Pediatr Əli Quliyev: “Yaxşı uşaq qidası deyə bir şey yoxdur, ən yaxşı qida ana südüdür”

“Ana südü elə bir nemətdir ki, onu heç bir halda, heç bir qida ilə əvəz etmək mümkün deyil. Ana südü uşağın mədə-bağırsaq sisteminin formalaşması, immunitetinin artması gələcəkdə bir çox xəstəliklərdən qorunması üçün vacib amildir”. Bu fikirləri APA TV-də efirə gedə “Sosium” verilişinin qonağı, pediatr, uzman doktor Əli Quliyev deyib.

Həkim qeysəriyyə əməliyyatının ana südünə təsir etmədiyini bildirib: “Uşaq doğulandan yarım saat sonra anaya verilməlidir. Onun mədə-bağırsağına gedən ilk qida ana südü olmalıdır. Lakin təəssüf ki, indi anaların çoxu təbii yolla yox, qeysəriyyə yolu ilə uşaq dünyaya gətirməyə meyl edirlər. Bu zaman anaların özünə gəlməsi müəyyən vaxt tələb edir və bəzən uşağa məcburən əlavə qida verməli olurlar. Buna görə də lap əvvəldən anaları normal təbii doğuşa təşviq etmək lazımdır. Burada doğum evlərinin rolu böyükdür. Əgər uşaq qeysəriyyə ilə doğulubsa, ana reanimasiya otağında olsa belə, ən qısa zamanda uşağı ona yaxınlaşdırmaq lazımdır. Kolostrum adlanan ilk qatı süd bağırsağın divarında qoruyucu təbəqə yaradır və bütün mikrobların qana keçməsinə mane olur. Bəzən 3-5 günlük uşaqlarda yüksək temperaturun səbəbi də məhz ana südü ilə qidalanmamaqdır”.

Qonağın fikrincə, anada südün olmamasının tək səbəbi onun uşağına süd vermək istəməməsidir: “Südüm olmadı deyə, bir termin ola bilməz. Bu yaradılışa ziddir. Əgər qadın hamilə qalıbsa, uşaq dünyaya gətiribsə, bədənin immun və hormonal sistemi də buna uyğun tənzimlənir. Ananın psixologiyası, yaşadığı mühit, qida və yuxu rejimi hamısı təbii ki, südə təsir edə bilər, başlanğıcda südün miqdarı az ola bilər, lakin keyfiyyət olaraq ana südü çox dəyərlidir. Uşağı mümkün qədər çox əmizdirmək lazımdır, çünki süd zaman keçdikcə artır. Bir insanın bağırsaq florasının formalaşmasında iki faktor önəmlidir. Normal doğuş zamanı uşağın uşaqlıq yolunda udduğu mikroblar və ana südü. Normal yolla doğulan və ana südü ilə qidalanan uşaqlarda bağırsaq problemlərinə çox rast gəlinmir. Lakin qeysəriyyə ilə dünyaya gələn uşaqlar ilk olaraq xəstəxana mikroblarını udur. Bağırsağa bu mikroblardan hansı birinci getsə, dominant o olur. Qeysəriyyə ilə doğulmaq özü uşaq üçün bir dezavantajdır. Ana uşağa süd əvəzinə süni qida verməklə uşağın bağırsaq florasının pozulması, xəstəliklərə yoluxması üçün hər bir şərait yaratmış olur. Qeysəriyyənin əmizdirmə ilə heç birə əlaqəsi yoxdur. Ana südü yemək şüşədən süni qida yeməkdən 5 dəfə artıq güc tələb edir”.

Əli Quliyev süd verməyin ana üçün faydalarından danışıb: “Süd verən analarda uşaqlıq və yumurtalıq xərçəngi, sinə xərçəngi riski qat-qat azdır. Analar səhvən hesab edirlər ki, uşağı əmizdirdikləri üçün arıqlamır, əksinə kökəlirlər. Əksinə, əgər ana düzgün qidalanırsa və uşağına süd verirsə, arıqlayır. Ana südünün 50 faizi ananın yağ toxumasından yaranır, 50 faizini isə ananın qidalandığı yeməklər təşkil edir. Bu isə ananın yağ toxumasının əriməsi deməkdir”.

Qonaq süd verən anaların qida rasionu ilə bağlı məsləhətlər də verib: “3 aya qədər körpələrdə köp sancıları olması qaçılmazdır. Bu bağırsağın formalaşması ilə bağlıdır. Ananın qidasının uşağa təsir etməsi isə fərdi məsələdir. Bəzən ana hər şey yeyir, amma uşaqda narahatlıq olmur. Lakin bəzən ana nə yesə, uşağı narahat edir. Ümumiyyətlə, acılı, ədviyyəli qidalardan uzaq olmaq faydalıdır. Çox duzlu və şirin qidalar, turşu yemək məsləhət deyil”.

