Arzu Nağıyev: "Ani ölümlə nəticələnən intiharların çoxu narkotikin təsirindən baş verir”

“Narkomaniya əsrin bəlasıdır. Bu problemlə nə qədər mübarizə aparılsa da, real nəticə əldə olunmur. Artıq Azərbaycanda elə bir ailə, qurum, elə bir nəsil yoxdur ki, narkomaniya ondan yan ötmüş olsun”. Bu fikirləri APA TV-də efirə gedən “Sosium” proqramının qonağı, ekspert Arzu Nağıyev deyib.

Mütəxəssis narkomaniyaya düçar olmağın mərhələlərini geniş izah edib: “Azərbaycanda rəsmi qeydiyyatda olan narkomanların sayı 28-30 min nəfərdir. Lakin əslində, ölkəmizdə narkomaniyadan əziyyət çəkənlərin sayı dəfələrlə çoxdur. Heç kim birdən-birə narkoman olmur. Bir dəfə narkotikdən istifadə edən şəxsə narkoman demək olmaz. Narkomanları bir neçə qrupa bölmək olar. Birincilər təcrübə və eksperiment edənlərdir. Belələri narkotikləri sınamaq istəyir və sonra bu təcrübəni təkrarlamır. İkincilər epizodik istifadəçilərdir. Bu qrup hər hansı məclisdə və qrupda “ağ qarğa” olmaq istəmədiyindən müəyyən şəraitdə narkotikdən istifadə edirlər, lakin yenə də sonralar təkrarlamırlar. Üçüncü qrup müntəzəm istifadəçilərdir. Belələri bilir ki, hansısa ad günlərində, toylarda, korporativ məclislərdə ətrafdakılarla birlikdə narkotikdən istifadə edəcək. Belələri həmişə belə vəziyyətə hazır olur. Bundan sonrakı mərhələ daimi istifadəçilərdir. Bunlar öz həftəlik dozalarını bilir və bunun üçün lazımi maliyyə vəsaitini tapırlar. Ən son hədd isə xəstə narkomanlardır. Bu şəxslər həkimlərin icazəsi ilə və icazəsi olmadan narkotik vasitələrdən mütəmadi istifadə edirlər. Bu təsnifata görə ilk iki mərhələdə olanlara sırf narkoman demək düzgün deyil. Lakin onlar narkomaniyanın bir addımlığında dururlar”.

Arzu Nağıyevin fikrincə, insan narkomaniyaya müqavimət göstərmək üçün şüurlu düşünməlidir: “Əgər insanlar ilk dəfə hansısa ləzzəti hiss etmək üçün narkotikdən istifadə edirlərsə, artıq ikinci, üçüncü dəfə ağrılarını kəsmək üçün, öz dilləri ilə desək, “lomkadan” çıxmaq üçün narkotikdən istifadə edirlər. Əgər insan fiziki imkanları ilə, şüuru ilə düşünürsə və onu bu yoldan saxlayan hansısa amillər varsa, narkomaniyadan qayıtmaq mümkündür. Lakin xəstə narkomanlar və daimi istifadəçilər artıq bu bəladan qurtara bilmirlər”.

Qonaq narkotik vasitə qəbulunun üsullarından və bu üsulların müxtəlif fəsadlarında da danışıb: “İnsanın narkomana çevrilməsi onun düşdüyü mühitdən, orqanizmdən, əldə etmək metodlarından asılıdır. Əvvəlcə yüngül doza ilə başlayanlar artıq bu dozanın ona təsir etmədiyini görəndə daha yüksək dozaya, güclü narkotiklərə keçirlər. Narkotiklərin bir neçə qəbul forması var. Bunlar iyləmə, çəkmə, inyeksiya və udmadır. İnyeksiya metodu demək olar ki, ən ağır metodlardan biridir. Bunun üçün xüsusi şərait və sprisdən istifadə etməyi bacarmaq lazımdır. Buna qədər iyləmək və çəkmək də var. Lakin nəticə etibarilə bunların hamısı narkotikdən istifadədir”.

