Nabil Seyidov: “Qadınların əksəriyyəti aborta təhrik olunur” - SELEKTİV ABORTLAR

“İstənilən abortda ölüm riski var. Abort qadının hüququdur, lakin təəssüf ki, selektiv abortlar çox vaxt ataların istəyi ilə həyata keçirilir”. Bu fikirləri APA TV-də efirə gedən “Sosium” proqramının qonağı  İctimai Səhiyyə və İslahatlar Mərkəzinin eksperti, həkim Nabil Seyidov deyib.

 

Hazırda selektiv abortların artmasının daha çox əhalinin seçimi olduğunu deyən qonaq, buna səbəb olan amillərdən də danışıb: “Selektiv abortlar çox ciddi problemdir, bu ölkənin həm demoqrafik vəziyyətinə, həm genofondun qorunmasına, həm də əhalinin cins tərkibinə təsir edir. Dövlətin demoqrafiya sahəsində həyata keçirdiyi müxtəlif proqramlar göstərir ki, əslində genofondun və demoqrafik vəziyyətin sabit olmasına, qorunmasına böyük maraq göstərilir. Lakin təəssüflə qeyd etməliyik ki, hal-hazırda Azərbaycanda selektiv abortlar var. Bu, birinci növbədə əhalinin öz seçimidir, buna təsir edən amillər cəmiyyətdə mövcud olan yanaşmalar, stiqmalar, müxtəlif stereotiplər və eyni zamanda, maariflənmənin bir qədər zəif olmasıdır”.

 

Nabil Seyidov Azərbaycanda Reproduktiv Sağlamlıq haqqında Qanunun ləngiməsinin surroqat ailə məsələsi ilə bağlı olduğunu deyib: “Milli Məclisdə "Reproduktiv sağlamlıq haqqında" qanunun qəbul edilməsinə əngəllərdən ən mühümü surroqat ailə ilə bağlıdır. Selektiv abortlara gəldikdə isə, bu, çox vaxt ananın yox, atanın seçimi olur.  Burada söhbət oğlan və qızdan yox, uşaqların düzgün normal şəxsiyyət kimi yetişdirilməsindən gedir, əsas məsələ odur ki, cinsindən asılı olmayaraq, uşaq ailəsinə və cəmiyyətə faydalı bir insan kimi yetişsin”.

 

Həkim abortların qadın orqanizmi üçün də zərərli olduğunu deyib: “Hər bir abort sonsuzluğa səbəb ola bilər, bundan başqa, qanaxma, infeksiya, ölüm riskləri də istisna olunmur. Əlbəttə, abort qadının hüququdur. Lakin uşağı məhz qız olduğuna görə abort edənlər dərindən fikirləşməlidirlər ki, bunu nəyə görə edirik”.

 

Ekspert abortlarla bağlı Səhiyyə Nazirliyinin müvafiq göstərişlərinin də selektiv abortların qarşısını ala bilmədiyini deyib: “Abortlarla bağlı Səhiyyə Nazirliyin müvafiq göstərişinə görə, müəyyən dövrdən sonra həyata keçirilən abortlar üçün mütləq tibbi göstəriş olmalıdır. Bu həkimlərin qanunsuzluğa yol verməməsi üçündür. Lakin həmin göstərişdən kənar abortlar da, təəssüf ki, hələ də olur. Ultrasəs müayinəsi ilə 14 həftəyə qədər cinsiyyəti müəyyənləşdirmək mümkündür, əksər qadınlar da bundan istifadə edərək abort edirlər. İnzibati  yolla bunun qarşısını almaq çox çətindir. Burda ilk növbədə həkimlərin üzərinə düşən iş həmin qadınları və onların ailəsini maarifləndirməkdir”.

 

Qonaq maarifləndirmə tədbirlərinin effektini artırmaq üçün təkliflərini də səsləndirib: “Biz həmişə gecikirik, 30-40 yaşında insanlarla işləməyə başlayırıq. Maarifləndirməyə kiçik uşaqlardan başlamalıyıq, bu təbliğat IX, X, XI siniflərdən başlanmalıdır, məhz bu yaşda Azərbaycanda ailə ruhu, ailədə böyümə, ailə yaratma, həyat qurma barədə fikirlər formalaşır. Tələbələr arasında da bu cür tədbirlər daha intensiv keçirilməlidir”.