Ana südünün əkilməsi deyə bir müayinə üsulunun olmadığını vurğulayan Əli Quliyev cəmi bir neçə xəstəliyin uşağa süd verməmək üçün əsas yaratdığını bildirib: “Biz ananın uşağa süd verməməsi üçün heç bir səbəb olmadığını deyirik, lakin başqa yerdə ailənin başını qarışdırırlar və nəticədə ailə bizə iradını tutur ki, siz bizim uşağı təhlükəyə atırsınız. Hər şeydən əvvəl, uşağı təbii ana südü ilə böyütmək ailənin maddi yükünü azaldır. Bir körpənin aylıq yeməyi 250-300 manat tutur. Bu hər ailə üçün əhəmiyyətli rəqəmdir. Bəzən analar südün əkilməsi zamanı analizdə stafilokok olduğunu, buna görə də süddən uşağa mikrob keçdiyini deyirlər. Bu, tamamilə cəfəngiyatdır. Belə bir mənasız səbəbdən ana uşağı əmizdirmir və bununla da onun bütün xəstəliklərə qarşı riskini artırır. Artıq təbabətdə südün əkilməsi deyə diaqnoz yoxdur. Əgər klinik əlamətlər yoxdursa, uşağın nəcisində stafilokok çıxmasının bizim üçün heç bir mənası yoxdur. Ana südünü sağıb analizə verərkən dəridəki bütün mikroblar, o cümlədən də, stafilokok südə qarışır və analizdə də çıxa bilər. Südündə stafilokok çıxan anaların 90 faizində, əslində heç bir problem olmur. Uşağa süd verməmək üçün çox nadir səbəblər var. Bunlardan birincisi, ananın QİÇS xəstəsi olmasıdır. İkincisi, ananın kimyaterapiya müalicəsi alması və ya stotoksik dərmanlar qəbul etməsidir. Bu dərmanların qəbulu dayandıqdan sonra körpəyə yenə süd vermək olar. Üçüncüsü, əgər anada aktiv vərəm varsa, 15 günlük müalicədən sonra, müalicəsinə davam etmək şərtilə övladına süd verə bilər. Əgər ananın sinəsində abses, yara və ya irin varsa, bu, əmizdirmək üçün əks göstərişdir. Bu sadaladığım hallardan başqa ana südünün kəsilməsi üçün heç bir göstəriş yoxdur. Hepatit B və C daşıyıcısı olan ana belə uşağını əmizdirə bilər. Uşaq doğulan kimi ona hepatit B-yə qarşı immunoqlobulin vurulur və onun bu xəstəliyə yoluxma ehtimalı sıfıra bərabərdir”.

Həkim ailələrin analara qarşı anlayışlı olmasını əhəmiyyətli faktor hesab edir: “Ana südünün kəsilməsi üçün ən böyük səbəb psixoloji amildir. Ananın beynində südü verib-verməməklə bağlı sual olmamalıdır. Bu kiçik şübhə belə südün kəsilməsi üçün bir səbəbdir. Ana olan qadınlarda doğumdan sonra depressiya baş verir, özlərini bəyənmirlər, uşağın ağlamasından, südün az olmasından narahat olurlar. Ailə bunu nəzərə almalı, anaya qarşı anlayışlı davranmalıdır. Hər üç saatdan bir uşağı əmizdirmək o qədər də asan deyil. Ailə qadına problem yaratmasa, qadının özü rahat olsa, südün kəsilməsi üçün səbəb ola bilməz. Psixoloji travma ana südünün kəsilməsində 90 faiz rol oynayır”.

Əli Quliyev ana südü ilə bəslənən uşaqların bütün həyatı boyu xəstəliklərə qarşı qarşı daha davamlı olduğunu deyib: “Ana südü ilə bəslənən uşaqlardan fərqli olaraq, süni qarışıqla qidalanan uşaqlarda bağırsaq problemlərinə daha çox rast gəlirik. Süni qida ilə böyüyən uşaqlar adətən kök olurlar, lakin ana südü ilə qidalanan uşaqlar adətən çox kök olmur, amma daha sağlam olurlar. Ana südü ilə böyüyən uşaqlarda ürək-damar xəstəliyi, şəkərli diabet, piylənmə, hipertoniya riski 50 faiz az olur. Ən keyfiyyətli süni qida belə, ana südünü 50 faiz əvəzləyə bilər. Bu o deməkdir ki, insan orqanizminə 50 faiz yad qida daxil olur. Orqanizmin “immun toleransı” deyə anlayış var, bu o deməkdir ki, insan orqanizmi özünə lazım olan qidaları tanıyır və qəbul edir. Ana südü ilə qidalanan uşaqlarda immun toleransı süni qida ilə bəslənən uşaqlara nisbətən 50 faiz çox olur. Yəni belə uşaqlar qidalara daha tez öyrəşir və qida allergiyalarından daha az əziyyət çəkirlər”.

