Nəsib Quliyev: “Qızılcaya tutulmayan istənilən adamı peyvənd etmək lazımdır”
“Azərbaycanda uşaqların peyvəndə cəlb olunması əhali arasında yoluxucu epidemiyaların qarşısını almağa xidmət edir”. Bu fikirləri APA TV-də efirə gedən “Sosium” proqramının qonağı, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev deyib.
Onun sözlərinə görə, dünya tarixində indiyə qədər peyvəndə alternativ heç nə kəşf olunmayıb: “Hələ VII əsrdə Orta Asiya, Hindistan və Çində təbii çiçəyə, ilan zəhərinə qarşı peyvəndlər məlum idi. Bu gün Azərbaycanda peyvənddən yayınmanın qarşısını almaq üçün dövlət tərəfindən çoxsaylı tədbirlər həyata keçirilir. 2013-cü il martın 5-də Azərbaycanda “Uşaqların məcburi dispanserizasiyası haqqında” qanun qəbul olundu və həmin il aprelin 10-da ölkə prezidentinin sərəncamı ilə bu qanun qüvvəyə mindi. Qanuna görə, uşaqların peyvənd olunması üçün tibb işçiləri ilə yanaşı valideynlər məsuliyyət daşıyırlar, uşağı peyvənddən yayındıran valideyn yazılı şəkildə tibb müəssisəsinə izahat verib, səbəbləri əsaslandırmalıdır. Azərbaycanda əhalinin peyvəndə cəlb olunma 95-98 faiz arasındadır. Məhz bunun nəticəsidir ki, son 10 ildə Azərbaycanda heç bir yoluxucu xəstəliyin epidemiyası halı qeydə alınmayıb. Ukraynada, Rusiyada, Polşada tez-tez belə epidemiyalar baş verir. Məsələn, keçən il Ukraynada qızılca yayılmışdı”.
Nəsib Quliyev peyvənddən yayınma halları zamanı əsas məsuliyyətin valideynlərin və tibb işçilərinin üzərinə düşdüyünü qeyd edib: “Peyvənddən yayınmalarda əsas məsuliyyətli tərəf valideynlərdir. Bunun səbəbi əsas məlumatsızlıq, övladının sağlamlığına etinasızlıq, peyvəndin əhəmiyyətini dərk etməmək, şayiələrə inanmaqdır. Əlbəttə, burada tibb işçiləri və eləcə də jurnalistlərin də rolu var. ABŞ-da Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Mərkəzi (CDC) müəyyənləşdirib ki, keçən 100 il ərzində dünyada tibbin ən böyük nailiyyəti peyvəndlərin tətbiqidir. Mərkəzin araşdırmasına görə, hər il məhz peyvəndin köməyi ilə 3 milyon uşağın həyatı ölümdən xilas edilir. Məsələn, difteriya xəstəliyi 10-45 faiz hallarda ölümlə nəticələnir. 1992-1993-cü ildə Azərbaycanda difteriya xəstəliyi yayılmağa başladı. Bunun səbəbi isə Sovet İttifaqının son illərində ölkədə vaksinlərin çatışmazlığı ilə bağlı idi. Peyvənd olunmayan uşaqlarda bir-iki il sonra xəstəliyə qarşı həssaslıq artdı. Artıq 2001-ci ildən Azərbaycanda poliomielit xəstəliyinin tam eliminasiyasına nail olunub. Peyvəndin köməyi ilə dünyada təbii çiçək xəstəliyinin kökü tam kəsilib. 2005-ci ildən Azərbaycanda qızılca və qızılca-məxmərək xəstəliklərinin tam eliminasiyası üçün tədbirlər görülür”.
Azərbaycanda dövlət proqramına əsasən tətbiq olunan peyvənd proqramı barədə geniş məlumat verən qonaq gələcəkdə peyvənd sayının artacağını da bildirib: “Bu gün Azərbaycanda 11 xəstəliyə qarşı peyvənd həyata keçirilir. Bunlardan 3 xəstəliyə qarşı peyvənd uşaqlarda doğulandan sonrakı üç həftə ərzində vurulur. Uşaq doğulan gün “B” virusu hepatitinə qarşı, 4-7-ci gündə isə vərəm və poliomielitə qarşı peyvənd vurulur. İki aylıq müddətdə uşağa 5 xəstəliyə - difteriya, göy öskürək, tetanus, pnevmokok, hemofil çöplərinə qarşı vaksın vurulur. 1 yaşında uşaqlar qızılca, məxmərək və parotitə qarşı peyvənd olunur. Bundan sonrakı dövrlərdə, revaksinasiya, yəni peyvəndin möhkəmləndirilməsi həyata keçirilir. Qeyd edim ki, dünyada ən çox peyvənd olunan ölkədə 13 xəstəliyə qarşı peyvənd proqramı həyata keçirilir. Bu siyahıda bizdə olan peyvəndlərdən əlavə meningit və suçiçəyinə qarşı peyvənd də var”.
