Turizm üzrə ekspert:“İş adamları ov heyvanlarının artırılmasına maraqlı olmalıdırlar”

 "Ərəb turistlərin Azərbaycana marağından faydalanmaq lazımdır" 

 

“Son vaxtlar ərəb ölkələrindən olan turistlərin Azərbaycana marağı artır. Əgər ərəb turistlər Azərbaycanda ov etməyə maraq göstərirlərsə, iş adamlarımız yaxşı pul qazanmaq üçün bu ov heyvanlarının artırılmasına maraqlı olmalıdırlar”. Bu fikirləri APA TV-də efirə gedən “Sosium” proqramının qonağı turizm üzrə ekspert Pərviz Musayev deyib.

 

İstirahət üçün Azərbaycana üz tutan turist sayının ildən ilə artdığını deyən ekspert bu tendensiyanı inkişaf etdirməyin yollarından danışıb: “Azərbaycanın xaricdən turist cəlb etmək üçün kifayət qədər potensialı var. Sadəcə, bu imkandan düzgün istifadə etmək lazımdır. Ölkəyə turist cəlb etmək ilk növbədə, iqtisadi maraqlara xidmət edir. Artıq Avropa ölkələrindən, ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı artır. Bu sayı artırmaqda ilk növbədə, viza rejiminin yüngülləşdirilməsi əsas rol oynayır. Azərbaycanda viza alınması elektron yolla həyata keçirilir. Hər bir turist asanlıqla elektron viza ala bilər. Bundan əlavə, başqa ölkələrdən Azərbaycana birbaşa uçuşların olması da əsas amillərdən biridir. Turistlər tranzit reyslərdən istifadə etmək istəmirlər və birbaşa uçuşlara üstünlük verirlər. Biz hansı ölkələrin vətəndaşlarının Azərbaycana turist kimi maraq göstərdiyini nəzərə alaraq, həmin ölkələrlə birbaşa reyslərin olmasına səy göstərməliyik”.

 

Pərviz Musayev son vaxtlar ərəb ölkələrindən turistlərin Azərbaycana marağının artdığını deyib: “Son 4-5 ayda Azərbaycana ərəb ölkələrindən turist axını var. Bəzi mətbuat orqanları və sosial şəbəkələrdə də bu, geniş  müzakirələrə səbəb oldu. Bu, belə informasiyaları yazanların bu sahədə qeyri-peşəkarlığına dəlalət edir. Hər bir əcnəbi turistin Azərbaycana gəlməsi ölkə büdcəsinə vəsait daxil olması deməkdir. Əgər ərəb turistlər Azərbaycanda ov etməyə maraq göstərirlərsə, bizim iş adamlarımız yaxşı pul qazanmaq üçün bu ov heyvanlarının artırılmasında maraqlı olmalıdır. Ərəblərin Azərbaycana daha çox üstünlük verməsinin digər bir səbəbi isə, bizim eyni dini etiqada malik olmağımızdır. Bütün bunları nəzərə alaraq, biz öz qonaqpərvərliyimizi ərəblərə elə təqdim etməliyik ki, onlar ikinci, üçüncü dəfə də ölkəmizə üz tutsunlar”.

 

Qonaq Azərbaycandan xaricə aviabiletlərin bahalığına da toxunub: “Azərbaycandan xaricə biletlərin bahalığı da çox müzakirələrə səbəb olur. Əlbəttə, istənilən halda, bahalaşma yaxşı qarşılanmır, lakin bu, Azərbaycan daxilindən xaricə turist axınının azalmasına səbəb olur. Daxili turizm bazarında həm bu fürsətdən istifadə etməklə, həm də qiymətlərdə endirim etməklə yerli turistləri cəlb edə və bununla da eyni zamanda ölkədaxili kapital dövriyyəsini təmin edə bilərlər”.

 

Pərviz Musayevin fikrincə, bu il ilk dəfə ölkəmizdə keçiriləcək Avropa Oyunları həm də Azərbaycanın turistlərə təqdimatı üçün yaxşı fürsətdir: “Azərbaycana ilk dəfə səfər edən xarici vətəndaşlar buradan müsbət təəssüratla ayrılarlarsa, bu onların növbəti dəfə də ölkəmizə turist qismində üz tutmasına imkan verəcək. Ona görə də hər bir Azərbaycan vətəndaşı xaricilərə vətənimizi layiqincə tanıtmağı bacarmalı və buna çalışmalıdır”.

