Azərbaycan cəmiyyətində müəllim nüfuz(suzluğ)u problemi - MÜZAKİRƏ
“Təhsil sistemi cəmiyyətin içində yerləşir, o, cəmiyyətin güzgüsüdür. Cəmiyyətdə gedən bütü proseslər həm mənfi, həm də müsbət mənada təhsil sistemində əks olunur”.
“Təəssüf ki, bizim düşüncəmizdə müəllimə dəyər vermək anlayışı hələ yetərli səviyyədə deyil. Biz müğənniyə daha rahatlıqla pul veririk, nəinki müəllimə”.
Bu fikirlər APA TV-də efirə gedən “Sosium” proqramında cəmiyyətdə müəllim anlayışına verilən dəyərlə bağlı müzakirələrdə səslənib.
Verilişin qonağı, təhsil üzrə ekspert Məlahət Mürşüdlü demokratik cəmiyyətdə təhsil sahəsində baş verən neqativ halların ictimai müstəviyə çıxarılmasını təbii hesab edir: “Təhsildə baş verən hadisələrin istər müsbət, istərsə mənfi mənada ictimailəşdirilməsi normal haldır. Lakin ictimailəşmə hadisələrin daha da aqressiv şəkil almasına yox, problemin doğru, obyektiv işıqlandırılmasına xidmət eləsə, çox yaxşı olar. Son vaxtlar təhsil sahəsində bir sıra qanunlar qəbul olundu, bunların ictimailəşdirilməsi çox vacib məsələ idi, çox təəssüf ki bu, baş vermədi. Ümumiyyətlə, təhsil sistemi, məktəblər ayrıca bir adada yerləşmir, cəmiyyətin içərisindədir, cəmiyyətin güzgüsüdür, strateji əhəmiyyətə malik bir sahədir. Elə bir ailə, elə bir insan yoxdur ki, təhsillə bağlı olmasın. Təhsil sistemi cəmiyyətdən kənarda yerləşmədiyinə görə cəmiyyətdə baş verən proseslər mütləq təhsil sistemində, onun özəyi olan bağçalarda, orta məktəblərdə öz əksini tapmalıdır. Hazırda cəmiyyətin özündə bir aqressivlik var. Əslində, şagird-müəllim münasibətlərində, müəllim-valideyn münasibətlərində, müəllimlərlə idarəedicilər arasında münasibətlərdə problemlərin həlli üçün sosial araşdırmaya ehtiyac var. Bu, konseptual şəkildə araşdırılmalı və səbəbləri ictimailəşdirilərək bu hallar bizim cəmiyyətin güzgüsü olan məktəblərdə baş verməsinin qarşısını almaq lazımdır”.
Verilişdə iştirak edən psixoloq Elnur Rüstəmov isə müəllim peşəsinin müqəddəs olması ilə bağlı formalaşan ənənəvi yanaşmanın qorunmasını vacib sayır: “Uşağın problemi ailənin problemi və ümumilikdə, cəmiyyətin problemi deməkdir. Biz Amerikada, Avropa ölkələrində, Rusiyada müəllim-şagird arasında problemli münasibətləri görmüşük. Azərbaycan cəmiyyətində bu cür hallar baş vermir. Müəllim bizim üçün bir dəyər etalonudur, bu etalonu qorumaq lazımdır. Müəllim heç vaxt varlı olmur, ideologiya, konsepsiya da ondan ibarətdir ki, müəllim həmişə yol göstərən olub, müəllim varlı insanı yetişdirən olub. Müəllim akademik, professor, dövlət məmuru yetişdirib, ömrünün axırına qədər də dərs deyib. Uşağın müəllimə qiymət verməsi üçün gərək valideyn müəllimə dəyər versin”.
Psixoloqun fikrincə, müəllim-şagird-valideyn münasibətlərində yaranan problemlər məktəb daxilində uğurlu şəkildə həll oluna bilər: “Şagird-müəllim arasındakı problemləri məktəb daxilində də həll etmək olar, sadəcə, valideynlər özləri məsələyə doğru bir prizmadan yanaşmırlar. Biz müəllim peşəsinə əvvəlki nüfuzu qaytarmaq üzərində iş aparmalıyıq. Bu gün həkimin də maaşı yüksək deyil, amma onları xalq dolandırır, insanlar bunları yaşadır, onların biliyi savadı buna imkan verir. Bu gün müəllimlərin də içərisində yaxşı yaşayanlar var, lakin bununla yanaşı, bu sahədə də təsadüfi adamlar var. Son zamanlar müəllimlə cəmiyyət arasında olan problemlər bir mütəxəssis kimi bizi də narahat edir”.
Məlahət Mürşüdlü müəllimlərin sosial-maddi vəziyyətinin onların cəmiyyətdəki yerinə təsiri olduğunu istisna etmir: “Təhsil Nazirliyinin çox böyük missiyası var, təhsildə baş verən istər müsbət, istərsə də mənfi halda bütün hadisələrə, hallara cavabdehdir. Ancaq mənim fikrimcə, məktəblərdə bu cür halların araşdırılması, cəzaların tətbiqi, müəyyən inzibati tədbirlərin görülməsi baxımından məktəb idarəetmələrinə müstəqillik verilməlidir. Məktəb rəhbərliyinin və yaxud da Şəhər Təhsil Şöbələrinin edə biləcəyi bir işi Təhsil Nazirliyi görməməlidir. Müəllimin sosial müdafiəsi təmin edilməlidir, bura onun əmək haqqının qaldırılması, mənzil şəraitinin yaxşılaşdırılması aiddir. Təhsil dövlət üçün strateji əhəmiyyətə malikdir, bu sahə ilə təkcə Təhsili Nazirliyi məşğul olmamalıdır”.
