Valideynlərin boşanması övladlarda hansı komplekslər yaradır? - PSİXOLOQ NARINC RÜSTƏMOVA
“Uşağın tərbiyəsinə ana bətnindən başlamaq lazımdır, valideynlər özünü tərbiyə etməyi bacarmalıdır ki, övladını tərbiyə etsin”
“Boşanmalar, yaxınların itkisi 7 yaşa qədər uşaqlara daha pis təsir edir. Uşaqlıqda bu cür travma alan uşaqlar pis vərdişlərə, neqativ qruplara, intihara meylli olurlar”. Bu fikirləri APA TV-də efirə gedən “Sosium” proqramının qonağı psixoloq Narınc Rüstəmova deyib.
Uşaqlıqda yaşanan hər hadisənin gələcəkdə öz bəhrəsini verdiyini deyən qonaq valideynin örnək olmasını vacib amil hesab edir: “Bu gün bizi şəxsiyyət edən bizim uşaqlığımızdır. Uşaqlıqda alınan travmalar, uşaqlıq xatirələri, uşaqlığın doğru yaşanması insanın gələcəyini formalaşdırır. Bəzən valideynlər hələ balacadır, 3-4 yaşı var, sonra düzələr deyərək hər hansı problemi ərköyünlüyə bağlayırlar. Lakin uşağın tərbiyəsinə ana bətnindən başlamaq lazımdır. Valideynlər özünü tərbiyə etməyi bacarmalıdır ki, övladını tərbiyə eləsin. Avropada ailə institutlarında övladı necə tərbiyə etmək üçün mütləq hazırlıq dövrü keçilir. Dünya praktikasında ailələr belə kurslarda pediatr, psixoloq yardımı alır, o uşaqla necə rəftar etməyi, ona necə yanaşmağı, tərbiyə etməyi öyrənir”.
Psixoloq uşağın tərbiyəsinə hamiləlikdən başlamağı məqsədəuyğun sayır: “Uşaq tərbiyəsi üçün ilk növbədə ananın hamiləliyi necə keçirməsi vacibdir. Bu zaman ananın stress, gərginlik keçirməsi və yaxud doğru qidalanması uşağa kompleks şəkildə təsir edir. İnsanlar bilməlidir ki, uşaq dünyaya gətirmək təkcə onu yedirib, altını təmizləmək deyil, uşaq tərbiyəsi vacibdir, insan yetişdirmək və insanı özümüz üçün yox, cəmiyyət üçün yetişdirməyi bacarmalıyıq. Əgər bizim ailəmiz tamam fərqli, cəmiyyətdə qanunlar fərqlidirsə, uşaq bir müddət sonra həmin mühitə uyğunlaşa bilməyəcək. Artıq uşaqlar bağçaya, məktəbə gedəndə problemlər daha da qabarır”.
Uşaq bağçasının kiçik bir cəmiyyət adlandıran Narınc Rüstəmova məktəbəqədər təhsilin əhəmiyyətini vurğulayıb: “Bəzən belə düşünürlər ki, ana işləmirsə, uşağın bağçaya getməməlidir, lakin bilmək lazımdır ki, uşaqlar bağçaya zamanının sərf olunması üçün yox, sosiallaşmaq üçün gedir. Bağçada müxtəlif kurslar, uşağın müəllimlərlə və həmyaşıdları ilə münasibəti, qrup məşğələləri vacibdir. Hətta bu zaman uşağın axşam saat 6-ya qədər bağçada olması vacib deyil, amma ən azı gündə 3 saat bağçada olmalıdır. Bağça kiçik bir cəmiyyətdir, bura hər ailədən müxtəlif tip uşaqlar gəlir”.
Qonaq uşaqlarda n çox rast gəlinən psixoloji problemlərdən danışıb: “Bu gün ən aktual problemlərdən biri uşaqlarda hiperaktivlikdir. Əslində, əvvəllər də uşaqlarda bu var idi, sadəcə, sosial fərqlər yox idi. İndi hiperaktiv uşaqları araşdırsaq, görərik ki, ya anasında, ya atasında dəcəllik dediyimiz belə hal olub. Lakin indi uşaqlar kompüter, televizor qarşısında çox vaxt keçirir və təbii ki, belə uşaqlarda enerji çox olur. Bu isə daha çox ananı narahat edir. Uşaqlarda psixoloji problemlərin aşkar olunmasında anaların rolu böyükdür. Bəzən analıq hissi övladımızda nəyinsə yolunda getmədiyini, hər hansı çətinliyin olduğunu görməyə mane olur. Bu zaman biz özümüzü aldatmamalıyıq, vaxtında mütəxəssis köməyi almağı bacarmalıyıq”.
Psixoloqun fikrincə, uşaqları tərbiyə etməyin ən yaxşı üsulu valideynin özünü tərbiyə etməsidir: “Çox zaman valideynlərin sözlə tərbiyə etməyə çalışırlar, amma uşaqları sözlə yox, davranışla göstərmək lazımdır. Məsələn, uşağımızda diş fırçalamaq vərdişinin olması üçün özümüz örnək olmalıyıq. Valideyndə olan hər hansı problem mütləq uşaqda da bu və ya digər şəkildə özünü göstərir, yəni irsi olaraq nə varsa, şüur altında yatan hər şey həyəcan, gərginlik zamanı ortaya çıxır. Uşaq tərbiyəsində valideynlərin maariflənməsi, məlumatlı olması vacibdir. Bu gün internetdə istənilən informasiyanı əldə etmək mümkündür. Valideyn ilk növbədə model olmağı bacarmalıdır, ondan sonra uşaqdan tələb etməlidir. Əgər valideyn bütün günü seriala baxırsa, uşaqdan kitab oxumağı gözləməməlidir”.
