Hansı mənzillər satılarkən gəlir vergisi ödəniləcək?

“Hazırda daşınmaz əmlaka tətbiq edilən əmlak vergisi çox azdır. Yaxın zamanda bu məsələ yenə gündəmə gələcək və əmlak vergisi artırılacaq”. Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, iqtisadçı ekspert Rəşad Əliyev deyib.

Əslində mənzillərin satışından əldə olunan vəsaitə gəlir vergisinin çoxdan tətbiq olunduğunu deyən mütəxəssis indi bu qanunun dəyişdirildiyini qeyd edib: “Əgər vətəndaş əmlakın satışından gəlir, mənfəət əldə edirsə, təbii ki, bütün dünyada olduğu kimi bizdə də bu, vergiyə cəlb edilməlidir. Azərbaycanın vergi qanunvericiliyi dünya ölkələri ilə müqayisədə əsasən əhalinin maraqlarına uyğundur. Lakin daşınmaz əmlakla bağlı əməliyyatların nəticələrinin vergiyə cəlb edilməsində, bunun qanunda təsbit olunmasında müəyyən çatışmazlıqlar var”.

Qonaq yeni qanun layihəsi ilə bağlı bəzi müddəaları əsaslandırıb: “Əgər satılan mənzil son üç ildə vətəndaşın daimi yaşayış yeri olubsa, həmin mənzil üzrə əməliyyatlarda heç bir vergi tutulmur. Lakin əgər siz həmin mənzildə 3 ildən az müddətdə yaşayıbsınızsa, yaxud da həmin evə qeydiyyatınız yoxdursa, bu halda alqı-satqı əməliyyatlarına gəlir vergisi tətbiq olunur”.

Rəşad Əliyev “yaşayış yeri” termini ilə bağlı aydınlaşdırmanın vacib olduğunu bildirib: “Bəzi hüquqi terminlərə açıqlıq gətirilməlidir, yaxşı olar ki, müvafiq dövlət orqanları tərəfindən daimi yaşayış yeri dedikdə nə başa düşüldüyü də dəqiqləşdirilsin. Vergi orqanı ona təqdim olunan sənədlərə istinad edir. Bu isə ilk növbədə şəxsiyyət vəsiqəsində qeyd olunan ünvandır. Lakin ola bilər ki, vətəndaş beş il yaşadığı mənzildə yox, tamamilə başqa yerdə qeydiyyatdadır. Bu zaman müvafiq inzibati idarələrdən arayış almaqla orada yaşadığını sübut edə bilər. Amma bu sənədin nə qədər keçərli olacağı qeyri-müəyyəndir. Ona görə də bu qanunun bu maddəsində 3 il müddəti dəqiqləşdirilməlidir”.

İqtisadçı ekspert vergiyə cəlb olunan məbləğdən təmir xərclərinin necə çıxılacağına da aydınlıq gətirib: “Məsələn, vətəndaş 1995-ci ildə mənzil alıb, 2015- ci ildə satırsa, 20 ildə mənzilini beş dəfə təmir etdirə bilər, ona görə də bu təmir xərcinin də nəzərə alınması müəyyən çətinlik törədəcək. Təmir xərcləri məsələsi daha çox yeni tikililər üzrə əməliyyatlarda aktual olacaq. Əksəriyyət yeni tikililərdə mənzili təmirsiz alır və bu zaman tikinti şirkəti ilə imzalanmış müqavilədə mənzilin təmirsiz alındığının göstərilməsinə əmin olmalıdır. Digər tərəfdən təmir xərclərini təsdiq edən sənədlər mövcud deyilsə, vergi ödəyicisi müvafiq orqana müraciət edərək həmin təmir xərclərinin analoji göstəricilərə və bazar qiymətlərinə uyğun şəkildə müəyyənləşdirilməsini istəyə bilər”.