Narkotik qəbulunun böyük maliyyə hesabına başa gəldiyini deyən ekspert bu bizneslə mübarizənin çətinliyinin də məhz maliyyə ilə bağlı olduğunu dilə gətirib: “İstifadəçilərlə söhbət etdikdə, çoxu boşluqdan, işsizlikdən və ya başqa heç nəyə maraq göstərməməkdən bu yola düşür. İndi narkotik vasitələri əldə etmək asanlaşıb. Narkotik o qədər də ucuz başa gəlmir. Əlbəttə, ola bilər ki, kimsə öz evində nəzarətdən kənar yerdə bir dibçəkdə narkotik əkib ondan istifadə edə bilər. Lakin ağır təsirli narkotiklər üçün böyük maliyyə vəsaiti lazımdır. Təxmini qara bazar qiymətinə görə, Əfqanıstanda istehsal olunan heroinin bir qramı 3;4;5 dollara başa gəlirsə, bunun daşınma ilə birlikdə Azərbaycandakı pərakəndə qiyməti 1 qramı 100 dollardır. Əfqanıstan istehsalı olan heroindən oradakı mənbə 3-4 milyarda ABŞ dolları qazanırsa, eyni miqdarda məhsul Avropaya çatanda bu məbləğ təxminən 34-35 milyarda gəlib çıxır. Bu isə həddindən artıq böyük bir vəsaitdir”.

Arzu Nağıyev inyeksiya istifadəçiləri arasında ağır xəstəliklərin də sürətlə yayılmasından danışıb: “Narkotik vasitə istifadəçiləri əsasən bir yerə yığılırlar və bu zaman bir şprisdən bir neçə nəfər istifadə edir. Narkomanlardan birində olan xəstəlik şpris və qan vasitəsilə o birilərə də keçir. Belə insanların xəstələnmə ehtimalı daha böyükdür. Ona görə İİV xəstəliyi ən çox inyeksiyadan istifadə edən narkomanlar arasında yayılır”.

Qonaq narkomanların get-gedə qəbul olunan dozanı artırmasının ölümlə nəticələndiyini deyib: “Narkomanın qəbul edə biləcəyi narkotik vasitə ona təsir etməyəndə ağrıları azaltmaq üçün birdəfəlik dozanı artırmağa məcbur olur. Narkotik vasitə adi dərman preparatı deyil, onun qəbulu damarların genişlənməsinə, beyin funksiyasının dəyişməsinə və s. təsir edir. Bu isə çox hallarda ölümlə nəticələnir. Heç bir narkoman düşünmür ki, məhz bu dozadan sonra öləcək”.

Arzu Nağıyev narkotik vasitələrin insana enerji verməsinin yanlış olduğunu da əsaslandırıb: “Bəzən belə fikir olur ki, narkotik vasitə insanın iş qabiliyyətini, enerjisini, gücünü artırır. Lakin bütün təcrübələr və tarix göstərir ki, bu səhv fikirdir. Narkotik vasitədən istifadə edən hər hansı musiqiçinin sonu ya ölümlə nəticələnib, ya da sənətdən ayrılıb. Çünki elə adam nə işlə məşğul olursa, ilk düşündüyü şey narkotikdir. Ekstazi və metamfetamin süni yaradılmış vasitədir. Sağlam orqanizm bu vasitələri qəbul edəndə damar genişlənməsi, qan dövranının artması müşahidə olunur. Bu zaman o daha çox rəqs edir, danışır. Lakin onun rəqsində və danışığında əlaqəlilik, sistematiklik olmur. Bəlkə də o dərmanın təsirindən on saat oynaya bilər, lakin özü də nə etdiyini anlamır”.

Qonaq son vaxtlar baş verən intihar halları ilə sintetik narkotiklər arasında əlaqənin olduğunu deyib: “Son vaxtlar spays adlı süni, yəni, sintetik narkotik peyda olub. Bəzi dövlətlərdə bunun istifadəsinə icazə verilmir. Çünki ekspertiza bunu narkotik kimi qəbul edir. Lakin bəzi ölkələrdə bu, narkotik hesab olunmur. Son vaxtlar istər Azərbaycanda, istərsə də digər ölkələrdə intihar hadisələri, xüsusilə də gənclərdə yüksək mərtəbələrdən özünü atmaq halları baş verir. Milli mentalitet baxımından bu halların niyə baş verməsi, narkotikdən istifadənin olub-olmaması dəqiq araşdırılmır. Məhz son vaxtlar peyda olan spaysın qəbulundan sonra insanda böyük hallüsinasiyalar, qarabasmalar və s. baş verir və insan ölümü qarşılamaq vəziyyətində olur. Sintetik narkotiklərin, o cümlədən ekstazinin də belə əlavə təsiri var. İntiharlardan danışarkən müqayisə aparmaq yerinə düşər. Məsələn, özünü tapança ilə vuranla özünü asan adamın intiharı fərqlidir. Özünü asmaq üçün insan əvvəlcədən kəndir hazırlamalıdır, nərdivan hazırlamalıdır, kəndiri boynuna keçirməlidir. Bu cür intihara hazırlaşan adam hansısa mərhələdə dayana biləcəyini bilir. Lakin narkotik vasitəni qəbul edən şəxs ölümü görməyə hazırdır. Belə ani ölümlə qarşılaşmağa hazır olanlarda psixi pozğunluq var. Əgər ölüm üçün şəxsin ciddi səbəbi yoxdursa, narkotik vasitələrin təsiri olduğundan şübhələnməyə əsas var. Mentalitet baxımından heç bir valideyn intihar etmiş övladına narkoman damğasının vurulmasına razı olmur”.

