Ziyəddin Kazımov: “Qurd düşməyən, üzərinə milçək qonmayan meyvədən şübhələnmək lazımdır”
“Geni dəyişdirilmiş məhsulların standartının müəyyənləşdirilməsində boşluqlar var”. Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.
Qonaq insanın qəbul etdiyi qidaların tərkibində zülal, karbohidrat və yağ nisbəti qorunmasının vacibliyini önə çəkib: “1983-cü ildən sonra modifikasiya olunmuş, genetik cəhətdən dəyişdirilmiş ərzaq məhsulları yarandı. Hazırda ölkədə bu məhsulların satışının aparılması ilə bağlı suallar qarşısında çıxılmaz vəziyyətdə qalırıq. Azərbaycan Respublikası Nazirlər Kabinetinin bu barədə müvafiq qərarında göstərilir ki, ölkəyə idxal olunan məhsulların modifikasiya olunması barədə etiketlərdə qeyd aparılmalıdır, bu nəinki istehlakçının maraqlarını qoruyur, həm də ölkədə ərzaq təhlükəsizliyinin qorunması məqsədini daşıyır. Azərbaycan Respublikası Standartlaşma və Patentləşmə Komitəsinin nəzdində bunun müəyyənləşməsi üçün laboratoriya yaradılıb. Lakin təəssüf ki, bu sahədə boşluq mövcuddur. Nümunələrin kim tərəfindən götürüləcəyi, aşkarlanmış nöqsanlarla bağlı inzibati xətalar məcəlləsində müvafiq qaydada cərimə sanksiyalarının hansı qurum tərəfindən tətbiq olunacağı dəqiq müəyyənləşdirilməyib”.
Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri genetik modifikasiya olunmuş məhsulların analizi ilə bağlı da sual doğuran məqamların olduğunu deyib: “Genetik modifikasiya olunmuş məhsulların tərkibinin müəyyənləşdirilməsi ilə də bağlı instrumental metod və analizlərin aparılması üçün bu sahədə elmi tədqiqatlar aparılmalıdır ki, bu məhsullarda konkret olaraq hansı maddələr axtarılmalıdır. GMO məhsulların yaradılması və istehsalı müxtəlif məqsədlərə xidmət edir. Birinci məqsəd ticarət şəbəkələrində həmin məhsulların saxlanma müddəti uzadılmasıdır, ikinci, həmin məhsulların mövsümi xarakteri nəzərdə tutulur, məsələn, əvvəl qarpız, yemiş kimi məhsullar ildə bir dəfə yetişdirilirdisə, indi həmin məhsullara isə il boyu rast gəlmək mümkündür”.
Qonaq hal-hazırda GMO məhsullarının insan orqanizminə zərəri barədə konkret sübutun olmadığını dilə gətirib: “Bu məhsulların insan orqanizminə verə biləcəyi hər hansı bir ziyan və zərər Elmi-Tədqiqat İnstitutları tərəfindən araşdırılaraq sübut olunmalıdır. Bu məhsullar ilk dəfə dövriyyəyə çıxanda qlobal ölkələrdə əhalinin ərzaq məhsulları ilə təminatı ön plana çəkilmişdi və bu təminatla əlaqədar olaraq da bir qrup şəxslər tərəfindən modifikasiya olmuş ərzaqlar məhsullarının istehsalına başlanmışdı”.
Ziyəddin Kazımov geni dəyişdirilmiş məhsulların satışının qarşısını almaq üçün sərhəd keçid məntəqələrində laboratoriyaların olmasını məqsədəuyğun hesab edir: “Bu gün ölkəmizdə profilaktiki tədbirlər dövlət orqanları tərəfindən ancaq ticarət şəbəkələrində aparılmamalıdır. Sərhəd keçid məntəqələrində müvafiq qaydada laboratoriyalar fəaliyyət göstərilməlidir ki, hava, su və quru yolla ölkəmizə daxil olan məhsullarda genetik modifikasiya olunmuş maddələrin olub-olmaması barədə yerində araşdırılma aparıldıqdan sonra həmin məhsullar ölkəyə idxal olunmalıdır. Ticarət şəbəkələrində 0.009 milliqrama qədər genetik dəyişikliyə icazə verilən sahələr var. Nazirlər Kabinetinin müvafiq qərarında qeyd olunur ki istehlakçıların hüquqlarını qorumaqla yanaşı, dövlətin ərzaq təhlükəsizliyi məsələsi ön planda olmalıdır”.