Məlahət Mürşüdlü pedaqoji fakültələrin fəaliyyətindən narazılığını bildirib: “Cəmiyyətdə müəllim nüfuzuna təsir edən amillərdən danışarkən xüsusi qeyd etmək lazımdır ki, pedaqoji fakültələrə qəbul imtahanlarından ən az bal toplamış abituriyentlər müraciət edir. 150-200 bal toplayan şəxs ali məktəbi necə başa vuracaq, gəlib orta məktəbdə necə çalışacaq? Pedaqoji fakültələrə seçimdə mütləq diqqətli olmaq lazımdır. Pedaqoji məktəblərdə təhsil günümüzün səviyyəsinə uyğun deyil. Diplom alan gənc kadrlar müəllim yoldaşları ilə, şagirdlərlə, valideynlərlə ünsiyyət qura bilmir, İKT-dən anlamır. Bu problemin həlli kimi interna müddətinin tətbiq edilməsi yaxşı nəticə verə bilər. Təkcə əmək haqqını artırmaqla müəllimin nüfuzu artmır, kompleks tədbirlər həyata keçirilməlidir və burada təkcə Təhsil Nazirliyi yox, digər nazirliklər, Nazirlər Kabineti də mühüm rol oynamalıdır”.
Psixoloq Elnur Rüstəmov artıq təhsilə də kapitalist nöqteyi-nəzərdən yanaşmanı doğru hesab etdiyini bildirib: “Bir millətin gələcəyi bütövlükdə təhsil üzərində formalaşır, şübhəsiz övladlarına yaxşı təhsil vermək istəyən valideynlər onları xaricdə də təhsilini təmin edə bilirlər, lakin bunu hər kəs edə bilmir. Bu gün Azərbaycanda yaxşı təhsil verən özəl orta məktəblər də var. Bu məktəblərdə çalışan müəllimlər çox yaxşı məvacib alırlar. Bizdə təhsil ödənişsizdir, lakin reallıqda ali məktəbə hazırlaşan abituriyentlər maddi imkanından asılı olmayaraq hazırlıq üçün müəyyən vəsait sərf edir. Artıq kapitalizm tələblərinə uyğun daha çevik mexanizmlər olmalıdır. İctimai şüur dəyişməlidir, yanaşmalar dəyişməlidir. Əgər iqtisadi maraqdan söhbət gedirsə, təhsilə də kapitalist mövqeyindən yanaşmaq lazımdır”.
Məlahət Mürşüdlü təhsilə icma dəstəyinin əhəmiyyətini xüsusi vurğulayıb: “Biz həmişə Azərbaycanda təhsilə sosial dəstəyin yetərsiz olmasından danışırıq. Burada valideynlərin, icmanın məktəbə olan maddi və mənəvi və inzibati dəstəyindən söhbət gedir. Rusiya və Gürcüstanda məktəblərin 80-90 faizi ictimai fəal məktəblər formasında fəaliyyət göstərir. İctimai fəal məktəb - məktəb, valideyn və icmanın əməkdaşlığı nəticəsində fəaliyyət göstərən məktəblərə deyirlər. Təhsil Nazirliyinin təqdim etdiyi yeni Fəaliyyət valideynin məktəbə cəlb edilməsində, bir çox hallarda valideynin və icmanın məktəblə əməkdaşlığı sayəsində məktəb öz mövcud problemlərini həll edə bilər. Bu zaman yerli icra orqanlarının da üzərinə böyük məsuliyyətlər düşür”.
Təhsil eksperti müasir dövrdə şagird qarşısına çıxmağın asan olmadığını deyib: “Müəllim 6 saat dərsdən sonra qeyri-pedaqoji fəaliyyətlə məşğul olacaqsa, onun verdiyi təhsil nə olacaq? İndi İKT əsridir, şagirdlər müəllimlərdən daha çox informasiyaya malikdir, müəllim hər gün əlavə materiallar oxumalıdır, dərsinə kompleks şəkildə hazırlaşıb getməlidir. Əmək haqqının artması müəllimlərin də məsuliyyətini artıracaq”.
Azərbaycanda ənənəvi müəllim-şagird münasibətlərində müəyyən etik normaların hər zaman qorunmasının vacibliyini vurğulayan Elnur Rüstəmov valideynlərin təhsilə münasibətini də qüsurlu hesab edir: “Bizdə də müəllimlərlə dostluq edən şagirdlərimiz var, lakin müəyyən normativlərdən kənara çıxmaq qəbul olunmur. Şərq təfəkkürü Qərb təfəkküründən həmişə fərqli olub. Biz həm avropalı olmaq istəyirik, həm şərqli olmaq istəyirik. Yenə də əsas problem valideynin təhsilə münasibətindən yaranır. Diqqət yetirin, orta məktəblərdə ibtidai sinifdə dərs deyən müəllimlər yaxşı yaşayırlar, çünki valideynlər ibtidai təhsilə əhəmiyyət verirlər. Sonra 9-cu sinfə qədər boşluq yaranır. Yuxarı sinifdə yenə də valideynlər ali təhsil almaq istəyən övladlarının təhsilinə qarşı başlayırlar diqqətli olmağa başlayırlar”
Öz pedaqoji təcrübəsindən misal gətirən ekspert Məlahət Mürşüdlü də klassik müəllim-şagird münasibətlərinin dəyişməsinin əhəmiyyətli olduğunu deyib: “Şərq təfəkkürü insanın insana dost münasibətini inkar eləmir. Şərq təfəkkürü də Qərb təfəkkürü deyir ki, insan insanın dostudur, şagird müəllim münasibətlərində bizdə humanistləşmə çatışmır. Nəzərə almaq lazımdır ki, şagird də uşaqdır, insandır, onun sevgiyə ehtiyacı var”.