Türkiyəli fotoqraf Alaattin Kanlıoğlu: “Foto sənətinin çətinliyi odur ki, artıq çəkilə biləcək hər şey çəkilib”
“Söz və yazı dövrünü keçmişik, indi görüntü dövrünü yaşayırıq”
”Əvvəlki dövrə nisbətən hazırda foto sənəti ilə məşğul olmaq üçün imkanlar çoxdur. İnternet var, foto ilə bağlı çoxlu kitablar, videolar var. Lakin məsələnin ən çətin tərəfi də elə buradadır. Çünki artıq hər kəs hər şeyi çəkib”. Bu fikirləri APA TV-də efirə gedən “Sosium” proqramının qonağı, Türkiyənin tanınmış fotoqrafı Alaattin Kanlıoğlu deyib.
Qonaq müasir dövrdə fotoqraf kimi özünü təsdiq etməyin çətin olduğunu bildirib: “Bu gün hamı foto çəkir, hamının əlindəki aparat var, lakin hamı fotoqraf deyil. Mən özümü ifadə etmək üçün bu aparatdan istifadə edirəm, görüntülər, layihələr yaradıram, amma başqaları xatirə şəkillərini çoxaldır. Müasir dövrdə fotoqrafın işi həm asan, həm də çox çətindir, çünki artıq hər kəs foto çəkir. Əgər fotoqraf kimi özünüzü təsdiq etmək istəyirsinizsə, çox çalışmaq, hər kəsin etdiyindən daha başqa, fərqli görüntülər yaratmaq lazımdır. Foto çəkmək ilk olaraq hobbidir, aparata ehtiyac var, maraq olmalıdır və bu işə zaman və pul sərf etmək lazımdır. Bir çoxları fotoqraf olmaq üçün xüsusi təhsil almırlar, düşünürlər ki, aparatları, obyektivləri yaxşıdırsa, asanlıqla yaxşı foto çəkə bilərlər. Lakin aparat bizim yerimizə çəkmir. Məsələn, ən yaxşı elektrik sobası almaqla ən yaxşı aşpaz olmursan. Hər işə qabiliyyət, səy, nəzəriyyə, təcrübə lazımdır”.
Verilişin digər qonağı, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbəsi İlkin Quliyev fotojurnalistikanın ayrıca fənn kimi ali məktəblərdə tədris olunmadığını təəssüflə qeyd edib: “Bizim universitetdə hal hazırda fotojurnalistika ayrıca fənn kimi tədris olunmur. Mən də istəyərdim ki, bizə fotojurnalistika keçilsin, çünki hər şeyin başlanğıcında nəzəriyyəni, ilkin təməli bilmək lazımdır. Biz fotojurnalistikanı özümüz araşdırıb öyrənirik, xarici mətbuatdan, dərsliklərdən istifadə edərək jurnalistikanın fotoqrafiya hissəsini öyrənməyə çalışırıq”.
Tələbə Azərbaycanda fotoqrafiyanın inkişafı üçün çox işlər görülməli olduğunu bildirib: “Bizdə istedadlı gənclər çoxdur, yaxşı fotolar çəkirlər, lakin bu fotoları satmaq üçün yerlər azdır. Bunun üçün mərkəzlər, fotoklublar olmalıdır, orada toplaşaraq müzakirələr aparmalı, öz fotolarını nümayiş etdirməlidirlər. Bütün bu işlər üçün, əlbəttə maliyyə də lazımdır”.
Türkiyəli fotoqraf Alaattin Kanlıoğlu Azərbaycanda foto sənətinin çatışmazlıqlarından danışıb: “Türkiyə ilə Azərbaycanın foto sənətini müqayisə etsək, burada hələ görülməli işlər çoxdur. Əlbəttə, Türkiyədə də hələ çatışmazlıqlar var. Azərbaycanda foto sənətinə ürəkdən bağlı olan istedadlı gənclər var. Lakin onların dərnəkləri olmalıdır, burada foto sənətinin incəlikləri öyrədilməli, təcrübə mübadiləsi olmalıdır”.
Alaattin Kanlıoğlunun fikrincə, hazırkı cəmiyyətdə nə isə yaradıb insanlara təqdim etmək lazımdır: “Müasir dövrdə insanlar evdən çıxıb məktəbə və ya işə gedir, işini görür, geri qayıdır, televizorda seriala baxır, sonra yatır və səhəri gün yenə eyni işləri görür. Yedin, içdin, yatdın və heç nə yaratmırsan. Buna istehlakçı cəmiyyət deyilir. Fərdi olaraq nə isə yaratmaq lazımdır. Əlbəttə bu yaratdığın həm də gəlir gətirməlidir, çünki fotoqrafiya həqiqətən bahalı bir işdir. Bir çoxları məhz bu səbəbdən irəli gedə bilmir. Lakin yaxşı bir aparatın olmaması bəhanə deyil. Hamıya məlumdur ki, “Zenit” adlı bir aparat var, dünyanın ən yaradıcı fotoqrafları hələ də bu ucuz aparatdan istifadə ediblər”.
Qonaq Türkiyədə fotoqrafiya təlimləri və tədrisi barədə məlumat verib: “Türkiyədə fotoqrafiyanın ayrıca məktəbi var. Bizdə universitetlərin foto dərnəklərinə təkcə jurnalistika ixtisası üzrə təhsil alan tələbələr yox, hamı üzv ola bilər. Əvvəlki dövrə nisbətən hazırda üstünlüklər çoxdur, internet var, foto ilə bağlı çoxlu kitablar, videolar var. Lakin məsələnin ən çətin tərəfi də elə burdadır. Artıq hər kəs hər şeyi çəkib. Elə çəkmək lazımdır ki, onların çəkdiklərindən fərqli və hətta üstün olsun. Düzdür, foto aparatla çəkilir, bunun arxasında görən göz, düşünən beyin və hiss edən ürək olmalıdır. Fotoqrafın fərqi öz düşüncəsini də fotoya qata bilməsi, yeni bir görmə bucağı yaratmasındadır”.
