Qadınların bələdiyyə seçkilərində iştirakı niyə qənaətbəxş səviyyədə deyil?

“Qadınların bələdiyyələrdə iştirakı bizi qane edəcək səviyyədə deyil. Ümumiyyətlə, bələdiyyələrin səlahiyyətləri barədə nəinki vətəndaşlarda, hətta namizədlərin özündə belə təsəvvürlər azdır”. Bu fikirləri APA TV-nin efirində “Sosium” proqramının qonağı, hüquqşünas Günel Səfərova deyib.

Verilişin digər qonağı, “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin sədri Lyudmila Xəlilova qadınların bələdiyyələrdə iştirakının artmasının vacibliyindən danışıb: “Hal-hazırda bələdiyyələrdə qadınların iştirakı arzu olunan səviyyədə deyil. Biz bu ay üçüncü bələdiyyə seçkilərinə hazırlaşırıq. 2004-cü il bələdiyyə seçkilərində qadın təmsilçiliyi 4 faizlə ölçülürdü. Qeyd edək ki, 2004-cü ildə bələdiyyələrin sayı 2000-dən çox idi. 2009-cu il bələdiyyə seçkilərində qadınların təmsilçiliyi 26,7 faizə çatdı. Bu zaman bələdiyyələrin sayı da azaldılaraq 1718-ə enmişdi. Bu özü də nailiyyətdir. Lakin struktur daxilində qadınların faizinə nəzər salanda problem yaranır. Şəhər, qəsəbə və kənd bələdiyyələrini müqayisə etsək, şəhər bələdiyyələrindən cəmi birində sədr qadındır. 302 bələdiyyə sədri qadın seçilmişdi, bunlar isə əksər hallarda ərazisi və büdcəsi az olan kənd və qəsəbə bələdiyyələridir. Bələdiyyə kollegial strukturdur və 5 əsas komissiyadan ibarətdir. Bu komissiyalara da rəhbərlikdə dominantlıq kişilərə məxsusdur. Yaxud da sədr müavini olan qadınların da əksər hallarda daimi əsaslı fərqli işi var. Məsələn, ya məktəb direktorudur, ya elmi dərəcəsi var və haradasa dərs deyir. Yəni bilavasitə qərarların qəbulu prosesində iştirak təmin olunmur”.

Qanun qarşısında qadınla kişinin bərabər olduğunu deyən hüquqşünas Günel Səfərova mövcud stereotiplərin zamanla dəyişməsinin vacib olduğunu bildirib: “Azərbaycan Respublikasının Konstitusiyası, daha sonra 2006-cı ildə qəbul olunmuş “Gender haqqında” qanun və “Dövlət İdarəçiliyində qadınların iştirakının artırılması barədə” xüsusi sərəncam göstərir ki, qanun qarşısında kişi və qadın bərabərdir. 1979-cu ildə qəbul edilmiş və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılmasını nəzərdə tutan SİDO konvensiyasının da Azərbaycan tərəfindən ratifikasiya edilməsi bunun sübutudur. Lakin bələdiyyələrdə qadınların iştirakı ilə bağlı regionlarda keçirilən təlimlərdə görürük ki, qadınların iştirak səviyyəsi olsa da, bizi qane edəcək dərəcədə deyil. Bunun səbəbi bir neçə faktorla bağlıdır. Fikrimcə, qadınlar daha çox icraedici strukturlarda təmsil olunur, rəhbər vəzifələrdə isə əksər hallarda kişilər çox olur. Adekvat olaraq bələdiyyələrdə də qadınlar üzv olurlar, amma bələdiyyə sədrləri kişilər olur. Əslində, qanunla üzvlük məsələsində qadınla kişi eyni söz hüququna malikdirlər. Lakin burada mövcud stereotiplər var ki, onları qanunlarla yox, zamanla dəyişmək mümkündür. Hətta bizim bəzi qanunlarımızda qadınlara qarşı pozitiv ayrı-seçkiliklər də var. Lakin stereotiplər həm qadınlar, həm də kişilər tərəfdən olduğundan, qərarlar daha çox kişilər tərəfindən verilir”.

Lyudmila Xəlilova bələdiyyə seçkilərində gənc namizədlərin sayının artmasını müsbət hal kimi dəyərləndirib: “Bizim təşkilatın həyata keçirdiyi qadın iştirakı proqramı çərçivəsində görürük ki, tendensiya dəyişib. Müsbət hallardan biri də odur ki, namizədlər arasında gənclər çoxdur. Ümid edirəm ki, növbəti bələdiyyə seçkilərindən sonra qadınların təmsil olunma faizi artacaq, bizim bütün fəaliyyətlərimiz məhz buna yönəlib”.