 

Nabil Seyidov selektiv abortların homoseksuallıqla əlaqəsi ilə bağlı səslənən fikirlərə də münasibət bildirib: “Bu yaxınlarda ABŞ alimləri belə bir tədqiqat aparıblar və insan beynində cinsi oriyentasiyanı müəyyən edən zonaların olduğunu aşkar ediblər, bu isə o deməkdir ki, bu birbaşa orqanik bir məsələdir. Düzdü, insanın münasibətləri formalaşdıqda hansısa təsirə məruz qalması onun cinsi meylliliyinə təsir göstərə bilir. Selektiv abortların cəmiyyətdə homoseksuallığa meylin artmasına səbəb olduğuna dair heç bir məlumat yoxdur”.

 

Ekspert cəmiyyətdə cinsi tarazlığın pozulmasının ailədaxili münaqişələr və cəmiyyətdə artan aqressiya ilə də birbaşa əlaqəsi olduğunu deyib: “Məişət zorakılığı, qadınlara qarşı zorakılığın kökündə məhz cinslər arasında tarazlığın pozulması durur. Hələ uşaqlıqdan oğlan və qız uşaqları bir-biri ilə ünsiyyət qurmağı bacarmalıdır. Əks cinslə düzgün, sağlam münasibətlərin qurulması bağçadan, məktəbdən başlayır”.

 

Abortun qadın orqanizmi üçün yaratdığı təhlükələrdən danışaq həkim bu prosedurun heç də sayıldığı kimi yüngül olmadığını deyib: “Əslində, abort cərrahi əməliyyat sayılmır, lakin burada toxumalara müdaxilə olunur. Bu zaman hətta ölümlə nəticələnən infeksiyalar ola bilər, qanaxma, daxili orqanların zədələnməsi, hətta cırılması baş verə bilər. Bundan əlavə, istənilən halda, abort qadın üçün psixoloji zədədir. Bu zaman həyat yoldaşları arasında psixoloji ziddiyyətlər yaranmağa başlayır. Çanağın iltihabı abortlardan sonra infeksiyanın nəticəsində yaranır ki, bu da sonsuzluğa gətirib çıxarır. Abortun ağrısı ağrı özlüyündə patoloji bir prosesdir və bu ağrı xeyli müddət davam edir. Müqayisə üçün deyim ki, abort kor bağırsaq əməliyyatından daha ağırdır”.

 

Nabil Seyidov abortların həyata keçirilməsi üçün müəyyən olunan beynəlxalq standartların da əhəmiyyətini vurğulayıb: “Səhiyyə Nazirliyinin və Ümumdünya Səhiyyə təşkilatının abortlarla bağlı həkimlər üçün müəyyənləşdirdiyi təlimatlar var. Abortların konservativ yolla, yəni həblər vasitəsilə edilməsi və daha gec həftələrdə xüsusi vakuum cihazları ilə icra edilməsi məqsədəuyğundur. Mümkün qədər cərrahi yolla abortlardan qaçmaq lazımdır, çünki bunun neqativ fəsadları daha çoxdur. Ev şəraitində abortların aparılması qətiyyən yol verilməzdir. Düzdür, son on il ərzində bu, xeyli azalıb, amma təəssüf ki,  müxtəlif səbəblərə görə baş verir. Azərbaycanda əvvəlki illərdə ana ölümlərinin bir qisminin səbəbi məhz evdə qeyri-qanuni yolla aparılmış abort nəticəsində baş vermiş qanaxma, infeksiya olub. Bəlkə də indi də belə hallar olur, lakin bizim xəbərimiz yoxdur”.

 

Ekspert hazırkı demoqrafik proseslərin Azərbaycan əhalisinin yaşlanmasına səbəb olacağını bildirib: “Azərbaycan əhalisi Amerika və Avropa ilə müqayisədə gənc əhali sayılır, lakin 40-50 il əvvəl ilə müqayisə etsək, Azərbaycanda çoxuşaqlı ailələrin sayı kəskin şəkildə azalıb, xüsusilə

 böyük şəhərlərdə. Əhalinin urbanizasiya sürətini və işğal olunmuş torpaqlarımızdan gələn əhalinin şəhərlərdə yaşadığını nəzərə alsaq, bu proses əhalinin yaşlanmasına səbəb ola bilər. Dövlət tərəfindən çoxuşaqlılığa təşviq istiqamətində müvafiq tədbirlər daha  intensivləşməsə, bu demoqrafiyaya təsir göstərəcək”.

Müəllif | Apa.Tv
Apa.tv