Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi: “Cərimələrin miqdarının artırılması ilə bağlı layihə hazırlamışıq”

“Yanvarın 26-dan fevralın 6-dək respublikada təhlükəsiz iş ongünlüyü elan etmişik. Bu ongünlük ərzində Bakı şəhərinin 6 rayonunda, cənubda Lənkəran və ətraf rayonlarda, şimalda Xaçmaz və ətraf rayonlarda, bu gün isə Sumqayıtda “Açıq qapı” seminarlar təşkil etmişik”. Bu fikirləri APA TV-də efirə gedən “Sosium” proqramının qonağı, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə deyib.

Onun sözlərinə görə, seminarlara işə götürənlər dəvət olunub: “Onların təkliflərini nəzərə almaqla öz fikirlərimizi onlara bildiririk və sağlam və təhlükəsiz əmək şəraiti yaratmaq, bütün işçilərini fərdi mühafizə vasitələrindən mühafizə etmək və əmək qanunvericiliyinin digər normaları barədə onları məlumatlandırırıq. İşəgötürənlərə texniki təhlükəsiz qaydalarına əməl olunması, işçilərin fərdi mühafizə vasitələri ilə təmin edilməsi və bu prosesə nəzarət qaydaları izah olunur. Çünki, bu, bilavasitə işəgötürənin vəzifəsi və borcudur. Fevralın 6-dək “Açıq qapı” adı altında seminar müşavirələri davam etdirəcəyik. Növbəti seminarların Gəncə və ətraf rayonlarda, daha sonra Bakının digər 5 rayonunda keçirilməsi nəzərdə tutulub”.

Fuad Əlizadə paralel olaraq monitorinqlərin də davam etdirildiyini deyib: “Baxış keçirdiyimiz sahələrdə işçilər üçün sağlam təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı monitorinqlər də davam edir. Bu sahələrdə nəzarət işləri həyata keçirəcəyik, bizim göstərişlərə uyğun işləri yerinə yetirmirlərsə, bu gün də belə müəssisələrdə işçilərin həyatı üçün təhlükə vardırsa, bunları yəqin ki mətbuata açıqlayacağıq”.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi ilk təhlükəsiz iş həftəsinin 2014-cü ilin sentyabrında keçirildiyini deyib: “Təbii ki, o dövrdən bu yana müəyyən irəliləyişlər görürəm. Bu gün yol kənarındakı tikinti sahələrində, gözlə görülən yerlərdə fərdi mühafizə vasitələrindən istifadəyə, texniki təhlükəsiz qaydalarına demək olar 90 faiz əməl olunur. Təbii ki bəzi nöqsanlar qalır, onlar tam aradan qaldırılmayıb . Amma müəyyən qədər nailiyyətlər əldə etmişik. Əmək təhlükəsizliyi sahəsində işini norma və standartlara uyğun quran şirkətlərə Əmək Müfəttişliyi təşəkkür edirik. Amma hansı təşkilat öz işçilərinin həyat və sağlamlığına laqeyddirsə, təbii ki, onları inzibatı məsuliyyətə cəlb edirik və onlara qarşı radikal addımlar atırıq”.