Günel Səfərova Şərqi və Qərbi Avropa misalını nümunə gətirərək bələdiyyə seçkilərində kvota sisteminin daha faydalı olduğunu bildirib: “Sorğular zamanı məlum olur ki, bələdiyyənin səlahiyyətləri, seçkilərin başlanmasından bitənə qədər təbliğat-təşviqat kampaniyası, bu kampaniyanın neçə gün davam etməsi və ümumiyyətlə bələdiyyələrin strukturu haqqında nəinki əhalidə, hətta namizədlərdə məlumat o qədər də çox deyil. Lakin bir günlük təlimlərdən sonra mənzərə dəyişir. Biz adətən saya fikir veririk, lakin mən kvota tərəfdarıyam. Qərbi və Şərqi Avropada hər biri bu kvota sistemindən keçib. Düzdür, kvota məsələsi keyfiyyətə də təsir edən amildir. Çünki qadını iştiraka istəmədən cəlb etmək düzgün deyil, bəlkə onun yerini daha bacarıqlı namizəd tuta bilər. Lakin mən inanıram ki, tədricən bu, keyfiyyətə keçəcək. Məsələn, ötən seçkilərdə qadınların çoxu seçkilərdən sonra istefa verdi, lakin qalıb işləyən qadınlar hal-hazırda daha əmin şəkildə seçkidə iştirak edirlər”.

Hüquqşünas Günel Səfərova bələdiyyələr barədə cəmiyyətdə tam təsəvvürün olmamasının bələdiyyələrin özünü doğrultmaması ilə bağlı olmadığını deyib: “Biz adətən 100 illik bələdiyyə təcrübəsi olan ölkələrlə müqayisə aparırıq, lakin unutmamalıyıq ki, bizdə hələ bələdiyyələrlə bağlı qanunvericilikdə dəyişikliklər davam edir. Bələdiyyələrin yerli icra hakimiyyəti orqanları ilə üst-üstə düşən səlahiyyətləri var və bunlar aydın xətlə ayrılmalıdır. Bunları nəzərə alsaq, bələdiyyələrin indiki fəaliyyəti qənaətbəxşdir. Xüsusilə də regionlarda bələdiyyələr çox iş görür. Bizim təlimlərin əsas məqsədi gənc namizədlərlə təcrübəli namizədlər arasında təcrübə mübadiləsinin olmasıdır. Bu təbliğat kampaniyası da bələdiyyələrin nüfuzuna müsbət təsir edəcək. Mən hesab edirəm ki, həm KİV, həm də sosial şəbəkələr bələdiyyələrin fəaliyyətini işıqlandırmalıdır. Bələdiyyələr özləri də görülən işləri əhaliyə çatdırmaq üçün bu alətlərdən az istifadə edirlər. Təbliğat kampaniyası yerinə, əhalisinə görə fərqlənir. Şəhərdə təsirli olan təbliğat kənd bələdiyyəsində effekt verməyəcək. Lakin müsbət haldır ki, biz artıq sosial şəbəkələrdə namizədlərin təbliğat kampaniyasını da görə bilirik. Gənclərin iştirakının artması məlumatın ötürülməsi baxımından da faydalıdır”.

Lyudmila Xəlilova əsasən sosial qurum kimi tanınan bələdiyyələrin əslində siyasi orqan olduğunu bildirib: “Bələdiyyələrin seçki əsasında təşkili elə onun siyasi qurum olmasını müəyyən edir. Eyni zamanda, bələdiyyələrdə müxtəlif partiyalar rəqabət aparır və müxtəlif partiyalar təmsil olunur”.

Günel Səfərova da bələdiyyələrin siyasi təsir imkanlarının olduğunu qeyd edib: “Bizdə 3 seçkili orqan var – bələdiyyələr, Milli Məclis və prezident. Seçkili orqan isə artıq siyasi qurum deməkdir. Sadəcə, bələdiyyələrə verin səlahiyyətlər daha çox sosial xarakterli olması onun siyasi qurum kimi ortaya çıxmasına əngəl olur. Lakin Milli Məclisdə millət vəkilləri bələdiyyələr haqqında qanuna dəyişikliklər təklif edirlər və bu təklif əslində bələdiyyələr tərəfindən irəli sürülür. Əlbəttə, hələ bələdiyyələrin siyasi təsir imkanları, xüsusilə də büdcənin formalaşması ilə bağlı məsələlərdə istənilən səviyyədə deyil”.

“Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin sədri qadınların bələdiyyələrdə iştirakının artırılması ilə bağlı həyata keçirilən layihələrdən də danışıb: “Hal-hazırda bizim təşkilat qadın iştirakçılığı proqramı çərçivəsində yerli idarəetmədə qadın liderliyi layihəsini icra edir. Bu layihə Azərbaycanda Amerikanın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşir. Layihənin əsas tərəfdaşı Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Bələdiyyələrin Milli Assosiasiyaları, Ədliyyə Nazirliyi nəzdində Bələdiyyələrlə İş Mərkəzidir. Bizim məqsədimiz təkcə bələdiyyələrdə qadın iştirakçılığını təmin etmək yox, ümumilikdə gender əsaslı idarəetmənin təşkil olunmasıdır. Əlbəttə, biz cəmiyyətimizi kişilərə və qadınlara bölmək istəmirik. İstədiyimiz odur ki, kəmiyyət baxımından əldə olunan təmsilçilik keyfiyyətdə də əks olunsun”.

Lyudmila Xəlilova qadınların sayının bələdiyyələrdə çox olmasının həm də bir çox sosial problemlərin həllinə müsbət təsir göstərəcəyini deyib: “Azərbaycan qadınının həm təhsil imkanları, həm bilik və bacarığı, həm də cəmiyyətdə olan statusu və nüfuzu buna imkan verir. Hər bir bələdiyyə gördüyü işlər barədə ildə iki dəfə seçicilər qarşısında hesabat verməlidir. Lakin altı ay ərzində görülən işlərin hamısını ictimaiyyətə çatdırmaq çətindir. Bu işə bələdiyyələrdən əlavə, QHT-ləri və KİV-i də cəlb etmək lazımdır. Bələdiyyə əslində, vətəndaşların yerli problemlərin həllində iştirak etmək hüququnu, seçib seçilmək hüququnu təmin edən institutdur. Lakin vətəndaşlar hələ bu imkanlardan lazımi dərəcədə istifadə edə bilmirlər. Qadınların bələdiyyələrdə iştirakı da bu baxımdan vacibdir. Çünki qadınlar yerli problemlərə daha yaxından bələd olurlar. Türkiyədə bələdiyyələri ana ilə müqayisə edirlər. Bizdə də bu sahədə analar daha çox iştirak etməlidirlər”.

Lyudmila Xəlilova Seçki Məcəlləsinə dəyişiklik olunmasının qadınların bələdiyyələrdə iştirak faizinə təsir edəcəyini bildirib: “Mən kvotanı çox da vacib hesab eləmirəm. Hal-hazırda kvota özü də işçilərin hüquqlarını məhdudlaşdıram məqamdır. Məncə, Seçki Məcəlləsinə dəyişiklik etmək və namizədlərin seçkidə bilavasitə iştirakını təmin etmək daha yaxşı olar. Bələdiyyə sədrləri də bu qayda ilə seçilsə, qadın sədrlərin sayı daha da çox olar. Bələdiyyələrdə qadınların çox olması həm də yerli səviyyədə qadınların problemlərin həllinə marağı artıracaq. Bu gün reproduktiv sağlamlıq, erkən nikahlar, təhsildən yayınma, boşanmalar, qadınların insan alverinə məruz qalması və s. problemlərin həlli vacibdir. Zorakılığa məruz qalan qadınlar üçün sığınacaqlar çox azdır. Qadınların bələdiyyələrdə iştirakının artması sırf qadınlara aid bu kimi problemlərə də diqqəti artırar. Eyni zamanda, qadınların öz problemləri ilə bağlı müraciəti üçün də qadın təmsilçilərin çox olması vacibdir”.

Hüquqşünas Günel Səfərova qadınların idarəetmədə iştirakının artırılmasına təhsil və maariflənmədən başlamağın əhəmiyyətini vurğulayıb: “Qadınların idarəetmədə və qərarların qəbul edilməsində iştirakı son mərhələdir. Bu işə təhsildən başlamaq lazımdır. 2010-cu ildə bizdə məişət zorakılığı ilə bağlı qanun qəbul edildi. Məişət zorakılığı olan yerdə qadının idarəetmədə təmsilçiliyi ən sonda gəlir. Maarifləndirmə pilləli şəkildə həyata keçirilməlidir. Azərbaycanda 1918-ci ildən qadına seçki hüququ verilib, sovet dönəmində də qadınlara kifayət qədər imkanlar yaradılıb. Lakin müstəqilliklə birgə qanunvericilik bazasının yenidən qurulması və milli qanunvericiliyin formalaşması baş verdi. 20 il əvvəl biz gender anlayışını müzakirə etmirdik, çünki belə bir problem yox idi. Bələdiyyələrin icma əsaslı mərkəzlərin idarəçiliyində rolu artırılmalıdır”.

Müəllif | Apa.Tv
Apa.tv