Qonaq bizim iqlimə xas olmayan meyvə və tərəvəzlərin istifadəsinin məsləhətli olmadığın deyib: “Ticarət şəbəkələrində əvvəllər görüb eşitmədiyimiz, bizim iqlimə uyğun olmayan meyvələrin olması doğru hal deyil. Hətta bazarda elə meyvə və tərəvəz var ki, onun üzərinə milçək də qonmur və yaxud 20 dərəcə temperaturda xarab olan məhsullar 40 dərəcə temperatura qədər dözür”.
Son günlər internet şəbəkələrində geniş müzakirələrə səbəb olan broyler toyuqlarına əlavə maddələrin yeridilməsi ilə bağlı iddialara Ziyəddin Kazımov öz münasibətini bildirib: “Bütün yerli fermer təsərrüfatlarında baytar və sanitar nəzarət həyata keçirilir ki, bu zaman yem məhsullarından tutmuş, idxal və ixrac prosesinə qədər sahələrə ciddi yoxlanılır. “Youtube”də yayılmış kadrlar həqiqətə uyğun olmasa da, insanlarda müəyyən şübhələr yaradır. Əslində, kəsilmiş toyuğa hər hansı mayeni yeritməklə çəkisinin artırılması heç bir həqiqətə uyğun deyil. Hər hansı sahibkar məhsulun çəkisini artırmaq məqsədi güdürsə, bunun üçün qidaya vitaminlərin qatılması ilə nəticə əldə etmək mümkündür”.
Qonaq əhalinin toyuq və toyuq məhsulları alarkən diqqət yetirməli olduğu məqamlara aydınlıq gətirib: “Əhali özü də diqqətli olmalıdır. Əgər satılan toyuğun ətində, sümüklərində qaralma, ətin sümükdən tez ayrılması müşahidə olunursa, mütləq burda vətəndaşlarımız çəkinmədən birbaşa həmin yerlərə və dövlət qurumlarına müraciət etməlidirlər. Qanunvericilikdə istehlakçıların hüquqlarının qorunması nəzərdə tutulur, sanitar epidemioloji sağlamlıq haqqında, qida məhsullarının keyfiyyəti haqqında qanunlar var. Bu qanunların hər birində vətəndaşlarımızın yaşamaq, rifahını yaxşılaşdırmaq hüquqları var, amma vətəndaşlarımız bu hüquqlardan kifayət qədər istifadə etmirlər. Sovet dövründə alıcıların seçim imkanı yox idi, lakin bu gün alıcılarımız istədiyi vaxt, ürəyi istədiyi çeşiddə ərzaq məhsulları arasında seçim edə bilər, təəssüf ki, biz məhz bu seçim zamanı uduzuruq, ondan düzgün istifadə etmirik”.
Əhalinin daha çox yerli məhsullara üstünlük verməsini tövsiyə edən Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri məhsulların saxlanma şəraiti və müddətinin də əhəmiyyətini xüsusi qeyd edib: “Alıcılar tez xarab olan süd və süd məhsulları, ət və ya ət məhsulları alırsa, birinci növbədə həmin yerlərdə soyuducuların işləməsinə diqqət yetirməlidir. Eyni zamanda, etiketdə tez xarab olan məhsulların saxlama müddəti də qeyd olunur. Bu qeydlərə də diqqətli olmaq lazımdır. Ümumiyyətlə, yaxşı olar ki, vətəndaşlarımız yerli meyvə və tərəvəz məhsullarına, ət, süd məmulatlarına üstünlük versinlər”.