Psixoloq: “Koroğlu” stansiyası yaxınlığında körpüyə çıxaraq tələb irəli sürmək intihara cəhd deyil, şantajdır”

“Etirazın bu forması da başqasını yox, özü özünü girov götürərək dövləti şantaj etmək, tələb qoymaqdır. Son günlər “Koroğlu” stansiyası yaxınlığındakı körpüyə çıxaraq etirazını bildirmək dəbi intihara cəhd deyil. İntihara cəhd odur ki, insan intihar edir, lakin onu ölümdən xilas edə bilirlər”. Bu fikirləri APA TV-də efirə gedən “Sosium” proqramının qonağı, psixoloq Tariyel Faziloğlu deyib.

O, intiharların konkret səbəbinin olmadığını bildirib: “İnsanlar daha çox yeniyetməlik böhran dövründə intiharlara meylli olurlar. Posttravmatik stresslər, depressiyalar, sosiopsixopat qrupa daxil olanlar, yəni sinir sistemi zəif insanlar affekt vəziyyətinə düşmə riski yüksəkdir. Belə şəxslər ya qarşısındakına, ya da özünə zərər yetirə bilər”.

Qonaq intihar riskinə daha çox üç qrup insanın məruz qaldığını deyib: “Üç qrup insan intihara “təntənəli” şəkildə hazırlaşır. Bunlardan birincisi, özünü təsdiq edə bilmədiyindən dərin psixoloji böhran vəziyyətinə düşənlərdir. İkinci qrup insanlar daha çox fərqlənmək, özü barədə cəmiyyətdə fikir yaratmaq istəyənlərdir. Üçüncü qrup isə, həddən artıq yüklənmiş, zehni yorğunluğun beyni iflic həddinə çatdıran və özünənəzarəti itirənlərdir. Bu zaman onların alt şüurunda ölüm nöqtəsi aktivləşir, ölümlə bağlı düşüncələr formalaşır və sonda hazırlıqlı şəkildə intihar ssenarisi baş tutur”.

Psixoloq intihar üçün müxtəlif üsulların seçilməsi barədə də geniş danışıb: “Özünü yüksəklikdən atan insanlar əsasən qısamüddətli affekt vəziyyəti keçirənlərdir. Bir çox psixoloqların fikrincə, affekt vəziyyəti 3 saniyədən 3-4 dəqiqəyə qədər çəkir. Lakin bu müddət affekt vəziyyətin pik anıdır. Həmin vaxta qədər psixoloji böhran vəziyyəti davam edir. Belə vaxtda insan tək qalmağa çalışır. Əsasən də şəhərin gur yerində insanın tək qala biləcəyi yer binaların damlarıdır. Bu anda öz düşüncələri ilə tək qalan insanın beynində ölüm mərkəzi aktivləşdiyindən, çıxış yolunu ölümdə görür. Kəndirlə özünü asanlar isə ağır psixoloji böhran vəziyyəti yaşayaraq ölümü seçən insanlardır.”.

Tariyel Faziloğlunun fikrincə, heç də bütün hallarda intihar adlanan hadisələrin mahiyyəti eyni olmur: “Bütün dünyada baş verən intiharların heç də hamısı intihar kimi qəbul edilmir. Məsələn, yüksək sürət üzündən baş verən qəzalar intihar deyil, özünə qəsddir. Yaxud da hansısa narkotik maddənin təsiri altında ölümə getmək intihar sayılmır. İntihar ağır psixoloji böhran halında düşünülərək həyata keçirilən vəziyyətdir. İntihar anında insan qorxu hissi tam aradan qalxır. Bu zaman qorxu hissini aşılaya biləcək hər hansı bir təkan insanı intihar fikrindən daşındıra bilər. Adətən bu vaxt həmin insanlarla ədliyyə psixoloqları və sosioloqlar dialoqa girirlər”.