Fuad Əlizadə əmək təhlükəsizliyi normalarının pozulmasına görə İnzibati Cəzalar Məcəlləsində 1000-2000 manat məbləğində cərimə nəzərdə tutulduğunu deyib: “Lakin bəzən bu cərimələr effektli olmur, bu səbəbdən cərimələrin miqdarının artırılması barədə layihə işləyib hazırlamışıq. Layihəni hökumətə təqdim edəcəyik”.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi il ərzində dünyada 2,4 milyon nəfərin istehsalat qəzaları nəticəsində öldüyünü deyib: “Bu, böyük bir rəqəmdir. Hər il aprelin 28-də Beynəlxalq Əməyin Mühafizəsi Günü keçirilir, biz rtıq 10 ildən çoxdur ki bu tədbiri ölkəmizdə keçiririk. Bizim ölkəmizdə də istehsalatla bağlı xəsarət alanlar olur, ölüm hallarına, peşə xəstəliyinə tutulma hallarına rast gəlinir. Bunun qarşısını almaq üçün ilk növbədə işə götürənləri maarifləndirmək lazımdır. Və işçi bilməlidir ki, işəgötürəndən nəyi tələb etmək lazımdır? İşəgötürən işçisinin əmək fəaliyyətini norma və standartları uyğunlaşdırmalıdır. Təəssüflər olsun ki keçən il Azərbaycan ərazisində iş prosesində 225 bədbəxt hadisə baş verib ki, nəticədə 90 nəfər həyatını itirib, 183 nəfər isə müxtəlif xəsarətlər alıb. Bu risklərdən heç kəs sığortalanmayıb. Buna görə də bütün işə götürənlər öz işçilərini istehsalatda baş vermiş bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta etdirməlidir. Hər hansı işçi bədbəxt hadisə nəticəsində xəsarət alarsa və ya həyatın itirirsə, o və ya onun himayəsində olan şəxslər pul təzminatını almalıdır. İşəgötürən bunu yerinə yetirməyibsə, biz onu dərhal İnzibatı Xətalar Məcəlləsinə uyğun cərimələyirik”.

Fuad Əlizadə daş karxanalarında keçirilən reydlərə də toxunub: “Daş karxanalarında vəziyyəti mütəmadi izləyir, işçilərimizi ora göndəririk. Daş karxanalarında durumla bağlı ictimai qınaq yoxdur. Cəmiyyət orada nə baş verdiyini görmür. Biz bacardığımız qədər karxanalarda əmək təhlükəsizliyinə riayət olunmasına nəzarət edirik. Müəyyən işlər görülüb, bir çox daş karxanalarında yuyunmaq üçün düş otaqları tikilib, geyinmə-soyunma, yemək otaqları normal vəziyyətə gətirilib. Növbəti təhlükəsizlik ongünlüyünü ancaq daş karxanalarının fəaliyyətinə aid edəcəyik. Düşünürük ki, daş karxanalarının rəhbərlərinə rəsmi şəkildə müraciət edək ki, işçilər üçün sağlam və təhlükəsiz əmək qaydalarının yaradılması şərtlərini heç olmasa minimum yerinə yetirsinlər. Sonra gedib baxış keçirəcəyik, minimum standartlar yerinə yetirilməyibsə, radikal addımlar atacağıq”.

Fuad Əlizadə bildirib ki, qanunvericiliyə uyğun olaraq hər hansı yerdə işçilərin həyatı üçün təhlükə törədən mənbələr varsa, o müəssisələrin fəaliyyəti dərhal dayandırılır: “Bir həftədə biz artıq 3 tikinti şirkətinin fəaliyyətini müvəqqəti dayandırmışıq. Onlara icrası məcbur olan göstəriş verilib. Ötən il bütün aparılan nəzarət işləri nəticəsində 20400 qanun pozuntusu aşkar edilib ki, bunların 19 faizi tikinti sektoruna, 24 faizi avtomobillərin təmiri sektoruna, digərləri ictimai iaşə müəssisələrinə aiddir. Bu müddətdə işəgötürənlər 4,2 milyon manat cərimə olunub”.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi işəgötürənlə işçi arasında əmək müqaviləsinin imzalanmasını vacib sayır: “İşçi əmək fəaliyyətinə cəlb olunubsa, ilk növbədə işəgötürənlə əmək münasibətini rəsmiləşdirməli, əmək müqaviləsi bağlamalıdır. Çünki işçinin birinci hüququ buradan yaranır. Ondan sonra çalışdığı sahələrə uyğun olaraq işçilər öz əmək müqaviləsində göstərilən şərtlər daxilində işəgötürəndən öhdəliyini yerinə yetirməyi tələb etməlidirlər. İşəgötürən də onu eyni ilə işçidən bu öhdəliyi tələb edir”.

Müəllif | Apa.Tv
Apa.tv