Könüllülük - kadr hazırlığı - işlə təminat: ASAN Könüllülər Proqramı necə işləyir?
Dövlət idarələri və özəl qurumlar ASAN Könüllülərini işə götürməkdə maraqlıdırlar” “İndiyə qədər “ASAN Könüllüləri” layihəsində iştirak üçün 10 min nəfər gənc müraciət edib. Biz məzun olmuş ASAN könüllülərinin işlə təmin olunmasına da yardım edirik”. Bu fikirləri APA TV-də efirə gedən “Sosum” proqramının qonağı, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) İnsan Resursları və Təlim şöbəsinin müdir müavini, “ASAN School” Könüllülük Proqramının rəhbəri Cahangir Hacıyev deyib.
Qonaq “ASAN Könüllüləri” layihəsinin tarixçəsindən danışıb: “2013-cü il yanvarın 15-də ilk dəfə 1 saylı “ASAN Xidmət” Mərkəzi fəaliyyətə başlayanda biz gəncləri də əməkdaşlığa cəlb etdik. Fəaliyyətə başlayanda bizə cəmi 15 könüllü qoşulmuşdu. Hal-hazırda ASAN Könüllüləri məzunlarının sayı 3 mindən artıqdır. Bu gənclər bizim mərkəzlərdə öyrəndiyi təcrübəni istənilən dövlət qurumu və özəl sektorda uğurla tətbiq edə bilir. Bu günə qədər ASAN könüllülərindən 400-dən artıq gənc daimi işlə təmin olunub. Təbii ki, bu gənclərin böyük bir hissəsi “ASAN Xidmət” Mərkəzlərində daimi işə götürülüb. Bununla yanaşı, Daxili İşlər Nazirliyinin, Vergilər Nazirliyinin və digər özəl və ictimai qurumların da bu işdə payı var”.
Cahangir Hacıyev müraciət qaydaları və şərtlər barədə ətraflı məlumat verib: “Həm internet vasitəsilə, həm də “ASAN Xidmət” mərkəzlərinə istənilən vaxt könüllülük proqramına qoşulmaq üçün müraciət etmək olar. Sənəd təqdim olunandan iki gün sonra müraciət edən şəxslə əlaqə saxlanılır və o, Mərkəzə dəvət olunur. Üç nəfərdən ibarət xüsusi komissiya həmin şəxslə söhbət aparır və uyğun olub-olmaması barədə məlumatlandırır. 16-25 yaş arası gənclər müraciət edə bilərlər. Burada təhsil vacib deyil. Orta məktəb və peşə kolleclərinin məzunları, tələbələr də müraciət edə bilərlər. “ASAN Xidmət” Mərkəzləri səhər saat 10-dan axşam 8-ə qədər işləyir. Könüllülük proqramı üzrə fəaliyyət göstərənlər 3 növbəli qrafiklə işləyirlər. Bu isə tələbələrin dərs prosesinə mane olmadan fəaliyyətinə imkan verir və gənclər nəzəri biliklərlə yanaşı, təcrübəyə də yiyələnirlər”.
Gənclərin könüllülük proqramı çərçivəsində əldə etdiyi biliklərin məzmunu və təlim mərhələlərindən danışan layihə rəhbəri “ASAN Xidmət”in uğurunda onların da payı olduğunu vurğulayıb: “Ümumilikdə “ASAN School” könüllülük proqramı iki mərhələdən ibarətdir. Master-1 adlanan birinci pillə iki ay ərzində gündə 3 saat olmaq şərtilə “ASAN Xidmət” Mərkəzlərində həyata keçirilir. Burada gənclər vətəndaşlara xidmət göstərirlər, ərizələrin doldurulmasında, sorğuların keçirilməsində iştirak edirlər. İndiyə qədər “ASAN Xidmət” Mərkəzlərinə 4 milyondan artıq vətəndaş müraciət edib və bunların 95 faizdən artığı göstərilən xidmətdən razı qalıb. Burada könüllülərin də payı böyükdür. Könüllülük proqramının 2-ci mərhələsi digər dövlət və ictimai qurumlarla birgə həyata keçirilir. İlk dəfə biz 2014-cü ilin yayında Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə bu işə start verdik. 8 həftəlik ikinci mərhələ artıq həmin dövlət qurumlarında həyata keçirilir. Master-1 mərhələsini keçmiş istənilən könüllü Master-2 mərhələsinə keçə bilər. Lakin burada qurumların tələbinə uyğun olaraq, təhsil də nəzərə alınır”.
