Azərbaycanda internetin qiyməti necə ucuzlaşdırıla bilər?

 

“Azərbaycan qlobal dünyanın tərkib hissəsi, internet seqmenti, qlobal internet şəbəkəsinin ayrılmaz tərkib hissəsidir. Azərbaycanda da internet artıq cəmiyyətin bütün sahələrinə nüfuz edib, yəni istənilən sahəni internetsiz təsəvvür etmək mümkün deyil. Gündəlik həyatımız, iqtisadiyyatımız, dövlət qurumları, təhsil, elm, səhiyyə müəssisələri internetə inteqrasiya olunub və olunmaqdadır. Cəmiyyətin bütün sahələrinin elektronlaşması, indiyə qədər göstərilən xidmətlərin internet üzərindən göstərilməsi prosesi gedir. Məsələn, insanlar ofisə, idarəyə gedirlərsə, indi hökumət öz xidmətlərini elektrona çevirib, vətəndaş da ofisindən, evindən çıxmadan bu xidməti almaq istəyir. Azərbaycanda bu proses daha da sürətlənəcək. Azərbaycan internetində son illər həm kəmiyyət, həm də keyfiyyət cəhətdən dinamika var. Amma mən düşünürəm ki Azərbaycan internetində daha çox keyfiyyətlə bağlı problemlər var”. Bu fikirləri APA TV-də efirə gedən “Sosium” proqramının qonağı, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

 

Onun sözlərinə görə, Azərbaycanda internet istifadəçilərin sayı, dinamikası, elektron hökumət cəhətdən bəzi parametrlər üzrə problemlər var. Bu parametrlərdən birincisi hər internet istifadəçinə düşən orta internet sürəti ilə bağlıdır: “Bu rəqəm ortalama olaraq bizdə 3- 4-5 meqapiksel həcmində ola bilər. Amma qonşu ölkələrlə müqayisədə bu, aşağı göstəricidir. Çünki bizdə fiberoptik strukturun güclənməsinə ehtiyac var. İnkişaf etmiş ölkələrə baxsaq, orada internet strukturu daha çox ayrıca bir xəttin üzərində oturub, Azərbaycanda isə daha çox telefon xəttinin üstünə oturdulub. Bir qismi kabel televiziya üzərində, bir qismi ayrıca xətt, balaca bir hissə fiberoptik xətlər, qalan böyük hissə telefon xətti üzərindədir. Bu da köhnə bir infrastrukturdur, yəni onun üzərindən yüksək həcmli, sürətli internet alınmasında problemlər var. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin açıqlamasında bildirildi ki, böyük fiberoptik infrastruktur qurulması ilə bağlı böyük layihələr gözlənilir. Yaxın illər üçün büdcədən böyük vəsaitin ayrılması nəzərdə tutulurdu, Azərbaycanda fiberoptik infrastrukturun inkişafı üçün 350 milyona qədər vəsait ayrılmalı idi. Amma indi məlum olub ki, artıq müəyyən səbəblərdən bu vəsait büdcədən verilməyəcək. Ona görə də nazirlik açıqlama verib ki bu layihələrdən əl çəkməyəcək, çünki buna ehtiyac var. Kreditlər və digər mənbələr hesabına bu vəsait əldə olunacaq”.
 

