Yaz depressiyası: İnsan yeni saat rejiminə neçə günə uyğunlaşır? – PSİXOLOQ RƏYİ
“Yaz depressiyası dediyimiz hal insan bədənində fizioloji dəyişikliklərlə bağlıdır. Bu depressiya insanın fizioloji problemlərini üzə çıxardır və nəticədə sinir gərginlikləri formalaşır. Havalar istiləşdikcə qan durulur, bu isə qan təzyiqinin artmasına səbəb olur, bütün orqanlar oyanır, payız və qış dönəmində gizli qalmış problemlər üzə çıxır. Bu isə periodik olaraq sinir sistemini yükləyir, insanlarda əsəb gərginliyi, depressiya, stress kimi problemlər yaranır. Bu hala ümumi olaraq yaz depressiyası deyirlər”. Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, psixoloq Tariyel Faziloğlu deyib.
Psixoloqun sözlərinə görə, payız dönəmində insan bədənində aktivlik aşağı düşür: “Hava soyuqlaşdıqca bədən ona uyğunlaşır, qan daha da qatılaşır, dövr etmə sürəti azalır, bədən lazımsız elementləri kənarlaşdırmır. Amma yaz dönəmində qanın durulması, qan tempinin artması nəticəsində, həmin lazımsız elementlərin bədəndən kənarlaşdırılması prosesi başlayır. Bu proses də nəticə etibarilə sinir sistemini yükləyir. Yaz depressiyasını hiss edən əsas yaş qrupları var. Yeniyetmələr bunu daha çox hiss edir, çünki onlarda orqanizm onsuz da dəyişiklik yaşayır və bu tip oyanma dəyişikliyi daha da sürətləndirir, orqanizmi daha da yükləyir. İkinci isə insanlar yaz depressiyasını böhran dönəmində daha çox hiss edirlər. Bir də 55 yaş üstündə olan şəxslər depressiyanın təsirini daha çox hiss edir, onlarda fizioloji problemlər daha çox hiss olunur. Əsasən sinir mərkəzinə yaxın olan, sinir sistemi ilə birbaşa əlaqəsi olan orqanlarda problem yaşayanlar da bunu daha çox hiss edirlər. Məsələn, infarkt keçirən adamlara məsləhət görülür ki, yaz dönəmində daha ehtiyatlı olsunlar. Qan damar sistemində problem olanlar bu məsələyə diqqətli olmalı, müayinədən keçməlidir”.
Psixoloq bildirib ki, yaz aylarında yeniyetmələrdə və müəyyən fizioloji problemləri olan insanlarda ürək döyüntüləri, soyuq tərləmələr, yorğunluq artır: “Yuxuya meyllilik bir az fərqlidir. Çünki oyanma dövründə qan dövranın daha da sürətlənməsi insanlarda müəyyən fizioloji, ürək damar sistemində yorğunluq yaradır. Bu da periodik olaraq mərkəzi beyin sisteminə öz siqnalını göndərir və beyin dincəlmək, özünü bərpa etmək üçün yuxu obrazını yaradır. Nəticədə insanlar daha çox yuxuya meylli olurlar”.
Tariyel Faziloğlu yaya vaxtına keçidin insanlar üçün yaratdığı problemlərdən də danışıb: “Yazda saatların əqrəbi bir saat irəliyə çəkilir. Nəticədə insanlar daha artıq istirahət edə bilir, saatların irəli çəkilməsinin yuxuya müsbət təsiri mənfi təsirdən çoxdur. Yuxu problemi qış vaxtına keçid zamanı yaranır. Saatların irəli deyil, geri çəkilməsi bir çox hallarda problem yaradır. İnsanların bəlli bir həyat tərzi, bioloji ritmləri, sosial adaptasiyası var. Biz bioloji və sosial adaptasiyanı standart bir formaya salırıq, özümüzdən asılı olmayaraq, qeyri-şüuri buna öyrəşirik və tabe oluruq. Saatın oynaması bu formanı dağıdır, onu yenidən qaydaya salmaq üçün 3 orqanımız bir neçə dəfə artıq işləmək məcburiyyətində qalır. Bunlar mərkəzi beyin sistemi, ürək-damar sistemi və mədə bağırsaq sistemidir. Saat dəyişmələri zamanı insanların gecikmələri çoxalır, yuxuya qalma halları artır. İşgüzarlıq aşağı düşür, çünki saatın oynaması köhnə saatdan təzə saata keçid, adaptasiya dönəmində gecikmələrlə müşahidə olunduğundan vaxtında görülməli işlər ləngiyir. Bu, tibb sahəsində, texniki sistemdə işləyən adamlarda özünü daha bariz göstərir. Yeni saata iki günə adaptasiya olmaq mümkün deyil. İnsanın fizioloji və psixoloji adaptasiya dönəmi var ki, bu, saat hesabı ilə 4-11 gün arası götürülür. Yeni saata iki günə uyğunlaşmaq mümkün deyil, çünki insanın bir şeyi qavrama müddəti 72 saatdır. Sonra 72 saat uyğunlaşma dövrü başlayır. Bu ən azı 6 gün edir, uyğunlaşma dövründən sonra sabitləşmə dövrü başlayır ki, bu da 5 gün çəkir. Bunlar beynəlxalq hesablamalardır”.
Psixoloq fəsil dəyişkənliyinə daha rahat adaptasiya olmaq üçün təmiz havada çox gəzməyi məsləhət görüb: “Vaxtında qidalanmaq, yüngül yeməklərə üstünlük verilməsi, alkoqol tərkibi olmayan içkilərin çox qəbul edilməsi lazımdır. Yaz dönəmində qazlı içkilərdən uzaq durmaq lazımdır, çünki bədən özündə olan artıq elementləri özündən atmağa çalışdığı bir dönəmdə, qazlı sudakı karbon qazı daha yüksək reaksiyaya girərək müəyyən problemləri sürətləndirir və bədəndən artıq maddələrin çıxmasını əngəlləyir. Alkoqola meylli insanların ürək - damar və mədə - bağırsaq sistemindən daha çox əziyyət çəkdiyi dövr yaz fəslidir”.