Siqareti necə tərgitmək olar? - MƏSLƏHƏT

”Kişilərin təxminən 40-60 faizi, qadınların isə 2-10 faizi siqaret çəkir. Rəqəm baxımından böyük rəqəmdir, ümumilikdə Azərbaycanda 3 milyona yaxın siqaret çəkən var”. Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, Səhiyyə Nazirliyinin sağlam həyat tərzi üzrə milli koordinatoru Azad Hacıyev deyib.

O gənclərin siqaret çəkməyə başlamasında psixoloji amilin əsas rol oynadığını deyib: “Burada psixoloji amil çox önəmlidir, uşaqlar böyük görünmək, dostlardan seçilməmək istəyirlər. Siqaret çəkməyə əsasən 12-13 yaşlarında başlayırlar, amma əvvəl təklikdə çəkir, sonra bir yerə yığışıb çəkirlər. Siqaret elə bir vasitədir ki, insanda çox tez asılılıq əmələ gətirir. Ona görə Ümumdünya Səhiyyə Təşkilatı nikotini yüngül narkotik maddə kimi qəbul edib. Hər siqaretin tərkibində nikotin var, siqaret çəkənlərdə asılılıq əmələ gətirən də odur. Asılılıq insanın fərdi xüsusiyyətlərindən də asılıdır, amma burada genetik xüsusiyyətlər, meyllilik də var. Tənəffüs sistemi zəif olan insanlarda daha tez meyllilik əmələ gəlir”.

Azad Hacıyevin sözlərinə görə, insan hətta siqareti tərgitsə belə, bu vərdişin acı təsirləri uzun illər bədəndə qalır: “Araşdırmalarla sübut olunub ki, siqaretin izləri 6 ilə qədər bədəndə qalır. 30-35 il siqaret çəkən adamların üzərində eksperiment aparılıb və məlum olub ki, toplanan zəhər orqanizmdən 6 ilə təmizlənir”.

Ekspert son zamanlar qadınlar arasında siqaret çəkənlərin sayının artdığını qeyd edib: “Bu sağlamlıq üçün, cavan analar üçün, döl üçün bu çox zərər gətirə bilər. Bütün dünyada passiv siqaret çəkən kütlə var, yəni siqaret çəkən adamın yanında olan, havaya buraxılan tüstünü qəbul edən şəxslər passiv siqaret çəkənlər sayılır. Siqaret tüstüsünün tərkibində 400-dən çox kanserogen maddə var. 12 qram nikotin bir atı öldürür. İnsan dayanmadan bir-iki qutu siqaret çəksə, əlbəttə ki, onu da öldürər”.

Azad Hacıyev siqareti tərgitməyin mümkün olduğunu vurğulayıb: “Uzun müddət siqaret çəkən, tərgitməyə iradəsi çatmayan adamlar var. Çox vaxt böyük bir stressdən sonra siqareti atırlar. Ya infarkt vurur, ya ciddi xəstəliyə tutulur, ya da xroniki xəstəlik qəfil kəskinləşir - bu hallarda adam qorxudan siqareti tərgidir. Amma elə iradəli adamlar var ki bir gündə bunu ata bilirlər.
Allen Karrın siqareti tərgitməyin asan yolu haqqında məşhur kitabı var, on milyonlarla tirajla çap olunub, 2-3 il bundan qabaq Azərbaycan dilinə də tərcümə edilib. Bəzi adamlar bu kitabı oxuyandan sonra həqiqətən də siqareti tərgidiblər, ona görə ki orda siqaretin zərərindən və mənfi təsirlərindən daha ətraflı yazılıb”.

Milli koordinator bildirib ki, gənclərin siqaretə qurşanmasında tütün məhsullarının reklamının böyük təsiri var: “Reklamın, dəbin rolu böyükdür. Bir zamanlar məşhur aktyorlar kovboy geyimində “Marlboro” siqaretlərini reklam edirdilər, hər kəs də özünü o kovboya oxşatmaq üçün siqaret çəkirdi. Bu gənclərə anlatmaq lazımdır ki, siqaret çəkməyə başlasa, bu bəladan qurtarmaq çox çətin olacaq. Daha yaxşı olar ki, gənclər vaxtında özünü idmana, sağlam həyat tərzinə yönəlsin. Ailədə siqaretə münasibətin də rolu var, ata siqaret çəkirsə, övladı da böyük ehtimalla böyüdükdə siqaret çəkəcək. Çünki Uşaqlar adətən özünə yaxın olan adamlara oxşamaq istəyir. Təəssüf ki, Azərbaycanda lisenziya almış siqaretlə mübarizə mərkəzləri yoxdur, bu istiqamətdə planlar var, müzakirələr gedir, yəqin ki gələcəkdə belə mərkəzlər olacaq”.

Ekspert siqareti tərgitmək üçün tətbiq olunan tibbi üsullara da toxunub: “Bəzi psixoloji metodlar, 6-7 müalicə istiqaməti var. Tərgitmək üçün dərmanlardan, xüsusi plastırlardan, nikotin tərkibli saqqızlardan istifadə edirlər. Amma əsas məsələ insanın anlayaraq siqareti tərgitməsidir. Ağciyər xərçəngi xəstələrinin 30 faizi siqaret çəkənlərdir. Belə alışqanlığı olan insanlar hipertoniya xəstəliyinə daha tez tutulur. Bütün risk faktorları sırasında ilk iki yerdən birində siqaret durur. Bəziləri deyir ki, siqareti tərgidən kimi kökəlirəm. Təbii prosesdir, siqareti atanlarda iştaha artır, bu isə kökəlmə verir, yuxusuzluq yaradır. Amma bundan qorxmaq lazım deyil, bu proses bir aya, ay yarıma keçəcək. Siqareti əvəz etmək üçün idmanla məşğul olmaq lazımdır. Bundan başqa müxtəlif ölkələrin istehsalı olan plastırlar satılır, bu plastırların bədənə yapışdırılması siqareti tərgitmə prosesini yüngülləşdirir. Təxminən bir qutu siqaret qiymətində olan bu plastırlardan gündə bir dəfə istifadə etmək kifayətdir. Bununla həm özünə, həm ətrafına xeyir vermiş olarsan”.

Ekspert sulu qəlyanın da siqaret qədər zərərli olduğunu deyib: “Siqaret də, sulu qəlyan da zərərlidir. Ola bilər ki, nargilənin siqaretə nisbətən zərəri azdır, amma yenə də hansı formada da olsa da, bu zərərlidir”.

Müəllif | Apa.Tv
Apa.tv