Məktəblilər niyə mütaliə etmir?

“Məktəb məzunlarının cəmi 30 faizi ali məktəb tələbəsi adını qazanır. Qalan 70 faiz məktəbli zəruri həyat bacarıqlarına yiyələnməlidir”. Bu fikirləri APA TV-də efirə gedən “Sosium” proqramının qonağı, Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil şöbəsinin ümumtəhsil sektorunun müdiri Firudin Həmzəyev deyib.

Qonaq son vaxtlar cəmiyyətdə mütaliəyə marağın azalmasının səbəblərindən danışıb: “Həm valideynlər, həm də məktəb və müəllimlər tərəfindən şagirdlərin mütaliə vərdişlərinin artırılmasına diqqətin və nəzarətin zəifləməsi, eyni zamanda müasir inkişaf tempi, İKT-nin sürətli inkişafı asudə vaxtın mütaliəyə yox, başqa bu kimi vərdişlərə yönəlməsinə səbəb olur. Ancaq mütaliənin, bədii əsərlərin uşaqlar tərəfindən oxunması, qavranılması, həyatda tətbiqinin əhəmiyyəti böyükdür”.

Firudin Həmzəyev latın əlifbasına keçidlə bağlı kitab nəşrində müşahidə olunan durğunluğun da mütaliəyə marağın azalmasında müəyyən rol oynadığını qeyd edib: “Latın qrafikalı yeni əlifbaya keçid yaşlı nəslin yeni əlifba ilə çıxan kitabları oxumasında müəyyən müddət problem yaratdı. O cümlədən də, latın qrafikası ilə oxuyan uşaqlar, əvvəlki Kiril əlifbası ilə yazılan əsərlərin oxunmasında da çətinlik çəkirlər. Amma ölkə başçısının göstərişi ilə klassiklərin əsərlərinin böyük əksəriyyətinin latın qrafikası ilə çap olunub, təmənnasız olaraq bütün məktəblərə, kitabxanalara, kitab nəşri ilə əlaqəli olan bütün müəssisələrə çatdırılır. Bu, müsbət addımdır. Yəni əlifba dəyişikliyinin ilk dövrlərində yaranan boşluq dövlət tərəfindən aradan qaldırıldı. Amma iş bununla bitmir, ədəbiyyatın təbliğatı, maarifləndirilməsi, uşaq və valideynlərin bu işə cəlb olunması lazımdır. Şagirdlərdə mütaliə vərdişlərinin təkmilləşdirilməsi məqsədilə təhsil naziri 16 dekabr 2014-cü il tarixli əmrlə məktəblərdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər planı təsdiqlənib”.

Nazirlik rəsmisi mütaliənin məktəblilərin kamil şəkildə formalaşmasına təsirinin əhəmiyyətini vurğulayıb: “Hər bir insanın şəxsiyyət kimi formalaşmasında, onun bədii təxəyyülünün inkişafında, obrazlı və məntiqi təfəkkürün yaranmasında, müəyyən həyati hadisələrə çevik, həssas və operativ reaksiya göstərməsində, müəyyən bir qəhrəmanın müsbət və mənfi cəhətlərini analiz edərək öz həyatında, vətənpərvərlik tərbiyəsində mütaliənin böyük rol oynadığı danılmaz faktdır”.

Firudin Həmzəyev şagirdlərdə mütaliəyə marağın artırılması ilə bağlı nəzərdə tutulan tədbirlər planı ilə bağlı məlumat verib: “Mütaliəyə marağın artırılması ilə bağlı dövlət proqramında təhsil şöbələrinin, ümumtəhsil məktəblərinin bu sahədə öz tədbirlər planı ilə çıxış etməsi tövsiyə olunur. İlk növbədə, məktəb kitabxanalarının zənginləşdirilməsi üçün tədbirlərin görülməsi, məktəblərdə yazıçılarla görüşlərin keçirilməsi və şagirdlərin tanınmış yazıçıların əsərlərinə öz münasibətini bildirməsi, hətta rus, ingilis dilində olan əsərlərin də oxunub təhlil olunması, həmin əsərlərə yazılmış tamaşaların şagirdlərin iştirakı ilə səhnələşdirilməsi, nümayişi, oxunmuş əsərlərin müzakirəsi nəzərdə tutulur. Ən fəal oxucu, əsər haqqında ən mükəmməl rəy və yaxud əsərlə bağlı inşa müsabiqəsi də mütaliə vərdişlərinin inkişafı üçün nəzərdə tutulan tədbirlərdəndir. Eyni zamanda məktəblərarası rəqabət xarakterli yarışların keçirilməsi də nəzərdə tutulub”.

Qonaq KİV-in də bu sahədə öz imkanları çərçivəsində görə biləcəyi işlərdən danışıb: “Bu təbliğata KİV-lərin qoşulması, bu sahədə fikir mübadiləsinin təşkil olunması, çap olunan əsərlər barədə maraqlandırıcı, cəlbedici məlumatların verilməsi müəyyən dərəcədə tədbirin effektivliyinə təsir edər”.