Alaattin Kanlıoğlu foto dilindən istifadənin üstünlüklərindən və mənfi cəhətlərindən də danışıb: “Yazıdan əvvəl söz yaranıb, lakin indi söz gedər, yazı qalar deyə bir ifadə var. Artıq biz söz dövrünü, yazı dövrünü keçmişik, indi görüntü dövrünü yaşayırıq. Yenə də yazı var, lakin insanları inandırmaq üçün nə isə göstərmək də lazımdır. Foto bir tərcüməçiyə ehtiyac duymur. Foto vasitəsilə siyasi məsələləri, misal üçün, bir şəhərin təqdimatını etmək mümkündür. Bu bir tərəfdən də təhlükəlidir, haranı və necə göstərməkdən, haranı göstərməməkdən çox şey asılıdır. Fotoya baxan öz-özünə sual verməlidir - mənə nəyi göstərirlər, nə düşündürtməyə çalışırlar? Görüntü çox güclü silahdır, bəzən görüntülərlə yalan da söyləmək olur”.
Dəfələrlə fotomüsabiqələrdə mükafat almış türkiyəli fotoqraf hesab edir ki, artıq həyatı foto və görüntüsüz təsəvvür etmək olmaz: “Fotoqrafiyanın inkişafında durğunluq ola bilməz, çünki görüntünü yox etmək mümkün deyil. Foto bəşəriyyətin ən böyük kəşflərindən biridir. Müasir dünyada görüntüsüz yaşamaq olmaz, artıq görüntü həyatımızın hər yerində var. Fotonu iki cür istifadə etmək mümkündür. Birinci məqsədə xidmət edir – fotojurnalistikada bu belədir. Burada foto xəbəri tamamlayır. Lakin mənim ən çox sevdiyim foto növü bədii sənəti əks etdirməkdir. Hazırda müxtəlif internet resursları vasitəsilə dünyanın hər tərəfində olan, bir-birini heç tanımayan insanlar öz çəkdikləri fotoları paylaşa bilirlər”.
Alaattin Kanlıoğlu bəzi çətin anlarda fotoqrafın baş vermiş hadisəyə müdaxilə etmədən həmin anı qeydə almasının əhəmiyyətli olduğunu bildirib: “Jurnalistika ilə məşğul olan bir fotoqrafın vəzifəsi işini görmək və gördüyü anın fotosunu çəkməkdir. Əgər belə fotoqraf hər hansı anı insanlıq naminə qeydə almaq istəməsə, bu anı yalnız şahidlər görər. Başqa insanlar belə hadisələrdən xəbərdar ola bilməzlər. Ona görə də əsas vəzifə baş verən hadisənin fotosunu çəkməkdir. Məsələn, Amerikada sənayeləşmə dövründə bir fotoqraf fabriklərdə uşaq əməyinin istismarını əks etdirən fotolar çəkir. Onun fotoları elə səs-küyə səbəb olur ki, qanuna dəyişiklik edilir və uşaq əməyi qadağan olunur. Əgər bu şəkillər çəkilməsəydi, heç kəs bu hadisədən xəbər tutmazdı. Foto çəkən şəxs həmin an fotoqrafdır, o həkim, tibb bacısı, polis, yaxud xilasedici deyil. Əvvəlcə fotonu çəkməli, əgər sonra insanlığı yol verərsə, çətinlikdə olan adama yardım etməlidir. Lakin bunun əksi də ola bilər. Depressiya vəziyyətində olan birinin əlinə qaz balonu və alışqan verib şəklini çəkmək insanlıq deyil. Düzdür, deyirlər ki, indiki dövrdə müvəffəqiyyət qazanmaq üçün hər yoldan istifadə etmək olar. Lakin bu düzgün deyil. Fotoqrafiya tarixində iz buraxmış Kevin Karterin məşhur “Qartal və uşaq” fotosu var. Fotoqraf həmin şəklə görə mükafat alsa da, sonra intihar edir. Çünki özünün dediyinə görə, fotonu çəkəndən sonra həmin uşağa yardım edə biləcəyi halda bunu etməyib. Qəribə də olsa, belə şeylərə görə mən heç vaxt fotojurnalist olmaq, insanların pis anlarını qeydə almaq istəmirəm”.
Əsasən küçədə çəkilən fotolara üstünlük verdiyini bildirən İlkin Quliyev bunun səbəbini belə izah edib: “Mən əsasən küçə fotoqrafiyası ilə maraqlanıram. Bunun üstünlüyü odur ki, gələcəkdə indiki insanların yaşayış tərzini öyrənmək üçün həmin şəkillərdən istifadə etmək olacaq”.
20 illik təcrübəyə malik Alaattin Kanlıoğlu çəkdiyi fotolarda insan obrazının ön planda olduğunu bildirib: “Çəkdiyim şəkillərdə əsasən insanlar və həyat var. Mən turizm bölgələrində də fotolar çəkmişəm. Müşahidələrimə əsasən deyə bilərəm ki, dəmir pərdə ölkələri, yəni keçmiş sovet ölkələrində səhnə sənətlərinə heyranlıq var. Ona görə də bu ölkələrin vətəndaşları şəkildə gözəl görünmək üçün necə durmaq lazım gəldiyini bilirlər”.