Qonaq insanların müəyyən şərtlər irəli sürərək etiraz etməsinin intihar olmadığını vurğulayıb: “Bu, ictimai diqqəti çəkməyin bir növüdür. Dünyanın hər yerində belə hallar baş verir. Bizdə intihara cəhd adı verilən bu halı dünyanın heç yerində belə adlandırmırlar. Türklər buna “əyləm” deyirlər. Əgər adam şərt qoyursa, bunu intihara cəhd adlandırmaq düz deyil. Qanunvericiliyə görə, dövlət hər bir vətəndaşın təhlükəsizliyinin təminatıdır. Etirazın bu forması da başqasını yox, özü özünü girov götürərək dövləti şantaj etmək, tələb qoymaqdır. Bu cür halların Azərbaycan mediasında intihara cəhd kimi tirajlanması tamamilə yanlışdır. Dünyada da belə hallar olur. Məsələn, təyyarəni sərnişinlərlə birgə qaçırıb şərt qoyurlar. Tələblər yerinə yetirilməsə, parlatmaqla hədələyirlər. Lakin partlatmırlar. Axı bu zaman onlar özləri də öləcəklər. Təyyarədə o qədər insanın ölümü müqabilində şərt qoyan şəxsin də ölümünü intihar adlandıra bilmərik. Yaxud da özünü öldürmək məqsədilə bir ovuc dərman içən şəxsə xəstəxanada tibbi yardım göstərilməsi və mədəsinin yuyulması nəticəsində sağ qalması intihara cəhdin qarşısının alınmasıdır”.

Psixoloq ən çox yeniyetmələrin intihara meylli olmasının səbəblərini izah edib: “Yeniyetməlik dövrü insan həyatının ən çətin dönəmidir. Bu, insanın yetkinlik və cinsi inkişaf dövrüdür. Bu zaman onlarda qarşı cinslə münasibətlər yaranır. Bu münasibətlər fonunda ciddi depressiyalar, stresslər yaşana bilər. Bundan əlavə, indiyə qədər ona uşaq kimi baxan ailə fərdlərinin gözündə uşaq artıq böyüdüyünü qəbul etdirmək istəyir, sərbəst fikir sahibi olduğunu təsdiq etməyə ehtiyac duyur. Yeniyetmələrdə sinir sistemi yükləndiyindən çox zəifləyir. Ən kiçik qıcıqlanma ağır sinir boşalmasına gətirib çıxarır. Bu zaman affekt vəziyyətinə düşən yeniyetmənin bütün şüuru donur və yalnız ölüm nöqtəsi aktivləşir. Qızlarda əsasən 11-12 yaşdan sonra aybaşı ilə cinsi inkişaf da başlayır. Oğlanlarda isə 12-13 yaşdan sonra fiziki görkəmin dəyişməsi baş verir. Bu dövrü travmasız keçirə bilmək üçün valideynlər öz övladları ilə münasibətləri əmr tonunda yox, dostluq zəminində qurmalıdırlar. Yeniyetmə “yox” sözünü qəbul etmir. Onlar yalnız izahla və hər şeyi özü təcrübədən keçirməklə qəbul edirlər. İndiki informasiya bolluğu şəraitində valideyn övladını köhnə üsullarla tərbiyə edə bilməz. Ən azı onların müəyyən ehtiyacları ilə bağlı məsləhətləşməyə üstünlük vermək lazımdır. Bu onun geyim tərzi, davranışları, dost seçimi məsələsi ola bilər. Əlbəttə, müəyyən kritik məqamlarda valideyn öz iradəsini ortaya qoymalıdır. Valideynlər bilməlidir ki, istisnasız olaraq hər bir yeniyetmə intihar riski daşıyır”.

