. Bu isə həmin şagirdlərin maariflənməməsindən irəli gəlir. İldən ilə narkomaniya cavanlaşır”.
Leyla Yolçuyeva bildirib ki, bəzən hətta valideynlər övladlarını həmin çevrədən ayırmaq üçün evini dəyişmək məcburiyyətində qalır: “Lakin bu elə bir çərçivədir ki, narkoman olan şəxs oradan qopa bilmir. Hətta belələri yaşadığı ünvanı dəyişsələr də, sonra yenə həmin çevrə onu tapır və əvvəlki kimi öz işini görür. Ailə nə qədər nəzarət etsə də, övladı məktəbdə olanda onun nə işlə məşğul olduğunu, dərsdən sonra nə etdiyini tam izləyə bilmir. Təəssüf ki, məhz bu nəzarətsizlik və məlumatsızlıq gənclərin narkomana çevrilməsinə səbəb olur. Narkotiklərə qarşı Milli Təbliğat ofisi Təhsil Nazirliyi ilə birgə məktəblilər və müəllimlər üçün kurikulum proqramı çərçivəsində xüsusi broşürlər hazırlayıb. Burada əsas məqsəd məktəblərdə narkotiklərin zərəri barədə məlumat verməkdir. Yəqin ki, gələcəkdə bu mövzular dərs şəklində tədris olunacaq.
Düzdür, azyaşlılar qadağan olunan şeylərə daha çox maraq göstərir. Lakin onların məlumatlı olması daha yaxşıdır. Məktəbli bilməlidir ki, ona təklif olunan bu həblər, yaxud yumru formalı şəkərlər zərərli vasitələrdir və hətta ölümə də səbəb ola bilir. Tam məlumatsız şəkildə onlara təqdim olunan həblərin nə olduğunu bilmədən ondan istifadə etmək daha zərərlidir”.
Leyla Yolçuyeva təəssüflə qeyd edib ki, bəzən valideynlər övladlarının narkoman olduğunu bilə-bilə onu evləndirir: “Düşünür ki, ailə qurandan sonra hər şey düzələr. Lakin bəzən həmin bu narkomanlar öz həyat yoldaşlarını da məcburən narkotik vasitə istifadəçisinə çevirir. Digər tərəfdən yüngül həyat tərzi keçirən qadınlar da narkotik maddə istifadəçiləridir. Belələri istifadə etməkdən əlavə həm də narkokuryer kimi fəaliyyət göstərirlər. Onların əsas məqsədi narkoticarətdir. Bəzən isə ailələr övladlarının narkoman, yəni artıq inyeksiya istifadəçisi olduğunu bilsə də, ictimai qınaqdan çəkinərək onu qeydiyyata salmaqdan çəkinirlər və övladlarına kömək edib sağaltmaq əvəzinə, ətrafın fikrinə əhəmiyyət verirlər. Mənim fikrimcə, 1566 qadının narkotik istifadəçisi olduğuna rəsmi statistik rəqəm olsa da, qeyri-rəsmi rəqəm daha çoxdur”.
Mütəxəssis bildirib ki, asılılıq istifadə olunan narkotik maddənin növündən və istifadə müddətindən asılıdır: “2-3 ildən artıq müddətdə narkotik maddədən istifadə edən şəxs müalicə olunsa belə, artıq cüzi miqdarda narkotik qəbul etməli olur. Çünki orqanizm bunu tələb edir.
Təəssüflər olsun ki, bizim cəmiyyətdə narkomana artıq həyatı bitmiş şəxs kimi baxırlar. Xarici təcrübədə bu belə deyil. Onlar müalicə olunduqdan sonra xüsusi reabilitasiya mərkəzlərində qalırlar və daim müalicənin nəticəsi və narkomanın vəziyyəti nəzarətdə olur. Lakin bizdə cəmiyyətin yanaşması narkomanı da müalicəni mənasız hesab etməsinə səbəb olur. Bir çoxları məlumatsız olduqlarından düşünürlər ki, bir müddət istifadə etdikdən sonra müalicə olunub geri qayıtmaq mümkündür. Belələri bilməlidirlər ki, bu yolun geri dönüşü yoxdur. Narkotik vasitə istifadəçilərində müəyyən dəyişikliklər olur. İlk öncə ağızlarının formasında, çənədə, dəridə deformasiya baş verir. Ağızlarında əyilmə olur, gözləri çox vaxt yuxulu və sulu olur. Çox vaxt hava isti olanda onlar üşüyürlər, soyuq havada istilənirlər. Belə insanlar səbəbsiz yerə gülür və ya ağlayırlar, əsəbiləşirlər. Hərəkətlərini nizamlaya bilmirlər. Görünüşcə möhkəm görünsələr də, fiziki cəhətdən zəif olur, bəzən durduğu yerdə yıxılırlar. Valideynlər övladlarında belə dəyişiklikləri görsələr mütləq hərəkətə keçməlidirlər”.