Nazirlik rəsmisi ilk növbədə müəllimlərin özündə mütaliə vərdişinin olmasını vacib hesab edib: “Müəllimlərdə mütaliə vərdişinin qənaətbəxş olub-olmamasını müəyyənləşdirmək üçün onlar arasında sorğu keçirmək, monitorinq aparmaq lazımdır. Ümumilikdə götürəndə şagirdin biliyi müəllimin aynasıdır. Əgər şagird zəifdirsə, müəyyən proseslərin izahında, məsələlərin həllində, çalışmada zəiflik göstərirsə, müəyyən istiqaməti tuta bilmirsə, deməli, onu istiqamətləndirən şəxs nəyisə düzgün etməyib, haradasa boşluq, buraxılmış məqamlar var. İstər-istəməz biz bunun günahını məktəbdə, müəllimdə axtarırıq. Müəllimlər də oxumalıdır, dərs prosesində şagirdə elə təbliğ etməlidir ki, maraqlanmayan şagird də gedib hər hansı bir ədəbiyyatı oxumağa başlasın”.

Qonaq nəzərdə tutulan tədbirlərin əslində, köhnə təhsil sistemində tətbiq olunanların bərpası olduğunu bildirib: “Şagirdlərə mütaliənin təbliğ olunması yenilik deyil, sadəcə məqsəd müəyyən müddət yaranmış zəifliyi aradan qaldırmaq və mövcud ənənələrin bərpa olunmasıdır. Bədii əsərlər vasitəsilə bizim milli mənəvi irsimiz, adətlərimiz, qəhrəmanlıq və vətənpərvərlik ənənələrimiz gələcək nəsillərə çatdırılır, eyni zamanda, xarici ölkə ədəbiyyatının köməyilə başqa xalqların adət-ənənəsi, irsi, inkişafı ilə müqayisə imkanı yaranır. Bu məsələlərdə də mütaliənin rolu danılmazdır”.

Firudin Həmzəyev mütaliənin zəifliyinin nəticələrinin artıq cəmiyyətdə hiss olunduğunu deyib: “Müstəqilliyimizin ilk illərində yaranan çətinliklər təhsildə də müəyyən durğunluq yaratdı. Bu qısa müddət çəksə də, nəticəsi özünü göstərdi. Bir müddət demək olar ki, latın qrafikası ilə ədəbiyyat nəşri olmadı. Lakin bütün bu problemlər artıq geridə qalıb və biz optimist ruhla deyə bilərik ki, bizim şagirdlər mütaliə mədəniyyətinin özündə formalaşdıra biləcək. Mütaliə insanın yazı qabiliyyətinə də təsir edir”.

Orta məktəb məzunlarının yalnız bir hissəsinin ali məktəbə qəbul olunduğunu deyən qonaq qalan hissənin də həyat vərdişlərinə malik olmasının əhəmiyyətini vurğulayıb: “Birmənalı olaraq bilmək lazımdır ki, orta məktəbin vəzifəsi ali məktəb üçün tələbə hazırlamaq deyil. Zəngin biliyə malik kamil insan yetişdirmək lazımdır. Hər hansı fakültədə təhsil almaq azdır, insan cəmiyyət haqqında müəyyən biliklərə malik olmalıdır. Bəzən düşünürlər ki, uşaq testə düşən fənləri bilsə bəsdir, inşa yazmasa da olar. Lakin indi şagirdlər inşa yazmaqda çətinlik çəkirlər. İstənilən halda, orta məktəb məzunlarının 30 faizi tələbə adı qazanır. Təhsil planına görə, şagirdlərin 70 faizi ali təhsil almır. Buna görə də bütün məzunların cəmiyyət barədə müəyyən biliklərə malik olması, öz fikrini deyə bilməsi, vətənpərvərlik duyğusuna malik olması vacibdir”.

Firudin Həmzəyev məktəblərdə dərs vəsaiti kimi istifadə olunan sinifdənxaric ədəbiyyat kitabının da şagirdlərin mütaliəyə qarşı tənbəlləşməsinə təsir göstərdiyini bildirib: “Sinifdənxaric oxu dərsliklərinin olması bir tərəfdən müsbət haldır, çünki şagird ən azından əsər barədə qısa məlumata yiyələnir və əgər maraqlanırsa, əsərin tam versiyasını da oxuyur. Ona görə uşaqları buna maraqlandırmaq lazımdır. Həmin vəsait yalnız orta məktəb proqramı üzrə tədris olunan əsərlərə aid olur. Lakin bütün ədəbiyyatı orta məktəbdə tədris etmək mümkün deyil”.

Müəllif | Apa.Tv
Apa.tv