Taryel Faziloğlu kişilərin daha çox intihar etməsini onların stressdən çıxa bilməməsi ilə əlaqələndirib: “Təkcə Azərbaycanda yox, dünyanın hər yerində kişilər intihara daha çox meyl edirlər. Xarakter etibarilə qadınlar emosionaldırlar. Onlar məğlubiyyəti özlərinə sığışdırmırlar. Buna görə də sona qədər savaşırlar və hətta bu zaman hər yola baş bilərlər. Ona görə də qadınla mübarizə aparmaq əbəsdir. Çünki kişi bir yerdə dura bilər, lakin qadın istədiyini əldə edənə qədər dayanmır. Lakin kişilər rasionaldırlar, yəni məntiqi təfəkkürə üstünlük verirlər. Emosional xarakterli insanlar intihara nadir hallarda əl atırlar. Məntiqi təfəkkürlü insanlar hadisələri öz içlərində yaşayırlar. Lakin emosional insanlar neqativ enerjini müxtəlif yollarla - qışqırmaqla, dağıtmaqla, ağlamaqla öz üstündən ata bilirlər”.

Qonağın fikrincə, içkiyə və siqaretə meyl etmək, evdən çıxıb getmək depressiyanı daha da dərinləşdirir: “Bu cür meyllər, problemdən uzaqlaşmaq insanı intihara daha da yaxınlaşdırır. Çünki bu zaman problem də onunla birlikdə gedir və həll olunmamış qalır. Onun sözünü deməyə, ürəyini boşaltmağa müsahibi olmur. Qadın isə stressi daha tez çıxarır. Kişilər arasında infarkt hallarının da daha çox baş verməsinin səbəbi elə budur”.

Psixoloq mediada intihar xəbərlərinin geniş işıqlandırılmasının intihar hallarının artmasına təsir etdiyini deyib: “Medianın intihar xəbərlərini başlığa çıxarması, daha çox kütləyə təqdim etməsi həqiqətən də bu halların sayının artmasına səbəb olur. Bunun izahı belədir: intihar bizim hər birimizin alt şüurunda seçim kimi oturmuş vəziyyətdədir. Ağır problemlərdən, sosial qayğılardan çıxış yolu tapa bilməyən insanlar birdən-birə kiminsə özünü öldürərək qurtardığını görəndə şüurun həmin nöqtəsi bu yolu “menyu kimi” bir az da bəzəkli şəkildə onun qarşısına qoyur. Məsələn, bu ilin əvvəlin bir nəfərin özünü yandırmasından sonra iki ay ərzində 48 nəfər özünü yandırdı. İntihar tipli xəbərlər informasiya kimi verilməməlidir. Bu hallar sırf araşdırma tipli verilişlərdə müzakirə oluna bilər. Lakin bunu şok xəbər kimi bir neçə dəfə anonsla vermək bir çox insan üçün ölüm siqnalı rolunu oynayır”.

Tariel Faziloğlu intihara cəhd edənlərin psixoloji dəstək almasının vacibliyini qeyd edib: “İntihara cəhd edən insan ciddi psixoloji konsultasiyadan keçməlidir. İntihar etmək istəyən insana yardım üçün ətrafdakılar səssiz olmalıdırlar. Belə insanla söhbət aparmaq üçün mütəxəssis gələnə qədər heç nə etmək olmaz. Səs-küy, həyəcan insanın eqosunu artırır və o düz yol seçdiyini düşünür. Əgər əvvəl az da olsa qorxurdusa, belə olan halda qorxu hissi itir. Bunun üçün polislər də xüsusi təlim alırlar. Onlar peşəkarın gəlişinə qədər zamanı doldurmalı, vaxtı bitirməlidirlər. Əgər sonra ciddi psixoloji yardım edilməzsə, insan yenə təkrar intihara cəhd edəcək”.

Qonaq posttravmatik halların intihardan əlavə müəyyən xəstəliklərə də səbəb olduğunu bildirib: “İnsanlar qəfil ağır xəbər aldıqda, böyük uğursuzluq yaşadıqda, yaxınını itirdikdə, yaxud da əksinə, böyük xoşbəxtlik yaşadıqda posttravmatik stresslə qarşılaşır. Bu isə intiharın əsas səbəblərindən biridir. Bu, nəinki intiharın, həm də bir çox xəstəliklərin, hətta xərçəngin də yaranma səbəblərindən biridir”.

Müəllif | Apa.Tv
Apa.tv