Arzu Nağıyev narkomanların maliyyə mənbəyindən danışarkən çox vaxt valideynlərin yanlış davradığını da vurğulayıb: “Bəzən olur ki, övlad narkomandır, valideyn bu haqda heç bir yerdə danışmır, daim susmağa üstünlük verir. Araşdıranda məlum olur ki, maliyyə mənbəyi qaytarılmayan borclardan başlayır. Bir müddət sonra evdə xırda oğurluqlar başlayır. Bunun da qarşısı alınmadıqda böyük oğurluqlar başlayır. Artıq bu da kifayət etməyəndə narkomanın mühiti onu həmin narkotik vasitələrin hazırlanmasına, saxlanmasına, satışına cəlb edirlər. Burada ilk addım maliyyə mənbəyini kəsmək olmalıdır. Burada söhbət yeniyetmələrdən gedirsə, valideyn də maraqlı olmalıdır. Əziyyətlə pul qazanan normal şəxs heç vaxt narkotik vasitəyə həftədə 100-200 dollar verməz. Əgər heroinlə hesablasaq, narkomanın həftəlik dozası 1 və 1,5 qramdır. Bu isə həftədə 100-150 dollar pul edir. Bu isə aylıq 450-500 dollar deməkdir. Heç vaxt narkomanın aldığı borcu qaytaracağına inanmaq lazım deyil. Bir müddət sonra o mütləq dələduzluğa əl atacaq”.

Qonaq uşaqların çox asanlıqla narkomaniyaya cəlb olunduğunu və sonra bu iş üçün istifadə edildiyini təəssüflə qeyd edib: “Narkotik vasitədən istifadə edən qurum və ya qrup öz maliyyə mənbəyini genişləndirmək üçün müxtəlif vasitələrə əl atır. Onlar özlərini maliyyələşdirən şəxsləri öz qruplarına cəlb edirlər. Məsələn adi kimyəvi kleyi körpə uşaq mütəmadi olaraq iyləsə əvvəlcə toksikomana, sonra isə narkomana çevrilir. Aseton, kapron corab, saç lakı, dırnaq lakı da belədir. Uşaqları da belə ucuz vasitələrlə öyrədirlər”.

Arzu Nağıyev dini sektalarla narkomaniyanın əlaqəsindən də danışıb: “İnsan hər hansı ikinci dünya ilə əlaqəyə girmək üçün ruhundan istifadə etməli, özündən çıxmalıdır. Özündən çıxmaq üçün isə ən yaxşı üsul narkotik vasitələrin qəbuludur. Bir vaxtlar islam dininin əsas qolu olan sufilikdə insanın özündən çıxması üçün belə vasitələrdən istifadə olunduğu deyilirdi. Lakin dinlərin hamısında o biri dünya ilə təmas məqsədilə bu vasitələrdən istifadə edilir. Hər hansı siyasi məqsəddə bəlkə də primitiv işləri həyata keçirmək üçün narkotikdən istifadə oluna bilər, lakin ağıllı işi görmək üçün əgər insan özündən çıxıbsa, artıq ona narkotik vermək düz deyil. Çünki insan narkotikin təsiri altında qeyri-adekvat hərəkətlər edə bilər”.