Leyla Yolçuyevanın sözlərinə görə, narkotik maddə istifadəsinin də müəyyən dozaları var: “Az miqdarda istifadə bəlkə də uzun müddət zərərsiz kimi görünə bilər. Lakin istifadə dozası həddən artıq olduqda insan orqanizmi buna tab gətirə bilmir və belə hal ölümlə nəticələnir. Narkotiklərin növləri də, tərkibləri də müxtəlifdir. Elə narkotik var ki, istifadədən cəmi 10 dəqiqə sonra insana təsir etməyə başlayır. Əvvəlcə belə vasitələr insanda özünə inam yaradır, xoş bir eyforiya hiss olunur. Lakin təsir getdikdən sonra qusma, ağrılar müşahidə olunur. Təbii ki, bu halda istifadəçi daha artıq dozada qəbul etmək istəyir. Elə narkotik vasitələr var ki, bir saatdan sonra təsir edir. Elə həblər var ki, insana xüsusi enerji verir. Bunların öz təsir müddəti var.
Bəzən diskotekalarda insanlar enerji almaq üçün ekstazi həbi əldə edirlər. Bu zaman istədiyi qədər rəqs edirlər, yorulmurlar”.
Mütəxəssis bildirib ki, tək Azərbaycanda deyil, bütün dünyada şou-biznesin də adı narkotik vasitələrlə bağlı olur: “Bəzən görürük ki, saatlarla davam edən konsert proqramlarında müğənni həm oxuyur, həm rəqs edir, hətta bundan sonra tamamilə gümrah şəkildə müsahibə verir. Təəssüf olsun ki, bütün dünyada şou-biznes nümayəndələri arasında narkotik maddə istifadəçilərinə daha çox rast gəlinir. Əlbəttə, bu o demək deyil ki, bütün enerjili adamlardan şübhələnmək olar. Elə insanlar var ki, təbiətcə enerjilidir”.
Leyla Yolçuyeva qeyd edib ki, valideynlərdən biri və ya hər ikisi narkotik vasitə istifadəçisidirsə, onların övladları da müəyyən qüsurlarla doğulur: “Həmin uşaqlarda görünən qüsurlara baxıb asanlıqla valideynlərinin istifadəçi olduğunu təyin etmək olur. Təəssüf ki, belə insanların ailə qurmasına mane olmurlar. Bu cür ailədə doğulan uşaq həm ailə, həm cəmiyyət üçün faciədir.
Narkomanlar Mərkəzi Narkoloji Dispanserdə müalicə alırlar. Lakin təəssüf ki, bundan sonra reabilitasiya üçün mərkəzlər yoxdur. Onların sonrakı həyatına və ya müalicənin nəticələrinə nəzarəti həyata keçirmək qeyri-mümkündür. Çünki rəsmi qeydiyyatda hal-hazırda 30 minə yaxın insan var. Lakin məncə gələcəkdə bu proses mərkəzləşmiş şəkildə həyata keçirilsə və bir mərkəzdən idarə olunsa, nəzarət mexanizmini tətbiq etmək mümkün olacaq. Təəssüf ki, hələlik tamamilə narkomaniyadan qurtaran şəxslərin statistikası yoxdur. Bizim Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi hər il Azərbaycanda narkotiklərlə bağlı ümumi vəziyyət barədə həm Azərbaycan, həm də ingilis dilində illik hesabat jurnalı hazırlayır. Buraya daxil olan bütün məlumatlar DİN, MTN, Dövlət Sərhəd Xidməti və Gömrük Komitəsinin, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Mərkəzi Narkoloji Dispansetin məliumatlarına əsasən hazırlanır”.
Leyla Yolçuyeva sonda valideynlər övladların nəzarət etməyə çağırıb: “Onların çantalarını, ciblərini tez tez yoxlasınlar. Davranışlarına qarşı diqqətli olsunlar. Bizim dinimizə görə də insan orqanizminə zərərli olan hər şey haramdır”.