Narınc Rüstəmova bildirib ki, tipik Azərbaycan ailələrində qadınların mükəmməllik nöqteyi-nəzərdən bütün ailə yükünün altına girməsi gələcəkdə böyük problemlərə yol açır: “Tərbiyədə atanın rolu vacibdir, bizim ailələrdə çox zaman qadınlar hər yükü öz üzərinə götürürlər. Zaman keçdikcə problemlərin artması anada deyingən bir xarakterin yaranmasına səbəb olur. Get-gedə atalar da tənbəlləşir, düşünür ki, həyat yoldaşım ən yaxşısını bilir. Ona görə də uşağın ailə yükü kiçik yaşlarından bölüşdürülməlidir. İnsan hər gün təcrübəsini artırır, ona görə də birinci övladla ikinci arasında fərq olur. Bu zaman təcrübə özünü göstərir, ikinci uşağa başqa cür yanaşırıq. Uşaqlar arasındakı qısqanclığın yaranmaması çox vacibdir, çünki bu forma böyüyəndə də davam edir”.
Mütəxəssisin fikrincə, uşaqlarda psixoloji problemlərə yeddi yaşa qədər ciddi yanaşmaq lazımdır: “Yeddi yaşa qədər olan dövr uşağın qızıl dövrüdür. Bütün problemləri bu dövr ərzində korreksiya etmək daha asandır. Lakin valideyn 5 yaşlı uşağın öhdəsindən gələ bildiyinə görə buna ciddi yanaşmır, artıq 14 yaşında problem daha kəskin şəkildə özünü göstərir. Yetkinlik yaşına çatmayanlar arasında intiharlar, zərərli vərdişlərə meyl daha çoxdur. Bunların hamısı uşaqlıqdan gələn problemlərdir, bir ilin, beş ayın problemi deyil”.
Qonaq uşaqlarda emosional inkişafın gecikməsi probleminə də toxunub: “Uşaqların tərbiyə prosesində atanın passivliyi onlarda emosional yaşın ləngiməsi problemini yaradır. Uşaqlarda intellektual dediyimiz İQ yaşı var, bir də emosional yaş var. Yəni biz 30 yaşında ruhən 40-50 yaşında ola bilərik və yaxud əksinə. Bu zehni inkişafla bağlı deyil. Bəzən 10 yaşında uşağın özünü balaca uşaq kimi aparması, yaşca kiçiklərlə dostluq etməsi uşağın emosional yaşının aşağı olması ilə bağlıdır. Bu emosional yaş atanın fonunda inkişaf edir, təəssüf ki biz analar nə etsək də, emosional yaşı qaldıra bilmərik. Emosional yaşın ləngiməsi ən çox hərbçilərin, dənizçilərin ailələrində, natamam ailələrdə və ata evə gec saatlarda gələn ailələrdə rast gəlinir”.
Boşanmalar zamanı ən çox uşaqların zərər gördüyünü deyən Narınc Rüstəmova bu zaman ayrılığın sağlam əsaslarda olmasından da danışıb: “Biz ilk növbədə, ailələrin dağılmamasının tərəfdarıyıq. Həll olunmayan problem yoxdur. Uşaqların həyatında ata-ananın tamlığı çox vacibdir. Ayrılıq zamanı cütlüklər əziyyəti, intiqamı, acığı uşaqlar üzərindən həll edirlər. Biz bəzən incikliyimizi uşaq yanında ifadə edə bilirik, ata və yaxud ana uşağı öz tərəfinə çəkməyə başlayır, bu isə konfliktləri daha da dərinləşdirir. Bu isə bir müddət sonra uşaqda yuxu probleminə, kimisə itirmə qorxusuna, aqressivliyə səbəb olur. Bəzən uşaqlar öz dünyasını formalaşdırır, öz ailəsini aqressiv davranışla cəzalandırır. Bu ayrılığın fəsadları uşaq böyüyəndə, ailə quranda daha böyük olur. Bəzən belə uşaqlar ümumiyyətlə evlilik həyatından çox uzaq olurlar. Onlar çox vaxt yeniyetməlik dövründə zərərli vərdişlərə, neqativ qruplara maraq göstərirlər, hətta intihara meyl edirlər. Ayrılıq da mütləq sağlam olmalıdır. Valideyn öz problemini uşaq üzərindən həll etməməlidir, bu uşağın şəxsiyyətində pozğunluğa gətirib çıxarır. Xüsusən də 7 yaşa qədər uşaqlara ayrılıq çox pis təsir edir. Bu yaşda olan uşaqlar ölüm, ayrılıq hadisələrini tam qavraya bilmirlər. Ayrılıqdan sonra sağlam münasibəti qorumaq lazımdır”.
Qonaq uşağın tərbiyəsində onda psixoloji immunitetin yaranmasının vacib olduğunu deyib: “Uşaqlarla işləmək çox çətindir. Böyük öz məsuliyyətini dərk edir, psixoloq yanına gələndə danışmağa və problemini həll etməyə hazır olur, amma uşaqlar belə deyil. Uşaqlara dolayı yolla başa salırıq, problemin nədən ibarət olduğunu açıq demək olmur. Bu zaman həm nənə ilə, ata- ana ilə işləmək lazımdır, yəni kompleks şəkildə işləmək vacibdir. Bu baxımdan uşaqların aldığı travmaları korreksiya eləmək daha çətindir. Biz uşağımızı travmasız yetişdirə bilmərik, amma travmalara qarşı reaksiyasını formalaşdırmalıyıq, uşaqların stressə davamlılığını artırmalıyıq”.