Cahangir Hacıyevin sözlərinə görə, gənclər burada universal vərdişlərə və iş təcrübəsinə yiyələnir, müvafiq sertifikatlar əldə edirlər: “Gənclər fəaliyyətə başlamazdan öncə ilkin təlimlərə cəlb olunurlar. Təlimlərdə vətəndaş məmnunluğunun təmin olunması üçün etik davranış normaları, problemli hallarda özünü aparmaq qaydaları, vaxtın idarə olunması, qərarların verilməsi ilə bağlı həm nəzəri, həm də praktik biliklər verilir. Bu universal vərdişlər sayəsində gənclər sonradan istənilən qurumda xidmətlə bağlı işlərə cəlb oluna bilərlər. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Neft Fondu, banklar, otel şəbəkələri, qeyri-hökumət təşkilatları bizim bu sahədə əməkdaşlıq etdiyimiz qurumlardandır. Master-1 və master-2 mərhələsində bizim tərəfimizdən 1,2,3-cü dərəcəli sertifikatlar təqdim olunur. Master-1 mərhələsində hər 15 gündən bir qiymətləndirmə keçirilir və yekunda testlə imtahan verilir. Master-2 mərhələsinin sonunda da eyni qayda ilə təkcə bizim tərəfimizdən yox, həm də gənclərin fəaliyyətdə olduğu qurum tərəfindən imzalanmış sertifikat təqdim olunur”.
Fiziki imkanları məhdud gənclərin də layihəyə qoşula biləcəyini deyən qonaq işlə təminatla bağlı yeni layihə barədə də geniş danışıb: “ASAN könüllüləri arasında fiziki imkanları məhdud gənclərə də xüsusi yer verilir. Bu il martın 12-də Bərdə Regional “ASAN Xidmət” Mərkəzinin açılışı zamanı “ASAN kadr” layihəsi də təqdim olundu. Bu layihənin əsas məqsədi ASAN könüllüləri ilə işə götürənlər arasında körpü yaratmaqdır. Biz ASAN könüllülərinə tələbatı nəzərə alaraq gənclərin gələcək karyerasının inkişafına da dəstək olmağı qərara aldıq. Artıq asankadr.az portalına istənilən qurum üzv olub bizim kadr potensialımızdan istifadə edə bilər. Qurumlar orada öz tələblərinə uyğun kadr taparaq əməkdaşlığa dəvət edirlər”.
Seçimlərin ciddi şəkildə aparıldığını deyən Cahangir Hacıyev əsas prinsipin əhali məmnunluğu olduğunu vurğulayıb: “ASAN Könüllüləri proqramına qoşulmaq üçün ümumilikdə 10 mindən artıq müraciət daxil olub. 4 minə yaxın məzunun olması isə ciddi seçimin olmasını göstərir. “ASAN Xidmət” əhali ilə işləmək və xidmət sahəsində tamamilə yeni bir yanaşma ortaya qoydu. Bu gün nüfuzlu özəl qurumların könüllüləri işə cəlb etmək istəməsi sevindirici haldır. Gənclər təhsil alarkən yalnız nəzəri biliklərə yiyələnirlər. İş üçün müraciət etdikləri yerlərdə isə ilk olaraq iş təcrübəsi ilə maraqlanırlar. “ASAN Xidmət” mərkəzlərində əldə olunan universal təcrübə istənilən sahədə işə yarayır”.
Qonaq həmçinin ASAN Könüllülərinin həyata keçirdiyi sosial layihələrdən də danışıb: “2013-cü ilin dekabrında ASAN Könüllüləri Gənclər Təşkilatı quruldu. Bir il ərzində bu təşkilat 40-dan artıq layihəni reallaşdırıb. Ümumilikdə 1730 nəfər ASAN könüllüsü bu layihələrə cəlb olunub. Elə bu günlərdə həmin gənclərin təşəbbüsü ilə 2 saylı uşaq evində asan məktub layihəsi həyata keçirildi. Uşaqlar məktubda öz arzularını yazmışdılar. Təşkilat isə həmin uşaqların arzularını yerinə yetirməklə humanist bir aksiya gerçəkləşdirmiş oldu. Eyni zamanda həmin gənclərin təşəbbüsü ilə “İnnovativ İdarəetmə” layihəsi həyata keçirilir. Burada müxtəlif sahələrdə uğur qazanmış insanlar geniş platformada öz təcrübələrini bölüşürlər”.