Qonaq torpaq sahələrində tikilən evlərlə bağlı alqı-satqı əməliyyatlarının vergiyə cəlb olunmasına da aydınlıq gətirib: “Bir qayda olaraq, vətəndaş torpaq alandan və həmin ərazidə ev tikdikdən sonra onun qeydiyyatını həyata keçirir və bu zaman artıq ev torpaqla birlikdə vahid daşınmaz əmlak olur, yəni artıq buna torpaq sahəsi kimi baxılmır. Fiziki şəxslər, yəni vətəndaşların bəlkə də yüz faizi, çox nadir hallarda tikintini rəsmiləşdirirlər. Əksəriyyət evi adi qaydada tikir, işin bir hissəsini bir usta, yarısını digər usta görür, materialı özü alıb gətirir, yəni bu tikililərdə heç bir sənədləşmə aparılmır və belə bir daşınmaz əmlak üzrə alqı-satqı əməliyyatlarında çətinliklər yaranır. Ancaq nəzərə almaq lazımdır ki, Vergi Məcəlləsində vergi ödəyicilərinin də mənafeyini, hüquqlarını qoruyan maddələr var. Əgər tikili üzrə heç bir sənəd yoxdursa, fiziki şəxs həmin tikintinin analoji göstəricilərlə qiymətləndirilməsini tələb edə bilər. Bu zaman nəticə onu qane etmirsə, müstəqil qiymətləndirmə də həyata keçirilə və yaxud məsələ məhkəmə müstəvisində həll oluna bilər”.

Rəşad Əliyev dövlət tərəfindən yaşayış mənzilləri ilə pulsuz təmin olunan kateqoriyanın mənzilin alqı-satqısı zamanı vergiyə cəlb olunması ilə bağlı da fikrini bildirib: “Burada mübahisəli məqamlar mümkündür, ancaq nəzərə almaq lazımdır ki, bu kateqoriyaya aid olan vətəndaşlar adətən həmin mənzildə 3 ildən çox yaşayır. Adətən həmin şəxslər bu cür mənzillərdə daimi qeydiyyata düşürlər və həmin mənzil satılanda vergisiz satılır. Nadir təsadüf olunan hallarda çıxış yolu budur ki, vergi ödəyicisi mənzil bağışlandığı vaxtda həmin mənzilin bazar dəyərinin müəyyən olunmasını və bugünkü bazar dəyəri ilə müqayisə edilməsini tələb edə bilər”.

Qonaq bu ildən daşınmaz əmlaka tətbiq edilən əmlak vergisi ilə bağlı da məlumat verib: “Bu ildən mənzillərə tətbiq edilən əmlak vergisinin göstəriciləri, yəni faiz dərəcələri əmlak bazarına heç bir qaydada təsir etməyəcək. Çünki fiziki şəxslərə tətbiq edilən vergilər çox cüzidir. Ancaq nəzərə almaq lazımdır ki, uzunmüddətli perspektivdə, daşınmaz əmlak vergisi məsələsi yenə gündəmə gələcək. Yeni qaydalara görə, mənzilin 30 kvadratdan çox olan hissəsinin hər kvadratına Bakı şəhəri üzrə 40 qəpik vergi nəzərdə tutulub, bu əmsal 1.5 dəfəyə qədər arta bilər, yəni 60 qəpiyə kimi arta bilər. Məsələn, şəhərin mərkəzində bir milyon manat dəyərində, 100 kv.metrlik mənzilin illik əmlak vergisi 36 manat təşkil edir. Avropa ölkələrinin birinin paytaxtında analoji halda vergi ildə ən azı 10 min manat olmalı idi. Bu gün tətbiq edilən əmlak vergisinin çox sosial istiqamətli olması aşağı təbəqədən olan əhalinin maraqlarını qorumaq məqsədi daşıyır. Amma nəticədə, iri həcmli investisiyaya malik vergi ödəyiciləri də bundan faydalanır”.

Ekspert daşınmaz əmlaka tətbiq olunan hər iki qanunun mənzil bazarındakı qiymətlərə təsir dərəcəsindən də danışıb: “Bu gün əmlak vergisi o qədər cüzidir ki, bazara təsiri demək olar ki, təsiri yoxdur. Lakin iki-üç ildən sonra bu məsələ gündəmə qayıdanda əmlakın istismarı ilə bağlı gələcək xərclərə təsirsiz olmayacaq. Gəlir vergisinin bazara təsirini isə iki hissəyə bölmək olar: qısamüddətli və uzunmüddətli təsir. Qısamüddətli perspektivdə vətəndaşlar mənzili baha qiymətə satmağa çalışacaqlar. Lakin nəzərə alsaq ki, daşınmaz əmlak bazarı rəqabətli bazardır, burada minlərlə iştirakçı var, bu deməkdir ki gəlir vergisinin təsiri bazara çox az olacaq. Ümumilikdə isə, hazırda bazarda enmə tendensiyaları müşahidə olunur”.

Müəllif | Apa.Tv
Apa.tv