 

Yerli turizmin çatışmazlıqlarından da danışaq qonaq bunların aradan qaldırılması üçün təkliflərini səsləndirib: “Azərbaycan turizmində əvvəlki illərə nisbətən inkişaf və yaxşılaşma göz qabağındadır. Lakin digər turizm ölkələri ilə müqayisədə, Azərbaycanda xidmət keyfiyyəti aşağıdır. Bunu etiraf etmək lazımdır. Kadr potensialını yaxşılaşdırmaq üçün biz xaricdən bu sahədə ixtisaslaşmış yüksək səviyyəli kadrları universitetlərimizə, turizm kolleclərinə dəvət etməliyik ki, onlar öz təcrübələrini bölüşsünlər. Bundan əlavə, həmin kadrları başqa ölkələrin turizm obyektlərinə təcrübə kurslarına göndərmək olar”.

 

Turizm üzrə ekspert Azərbaycana maraq göstərən ölkələrin adlarını açıqlayıb: “Statistikaya görə, hazırda Azərbaycana ən çox Rusiyadan, İrandan daha çox axın var, bunun müəyyən faizi həmin ölkələrdə yaşayan soydaşlarımızdır. Ərəb ölkələrindən turist axını son illər çoxalıb. Ərəblərin Azərbaycana gəlməyi müsbət amillərdən biridir, çünki ərəb ölkələri güclü iqtisadiyyata malikdir. Ərəb turistlər Azərbaycana gəldikdə istirahət edərək pul xərcləyirlər və bu vəsait Azərbaycan büdcəsinə daxil olur. Ərəblər Azərbaycana əsasən köçəri quşları ovlamağa gəlirlər, Azərbaycanda bununla bağlı çox gözəl ərazilər var. Plantasiyalar yaradıb bu quşların sayını artırmaq olar ki, gələcəkdə bu sahədə qıtlıq olmasın turist sayının da artırılmasına öz faydasını versin”.

 

Ekspert son illər qış turizminin də inkişafını müsbət hal hesab edir: “Son vaxtlar Azərbaycanda

qış turizmi də Şahdağ, Qəbələ və Qusar regionlarında çox gözəl şəkildə inkişaf etdirilir. Lakin biz daha çox yay turizminin inkişafına diqqət yetirməliyik. Həmin regionlarda yay turizmi üçün də işlər görmək lazımdır ki, qış aylarından çıxdıqdan sonra gözləmə mövqeyində qalmasınlar. Qışda Quba və Qusarda olan istirahət mərkəzlərimizi hansısa formada yay turizminə də hazırlamalıyıq ki, yayda da ora Azərbaycan vətəndaşları və xarici vətəndaşlar cəlb olunsun”.

 

Pərviz Musayev turizmin imkanlarından milli maraqların təbliğatı üçün istifadə etməyin də əhəmiyyətindən danışıb: “Azərbaycana gələn turistlərə öz tariximiz haqqında, işğal olunmuş ərazilərimiz haqqında müəyyən məlumat vermək lazımdır. Biz ərazimizin 20 faizinin və oradakı abidələrin işğal altında olmasını turistlərə ümumi şəkildə çatdırmalıyıq. Bu bizim üçün çox gözəl bir fürsətdir. Bunun üçün də hər bir vətəndaşımız da bu haqda məlumatlı olmalıdır. Turist dükandakı satıcı ilə, yoldakı adi bir vətəndaşla da ünsiyyətdə ola bilər, verdiyi suala hamıdan eyni cavab almalıdır, fərqli cavablar turistdə şübhələr yarada bilər”.

 

Azərbaycanlıların istirahət üçün daha çox qardaş Türkiyə dövlətini seçdiyini deyən qonaq son vaxtlar Avropa ölkələrinə də, BƏƏ ölkələrinə də daxili turist axınının artdığını bildirib: “Daxili turizmi inkişaf etdirmək üçün biz ilk öncə hansı ölkələrdən Azərbaycana birbaşa hava reyslərinin və yaxın uçuşların olmasına diqqət yetirməliyik. Məsələn, BƏƏ-dən Azərbaycana birbaşa uçuşlar var. Qətər, Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyndən də Azərbaycana turistlər gəlir. Daxili turizmi inkişaf etdirməkdə qiymət əsas amillərdən biridir, həmçinin xidmət sahəsinə çox önəm vermək lazımdır, çünki müştəri məmnun olmadıqda ikinci səfər turizm obyektinə üz tutmur. Müştəri istəyir ki, onun üçün həmişə, hər şey yüksək səviyyədə olsun, buna görə də müştərini maksimum qane etmək lazımdır”.

Müəllif | Apa.Tv
Apa.tv