Həkim övladını peyvənddən yayındıran və ya peyvənd müddətini gecikdirən valideynlərə də məsləhət verib: “Peyvəndin zamanının keçməsi xəstəlik riskinin çoxalması deməkdir. Peyvənd etmək heç bir zaman gec deyil. Valideynlərə məsləhətim budur ki, öz sahə pediatrlarına müraciət etsinlər, həkimin məsləhəti ilə hansı yaşda hansı peyvəndlər mümkündürsə, onlar edilsin. Pnevmokoklara qarşı peyvənd iki yaşa qədər vurulmalıdır, bu yaşdan sonra artıq əhəmiyyəti yoxdur. Göy öskürəyə qarşı 2-3 yaşından sonra peyvənd olunmur, çünki həmin yaşa qədər uşaq mütləq göy öskürək çöpləri ilə kontaktda olur. Yaşından asılı olmayaraq, peyvənddən yayınmış, kənarda qalmış uşaqlar varsa, onlar həkimə müraciət edərək peyvənd olunmalıdırlar. Qızılca peyvəndinin yaşı yoxdur, qızılcaya tutulmayan istənilən adamı peyvənd etmək lazımdır”.
Baş pediatr qripə qarşı peyvəndin uzun müddətli müdafiə qabiliyyəti olmadığını bildirib: “Qrip peyvəndi xəstəlikdən tam və daimi qorunmağı təmin etmədiyinə görə məcburi deyil. Qripin 13 növ virusu var, dünyanın heç yerində bunların hamısına qarşı peyvənd yoxdur. Digər tərəfdən, qrip peyvəndi 6 aydan bir ilə qədər müddət ərzində təsirlidir, bu müddət ərzində qripi yaradan virusun genində mutasiya baş verir, artıq bizim əlimizdə olan peyvənd o virusa effekt vermir”.
Nəsib Quliyev peyvəndlərin yan təsirlərinin xəstəliyin fəsadı ilə müqayisədə əhəmiyyətsiz olduğunu bildirib: “İstənilən peyvəndin yan təsiri ola bilər, preparat bədənə yeridilirsə, qızartı, temperatur, şişkinlik kimi cavab reaksiyası ola bilər, amma bu, ağır fəsad deyil. Hazırda tətbiq olunan vaksinlər müasir texnologiya ilə hazırlanır. Bir vaxtlar əhalidə AKDS vaksininə qarşı xof vardı. Onun tərkibində əvvəllər canlı göy öskürək çöpləri və yaxud viruslar olurdu. Lakin indi bu vaksin canlı orqanizmin immunitet yaradan antigen hissəsindən hazırlanır. Bu isə əvvəllər müşahidə olunan yan təsirin sıfıra enməsinə imkan verir”.
Baş pediatr dövlət və özəl tibb müəssisələrində vurulan peyvəndlərin keyfiyyətində heç bir fərq olmadığını vurğulayıb: “Dünyada istehsal olunan bütün vaksinlərin istehsalına Ümumdünya Səhiyyə Təşkilatının ekspert qrupları nəzarət edir. Ona görə də heç kəs peyvəndlərin keyfiyyətinə şübhə etməsin. Biz özəl tibb müəssisələrində uşaqların peyvənd olunmasına etiraz etmirik”.
Həkim peyvənd olunmağın hansı hallarda tövsiyə edilmədiyi barədə məlumat verib: “Peyvəndə əsas əks göstəriş qazanılmış immun çatışmazlığı, anadangəlmə immun çatışmazlığı olan uşaqlara aiddir. Belə uşaqlara vurulacaq peyvəndlər həkim tərəfindən müəyyənləşdirilir. İkinci əks göstəriş onkoloji xəstəliklərin müalicəsi məqsədilə kimyaterapiya qəbul edilməsidir. Belə uşaqlar da peyvənd olunmur, yəni peyvəndin vaxtı dəyişdirilir. Qalan hallarda uşaqların peyvənd olunmasının birbaşa əks göstəriş yoxdur. Müvəqqəti xəstəliklər zamanı peyvəndin vaxtı pediatr tərəfindən dəyişdirilə bilər”.
Nəsib Quliyev peyvənddən əvvəl və sonra müəyyən dərman preparatlarının qəbuluna da toxunub: “Sağlam uşağı peyvəndə hazırlamaq üçün heç bir iş görülmür, amma problemi olan uşaqlar müəyyən hazırlıqdan sonra peyvənd edilə bilər. Peyvənddən sonra evdə istifadə etmək üçün hərarətə, allergiyaya qarşı dərman olmalıdır”.