Həkim hansı uşaq qidasının daha yaxşı olduğu barədə sualı belə cavablandırıb: “Birmənalı olaraq yaxşı uşaq qidası yoxdur. Süni qidaların çoxu inək südündən hazırlanır, inək südünün tərkibində allergik maddələr çoxdur. Allergiya olan uşaqlar belə qidaları qəbul edə bilmədiyindən məcburən başqa qidalara keçirlər. Bu zaman həm qiymət qalxır, həm də yeməyin dadı pisləşir və uşaq qidanı iştahasız yediyindən inkişafdan qalır. Yaxşı uşaq qidası ilə bağlı mənim cavabım eynidir – yaxşı uşaq qidası yoxdur, onların hamısı eynidir. Uşağın reaksiyasından asılı olaraq müxtəlif tip qidalar var, məsələn allergiya, qəbizlik, qusma problemi olan uşaqlar üçün ayrıca qidalar var. Lakin bu zaman onların hər orqanizmə necə təsir edəcəyini əvvəlcədən bilmək olmur. Buna görə də ən yaxşı qida ana südüdür”.

Əli Quliyev ana südünün tərkibinin 70-80 faizinin sudan ibarət olduğunu deyib: “Əgər uşaq ana südü ilə doyursa, 6 ayına qədər ona hətta su da verməyə ehtiyac yoxdur. 6 aydan sonra ana südü uşağın ehtiyaclarını tam ödəməyə bilər, bu zaman əlavə qidalara başlamağı məsləhət görürük. Bəzi uşaqlar sadəcə ana südü istəyir. Bu zaman həkim nəzarəti altında bir müddət təkcə ana südü verməyə davam etmək olar. İki yaşına qədər ana südünün verilməsini şiddətlə tövsiyə edirik. 18 aya qədər ana südü qida keyfiyyətini qoruyur, lakin 18 aydan sonra süd vermək ana ilə uşaq arasında psixoloji əlaqənin olması baxımından faydalıdır. Ana südü ilə böyüyən uşaqla ana arasında mənəvi bağlılıq dünyada başqa heç bir varlıq arasında yarana bilməz. Uşaq anasını ana bətnində olandan tanıyır. Atanı isə hətta iki aylıq olanda da tanımır. Ana ilə uşaq arasında nə qədər çox bədən təması olsa, uşaq özünə o qədər çox inanar, rahat olar. Ana uşaq üçün güvəndir”.

Qonaq mastit, qızdırma və çatlaq problemləri ilə bağlı analara məsləhətlər verib: “Mastit özü əmizdirmək üçün əks göstəriş deyil. Mastitli ana uşağı əmizdirə bilər. Çatlaqlar zamanı məsləhət görürük ki, həmin hissə sağalana qədər südü sağıb uşağa versinlər. Ana öskürürsə, asqırırsa, qızdırması varsa, bu da əmizdirmək üçün əks göstəriş deyil. Sadəcə, qrip hava yolu ilə keçdiyindən, ananın maskadan istifadə etməsi məsləhətdir. Mədə-bağırsaq infeksiyası olan uşağın ana südü alması, əslində bir şansdır. Çünki ana südünün tərkibində immunoqlobulin var ki, bu, uşağın müqavimətini artırır. Eyni zamanda, ana südü vasitəsilə uşaq çoxlu maye qəbul edir ki, bu da mədə-bağırsaq infeksiyalarında vacib şərtdir”.

Sonda Əli Quliyev ana südünün insanın bütün həyatı boyu xəstəliklərdən qoruduğunu deyib: “Hər bir valideyn övladının sağlam və uzun ömür sürməsini istəyir. Əgər ailələr uşaqlarının gələcəkdə ürək-damar, mədə-bağırsaq xəstəliklərindən, şəkərdən əziyyət çəkməyini istəmirlərsə, ana südünü kəsməsinlər. İstisna hallardan başqa ana südünün heç bir əks göstərişi yoxdur. Statistika üçün deyim ki, 5 ildir Bakıda həkim işləyirəm, gündə 50 xəstə qəbul edirəm, hələ açıq vərəm və QİÇS olan anaya rast gəlməmişəm”.
 

Müəllif | Apa.Tv
Apa.tv