Osman Gündüz təhlükəsiz internet məsələsini də geniş şərh edib: “Təhlükəsiz internet odur ki, internet əlçatan olmalıdır, ikincisi də internetdə azyaşlılar, uşaqlar istənilən halda orda rahat işləyə bilməlidir. Hesabları oğurlanmamalı, ziyanlı informasiya ilə qarşılaşmamalı, şəxsi informasiyaları oğurlanmamalıdır. Yəni necə ki, real həyatda təhlükəsizlik var, həmin məsələ virtual həyatda da var. Azərbaycanda azyaşlıların internetdə təhlükəsizliyi aktualdır. Azərbaycan qanunvericiliyində elə müddəalar nəzərdə tutulub ki, uşaqlar müəyyən informasiyaları ala bilməzlər, amma uşaqlar internetdə işləyirsə, bunu alır. Filtrlənmə təhsil sistemində aparılır, ailədə, internet klublarda bu, problem olaraq qalır. Bu da təkcə hökumətin problemi deyil. Hansısa müəssisənin tərkibində filtrasiya məqbuldur, amma ümumiyyətlə Azərbaycana gələn internetə filtrasiya qoymaq sonda insan hüquqlarının tapdalanmasına gətirib çıxardacaq. Biz provayderdə filtrləmə qoymuş olsaydıq, bütün problemlər həll olardı, yəni internet çeşidlənər, süzgəcdən keçirilərdi, zərərli informasiya olmazdı, ancaq bu cür filtrasiyalar digər insanlara lazım olan informasiyanın qarşısını alır. Ona görə də bu problemin həlli asan deyil. Problemin həlli evlərdə, internet klublarda olmalıdır, problem maarifçilik yolu ilə, müxtəlif spesifik proqramların tətbiqi ilə həllini tapmalıdır. Valideynlər üçün gərəkli olan, uşaqlar üçün zərərli informasiyanın süzgəcdən keçirildiyi internet xidmətin göstərilməsi istiqamətində hökumət tərəfindən addımlar atılsa, yaxşı olar. Yəni provayderin internetə filtrasiya tətbiq olunmuş “Datakart” satacaq, valideynlər bu internetdən istifadə etməklə, problemlərinin 99 faizini həll etmiş olacaqlar. Amma hələlik bizdə bu xidmət yoxdur”.
Osman Gündüz bildirib ki, cəmiyyətdə olan problemin, evdə olan problemin günahını internetin üzərinə yıxmaq olmaz: “Sadəcə problemin təzahürü internetdir. Dünyanın gedişatı və mövcud təcrübə onu göstərir ki, texnologiya ilə verilən bilik, internet, kompüter, təqdimatlar, video, audio üzərindən verilən bilik adi qaydadan verilən bilikdən tez mənimsənilir. Ən güclü, peşəkar müəllim biliyi kağızdan versə belə, orta səviyyəli müəllim texnologiya üzərindən bilik verəndə uşaq daha çox onu qəbul edir. Valideynlər uşaqları faydalı resursa yönləndirsə, daha yaxşı olardı. Hazırda uşaqlar üçün ağ siyahı hazırlanır ki, burada uşaqlar üçün faydalı informasiyalar olacaq. Ümid edirəm Rabitə və Yüksək Texnologiyalar Nazirliyi digər əlaqədar qurumları da bu prosesə qoşacaq və uşaqlar üçün daha faydalı olan informasiyalardan ibarət bir kataloq hazırlanacaq. Burada Azərbaycan dilində intellektual oyunlar, Qarabağla bağlı vətənpərvərlik oyunları olmalıdır ki, uşaqların başqa yerdən uzaqlaşdıranda bura yönəldə bilək. Bu istiqamətdə görüləsi işlər çoxdur”.

 

Ekspert müxtəlif saytların mütəmadi kiberhücumlara məruz qalması probleminə də toxunub: “Nə qədər ki internet var, nə qədər ki maraqlar var, hər bir KİV-ə hücum ola bilər. Əsas məsələ odur ki, bizim informasiyalarımız buna nə qədər dayanıqlıdır. Əgər komanda, peşəkarlıq yerindədirsə, qabaqcadan aidut aparılıb mənfi, müsbət cəhətlər aydınlaşdırılıbsa, heç bir təhlükə yoxdur. Ancaq harada ki, hazırlıq, profilaktika yoxdursa, əlbəttə ki o resursları təhlükə gözləyəcək. Müharibə şəraitində olan ölkədə hökumət də, dövlət də milli informasiya resurslarımızın dayanıqlığını qorumaq üçün dəstək verməlidir”.

 
Osman Gündüz internet xidmətlərinin qiymətləri ilə bağlı islahatların aparılmasına rəğmən, müqayisədə qiymətlərin yenə də baha olduğunu deyib: “Həm də nəzərə alsaq ki Azərbaycan internetində keyfiyyətsizlik deyilən bir sindrom da var, onda Azərbaycanda internet kifayət qədər bahadır. Bu gün Azərbaycanda internetin qiymətlərinin endirilməsi ilə bağlı şərait yetişib. Son iki ildə qiymət endirimi ilə bağlı bir dayanıqlıq var, əvvəl sürətlə gəldi və uzun müddətdir yerində sayır. İndi internetin qiymətlərinin endirilməsi daha zəruridir. Dövlət provayderləri qiymət endirməsə, özəllər bunu etməyəcək. Bizim bazarda dövlət proveyderləri anlayışı var. Özəl pravayderlərlə dövlət provayderlərinin start vəziyyətləri eyniləşməlidir. Hesab edirəm ki “Aztelekom” və “Bakinternet”in özəlləşdirilməsi məsələsinə baxılmalıdır”. 

Müəllif | Apa.Tv
Apa.tv