Ekspert hansı ailələrin övladlarının potensial narkoman olmasını da bildirib: “İstənilən bir ailədə əgər ən müqəddəs məqsəd pul qazanmaq, evə gəlir gətirməkdən ibarət olursa, bunun sonu həmişə faciə ilə nəticələnir. Hər bir ailədə böyük problemlər ola bilər. Lakin əgər ailə bütün müqəddəslikləri pulun və maddiyyatın üstündə qurursa, bütün digər müqəddəs dəyərlər məhv olur. İlk kontingent belə ailələrdə yetişir. Bütün ailələrdə boşanma baş verə bilər, bu normaldır. Lakin bəzən uşaqlar ortada qalır. Uşağın bir valideyni ola bilməz. O hər iki valideynin övladıdır. Nəzarətsizlik başlayır və bu cür faktorlar uşağın narkoman olmasına gətirib çıxarır. Uşağı valideyndən yaxşı heç kim tanıya bilməz. Təəssüf ki, valideynlər öz uşaqlarının narkoman olduğunu gizlədirlər. Uşağa 4-5 yaşından sonra başa salmaq lazımdır ki, həyat daimi deyil. Həyatın o biri üzü olduğunu, kiminsə rəhmətə gedə biləcəyini 4-5 yaşlı uşağa başa salmaq lazımdır. Uşaq bir yaxınını itirəndə qəflətən stressə düşməməlidir. İnsanlar çox vaxt qəfil stress zamanı narkotikə və alkoqola meyllənirlər. Eyni zamanda, uşağa hər şeyə icazə vermək də olmaz. Burada söhbət döyülməkdən, vurulmaqdan getmir. Təcrübə göstərir ki, ən çox ərköyün uşaqlar, tək uşaqlar, valideynlərindən biri alkoqolik olanlar, yaxın qohumlarında çatışmazlıq olanlar narkotikə meylli olurlar”.

Verilişdə mağazaların vitrinlərində hər kəsin asanlıqla əldə edə bildiyi enerji içkilərinin də təhlükəli olması müzakirə olunub: “Təkcə enerji içkilərində yox, siqaretdə, qəhvədə də asılılıq yaradan maddələr var. Həmin içkiləri qablarda uzun müddət saxlaya bilmək üçün tərkibinə qliserin qatılır. Qliserin isə orqanizmə müəyyən təsir edir. Bundan əlavə, onların üzərində idmançılar üçün, orqanizmi stimullaşdırmaq üçün, qan dövranını sürətləndirmək üçün deyə qeydlər olur. Təəssüf ki, bunların tərkibi barədə axıra kimi izah verilmir”.

Arzu Nağıyev narkomaniya ilə mübarizənin yollarını da müqayisəli şəkildə izah edib: “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234-cü maddəsində narkotiklərlə bağlı cəzalar nəzərdə tutulur. Bundan başqa, əgər müsadirə olunan vasitə sərhəddən keçirilibsə, buna qaçaqmalçılıq da əlavə olunur. Lakin təkcə cinayət törədənin həbsi ilə, təcrid olunması ilə bu məsələ həll olmur. Hal-hazırda dünyada narkotik vasitələrin satışının leqallaşdırılmasını sınaqdan keçirmək istəyirlər. Məsələn, ABŞ-ın müəyyən ştatlarında narkotiklərin açıq satışına icazə verilib. Lakin əgər insan hər hansı narkotik vasitə istifadəsindən sonra cinayət törətsə, başqa cinayətlər də onun üzərinə gəlir və həmin şəxs qara siyahıya salınır. Belə şəxs heç vaxt nə dövlət strukturunda, nə digər özünə hörmət edən şirkətlərdə işə götürülməz. Yəni leqallaşma da effekt vermir. Narkomaniya ilə mübarizənin digər bir üsulu isə maariflənmədir. Müəyyən yerlərdə orta məktəblərdə məcburi və könüllü testlər keçirilir. Bu zaman sidikdən və qandan analiz götürülür. Bu cavabı təkcə analizi götürən adam və valideyn bilir. Təəssüf ki, bizdə bu üsuldan çəkinirlər və valideynlər uşağın adının çıxmasının onun gələcək həyatına təsir edəcəyindən ehtiyat edirlər. Məktəb yaşında uşağın analizin narkotik maddənin aşkar olunması o deməkdir ki, o, gələcəyin potensial narkomanıdır. Bunu böyük qurumlarda, iş yerlərində də tətbiq etmək olar. Əvvəlcə müəllimin özündən başlamaq lazımdır. Əgər müəllim özü istifadəçi deyilsə və analizi verirsə, şagirdlər də, tələbələr də ondan nümunə götürürlər. Bu cür nəzarət daha güclü effekt verir. Lakin bunları həyata keçirmək özü də problemdir, bunun üçün testlər alınmalıdır, valideynlərdən icazə alınmalıdır. Bəzən valideynlər düşünürlər ki, orduya gedəndə düzələ bilər, lakin bu, yanlışdır. Orada qapalı, təcrid olunmuş mühitin, eyni yaşda olan uşaqların bir yerdə olmasının da öz problemləri var”.

Müəllif | Apa.Tv
Apa.tv