Gender Araşdırmaları Mərkəzinin direktoru: “Azərbaycan qadının ən zəif yeri onun əxlaqını şübhə altına almaqdır”
“Dünya bərqərar olandan gender problemi olub. Bizim cəmiyyətdə həmişə kişi dominantlığı və patriarxal qaydalar müşahidə olunub. Tarixdə matriarxal dövr də olub və bizim mif kimi baxdığımız bu tarixin bir ucu Azərbaycana, Naxçıvana gəlib çıxır. Lakin bu gün həqiqətən gender barədə çox danışılır, lakin insanlara bu barədə məlumatın düzgün verilməsi mübahisəli məsələdir”. Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, Gender Araşdırmaları Mərkəzinin direktoru Kifayət Cəbiqızı deyib.
Onun sözlərinə görə, gender probleminin gerçək mahiyyətinin çatdırılmasında maarifləndirmə və təhsilin rolu danılmazdır: “Lakin bu gün medianın bu istiqamətdə işində çatışmazlıqlar kifayət qədərdir. Gender bərabərliyi demokratiyanın tərkib hissəsidir. Böyük tərəfindən zorakılığa məruz insanı mühakimə etmək olmaz. Böyüyə yaşına görə yox, ağlına görə hörmət etmək lazımdır. Heç kəsə kor-koranə hörmət etmək olmaz. Ekran qarşısında oturanların hamısı eyni səviyyədə təhsilə malik insanlar deyil. Genderi onların anlayacağı şəkildə izah etmək lazımdır”.
Kifayət Cəbiqızı bildirib ki, bəzən insanlar zorakılığa məruz qaldığını anlamır: “Biz bu gün yalnız gözü-başı qaralan qadını zorakılığa məruz qalmış hesab edirik. Lakin zorakılığın müxtəlif növləri var. Qadının sözünün hər gün kəsilməsi, bədən dili ilə təhqir olunması, ər tərəfindən “yerinin” göstərilməsi nəticədə onun həyatdan küsməsinə səbəb olur. Belə ailələrdə uşaqlar da zorakılığa məruz qalır. İqtisadi cəhətdən müstəqil olan qadınlar cəmiyyətdə öz sözünü deyə bilir. Qanunları verən, yazan, hətta qadın maraqlarını müdafiə edən şəxslərin çoxu kişilərdir. Belə halda çox vaxt zorakılıq törədən yox, zorakılığa məruz qalan qınanır. Hətta bizdə zorakılığa haqq qazandıran kifayət qədər atalar məsəli, diqqət yetirsəniz, analar məsəli yox, məhz atalar məsəli var.
Məsələn, yaxşı at özünə qamçı götürməz. Güzəştə getmək haqqı tapdalanmaq demək deyil”.
Mərkəz rəhbəri dünyada iki cür gender modeli olduğunu deyib: “Mütləq gender bərabərliyi modeli əsasən Skandinaviya ölkələrində, yəni qadına dəyər verilən cəmiyyətlərdə tətbiq olunur. İkinci növ isə gender tamamlayıcı modellərdir. Bu, Azərbaycandakı modeldir. Bizdə mentalitet deyilən anlayışa görə qadın nə iş görürsə- görsün, onun dəyəri aşağıdır. Amma əksinə, tutaq ki, bir kişinin yumurta bişirməsi də şişirdilir”.
Kifayət Cəbiqızı XX əsrin əvvəllərində bütün dünyada sufrijistlər hərəkatının geniş yayıldığını xatırladıb: “Sufrijistlərin ən görkəmli nümayəndələrinə elə Azərbaycanda rast gəlmək mümkün idi. Bu hərəkatın nümayəndələri əsasən Avropa və ABŞ-da qadınların səsvermə hüququ əldə etməsi üçün mübarizə aparırdılar. Bu zaman Azərbaycanda təhsilli qadın çox az idi. Lakin mübarizə baxımından bizim qadınlar çox irəlidə idilər. Qapalı qadınlar çadralarını atdılar və qadınların təhsili ön plana çəkildi. 30-cu illərdə qadınların savadsızlığına qarşı mübarizə aparılırdı. Cəlil Məmmədquluzadənin, Üzeyir Hacıbəyovun və başqalarının yanında xanımları da mübarizə aparırdı. Bunun sayəsində Azərbaycanda savadsızlıq 99 faiz ləğv edildi. Hətta yaşlılar üçün axşam kursları təşkil olunurdu. Müharibə dövründə qadın üçün nəzərdə tutulmayan bir çox sferalarda qadınlar özlərini sınadılar. Hərbi sahə, sursat istehsalı, kəşfiyyat sahəsində qadınlar uğur qazandılar və arxa cəbhədə kişiləri uğurla əvəz etdilər. Lakin müharibədən sonra yenə qadınlar arxa plana keçdi.
Mərkəz rəhbəri bu gün ictimai cəhətdən aktiv olan qadınlara qarşı qara piar siyasəti həyata keçirildiyini deyib: “Kişilər qadınları yüksək vəzifələrdən çəkindirmək üçün hər vasitədən istifadə edirlər. Azərbaycan qadının ən zəif yeri onun əxlaqını şübhə altına almaqdır. Boşanmış qadınların evlə təmin olunması zamanı çətinliklər yaranır. Bəzi qadınların ev əldə etmək üçün ərə getməsi və ev sahibi olanların ziyana düşməsi qanuna dəyişiklik edilməsinə gətirib çıxardı. Lakin bu dəyişiklik boşanmış qadınların çoxunun evsiz qalmasına da səbəb olur. Burada ortaq bir qərarla hər iki tərəfin zərərdən qorunmasını təmin etmək lazımdır. Bu gün cavan qadınların bəzilərində xəstəlik səviyyəsinə çatan acgözlük var”.
Kifayət Cəbiqızı rəhbərlik etdiyi mərkəzin gördüyü işlərə də toxunub: “Bu yaxınlarda Gender Araşdırmalar Mərkəzi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Təhsil Nazirliyi birlikdə “Təhsildə Gender Problemləri” mövzusunda beynəlxalq konfrans keçirdik. Bəzən ailələr qızlarını maddi imkana görə erkən yaşda özündən yaşca çox böyük adama ərə verirlər. Bu zaman yaşın azlığına görə rəsmi qeydiyyata düşə bilməyən qızların hüquqları pozulur. Əlbəttə, cəmiyyətin evdə oturub özünü övladlarına həsr edən, savadlı övladlar yetişdirən qadınlara da ehtiyacı var. Lakin kifayət qədər ali təhsilli qadınlar var ki, övladlarının tərbiyəsi ilə düzgün məşğul ola bilmirlər”.